Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ölkəmizdə folklorşünaslığın inkişafında mühüm xidmətləri olan alim
20.04.2025 15:36
  • A-
  • A
  • A+

Ölkəmizdə folklorşünaslığın inkişafında mühüm xidmətləri olan alim

Bu gün görkəmli folklorşünas alim, folklor toplayıcısı, tərtibçisi, naşiri, folklor tarixçisi, nəzəriyyəçisi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin doğum günüdür.

Azad Mövlud oğlu Nə­bi­yev 20 aprel 1945-ci ildə Quba rayonunun İkin­ci Nügədi  kən­din­də anadan olmuşdur. 1963-1967-ci il­lər­də Azərbaycan Dövlət Uni­­­ver­si­te­ti­nin (indiki Bakı Dövlət Universiteti) Fi­lo­lo­giya fa­kül­tə­sinin jur­na­lis­tika şöbəsində təh­sil al­mış, 1968-ci il­də həmin uni­versitetin aspi­ran­­turasına qə­bul edil­mişdir.

1972-ci ildə namizədlik, 1981-ci ildə dok­­torluq dissertasiyası müdafiə et­miş, 1982-ci ildə professor elmi adını al­mışdır. 2001-ci ildə Azərbaycan Milli Elm­lər Aka­de­mi­yasının müxbir üzvü se­çil­mişdir.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəş­riyyatında redaktor kimi başlamış (1967-1974), bir müddət sonra “Gənclik” nəşriy­ya­tın­da redaksiya müdiri (1974-1976) olmuşdur. 1997-ci ildə Beynəl­xalq Ekoenergetika Aka­demiyasının akademiki, 1999-cu ildə Azər­­­­­baycan Yazıçılar Birliyi­nin üzvü seçil­miş­­dir.

A.Nəbiyev 1976-1989-cu illərdə Azər­­­­baycan Dövlət Universitetinin Filolo­giya fa­kül­təsində müəllim, baş müəllim, professor vəzi­fə­lərində çalış­mışdır. Azərbaycan şifahi xalq ədə­biy­yatı kafedrasına uzun müd­dət rəh­bər­lik etmişdir. Bakı Dövlət Universitetinin nəşr etdiyi “Folklorşünaslıq mə­sələləri” jur­na­lının baş redak­toru ol­muşdur. Görkəmli alim  2000-ci ildə Əməkdar müəl­lim fəxri adını al­mışdır.

A.Nəbiyev uzun müddət AMEA-nın Hu­ma­­nitar və İctimai Elmlər Böl­məsi Büro­su­nun və AMEA-nın Folklor İnstitutunun Elmi şurası­nın üzvü, “Folklor­şü­nas­lıq” ixti­sa­sı üzrə Respub­lika Elmi Tədqiqatların Təş­kili və Əla­qə­lən­dir­ilməsi Şurasının sədri kimi Aka­de­­miya­nın elmi-təşkilati faəliy­yətin­də aktiv iş­­tirak et­mişdir.

Alim 200-dən artıq elmi əsərin, o cümlədən folklorumuzun ayrı-ayrı sahələ­ri­ni əhatə edən 40-dan artıq monoq­rafiyanın müəl­lifidir. Onun 15-dən artıq top­lama və tər­tib kitabı folklor­şünaslar üçün mühüm qay­naq­lar sı­ra­sın­dadır. Alimin ali məktəblər üçün dərs və­sa­iti kimi nəzərdə tutulmuş irihəcm­li və əha­təli əsər­ləri bu gün də folklorşünaslıq üz­rə əsas tədris kitablarından hesab olunur.

A.Nəbiyevin folklorun və ədə­biy­­ya­tın müxtəlif sahələrindən, mə­dəniy­yət tari­xi­mi­zin və azərbaycançılığın aktual məsə­lə­lə­rin­dən bəhs edən yazılarında milli-mənəvi də­yər­­lərə, etnik tarixə, qloballaşma mə­­sə­lə­lə­rinə və s. ciddi elmi müna­si­bət özünü gös­tərir. Onun əsərləri Azərbaycan folklo­­run­da əbədi­lə­­şən milli dövlətçilik tarixi, yeni və ən yeni tarixi­mi­zin müx­təlif prob­­lemlərini əks etdirmək baxı­mın­dan xüsu­si əhə­miy­yətə malikdir. Azərbaycanla Or­ta Asi­­ya xalq­larının folklor əlaqələ­rinin təd­qiqi is­tiqa­mət­ində ciddi əsərləri olan A.Nə­bi­yev 1980-ci illərdə Sovetlər Birliyi mə­ka­nında fol­k­lor əlaqələri sahə­sin­də ta­nın­mış təd­­qi­qat­çı­lardan biri hesab olu­nur­du.

Onun elmi rəhbərliyi altında 5 elm­lər doktoru və 20-dən artıq fəlsəfə dok­toru yetişmişdir.

AMEA-nın müx­bir üzvü Azad Nəbi­yev 13 fev­ral 2012-ci ildə Bakı şəhərində vəfat etmiş və Qubanın II Nügədi kəndində dəfn edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: