Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2024 12:20
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı Əziz Sancarın mətbuat konfransı keçirilib

Nobel mükafatı laureatı Əziz Sancarın mətbuat konfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancarın mətbuat konfransı keçirilib.

KİV nümayəndələrinin suallarını cavablandıran Əziz Sancar ölkəmizdə olmaqdan məmnunluq duyduğunu deyib, göstərilən yüksək diqqətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Dünya şöhrətli alim Azərbaycan haqqında təəssüratlarını aşağıdakı kimi ifadə edib: “Azərbaycana ilk gəldiyim zaman Qarabağ işğal altında idi. Bütün danışıqlarımızda bu məsələ hər kəsin düşüncəsinə hakim idi. İkinci səfərimdə Qarabağ işğaldan azad olunsa da, Xankəndi düşmənin əlində idi və bunun narahatlığı var idi.

Bu səfərimdə isə ünsiyyətdə olduğum insanlarda bir rahatlıq olduğunu hiss etdim. İnsanlar gələcəyə ümidlə baxırlar, indi torpaq dərdimiz yoxdur. “Bundan sonra həyatımıza normal davam edəcəyik” fikirləri müşahidələrimin nəticəsi oldu”.

Professor Əziz Səncər, həmçinin Naxçıvana səfərini aşağıdakı kimi səciyyələndirib: “Naxçıvana getmək mənim üçün çox vacib idi. Hər zaman oraya getməyi istəmişəm. Deyərdim ki, Naxçıvanın havası Bakıdan daha gözəldir, oranı çox sevdim. Böyük diqqət gördüm”.

Professor Azərbaycan Tibb Universitetində və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirdiyi görüşlərə də toxunub.

Bu gün Çin elminin əldə etdiyi nailiyyətlərlə ABŞ-ı da geridə qoyduğunu deyən Əziz Sancar Türk dünyası ölkələrinin öz fəaliyyətlərində Çini nümunə götürməsinin vacibliyini bildirib, Azərbaycan və Türkiyənin inteqrasiyasından məmnun qaldığını söyləyib, türk dövlətlərinin elm adamlarına diqqət yetirilməsini zəruri hesab edib.

Mətbuat konfransından sonra xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: