Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2024 15:30
  • A-
  • A
  • A+

COP29: yeni əməkdaşlıq formalarının axtarışında

COP29: yeni əməkdaşlıq formalarının axtarışında

İyunun 5-də AMEA-nın Yer Elmləri Bölməsində “Azərkosmos” ASC-nin nümayəndələri ilə görüş keçirilib.

AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev qonaqları salamlayaraq ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq tədbirləri çərçivəsində elmi qurumların məhsuldar əməkdaşlığının əhəmiyyətini, yeniləşən AMEA-da həyata keçirilən islahatlar fonunda bölmənin alimlərinin “Azərkosmos”la əməkdaşlığının yeni, daha səmərəli formalarının tapılmasına ehtiyac olduğunu vurğulayıb.

“Azərkosmos” ASC CİS (Coğrafi İnformasiya Sistemi) Mərkəzinin “Təsvirlərin emalı” qrupunun rəhbəri Aqil Əhmədov və mərkəzin məhsul inkişafı üzrə mütəxəssisi Elman Ələsgərov bu qurumun müxtəlif ərazilərə və dövrlərə aid peyk təsvirləri bazası əsasında iqtisadiyyatın müxtəlif sahələrində təklif etdiyi imkanlar və həllər barədə məlumat verib, “Qlobal iqlim dəyişikliklərinin Azərbaycan Respublikasına təsirlərinin kosmik monitorinqi” və “Ölkə üzrə zəlzələnin baş vermə ehtimalının yüksək olduğu riskli ərazilərin müəyyən edilməsi” mövzularında başa çatmış layihələrin  nəticlərinin təqdimatını keçiriblər.

Təqdimatdan sonra açıq peyk məlumatlarından istifadə etməklə Yerin qravitasiya və maqnit sahələrinin monitorinqinin təşkili, geoloji qırılmaların və qravitasiya anomaliyalarının peyk və sahə tədqiqatlarının nəticələrinin müqayisəsi, zəlzələlərin tezliyi və amplituda dəyişikliyinin inteqrə olunmuş şəkildə öyrənilməsinin yolları və bu sahədə əməkdaşlıq formaları, habelə Azərbaycanda iqlim dəyişikliklərinin dinamikası, faydalı qazıntı yataqlarının aşkar edilməsində peyk məlumatlarının istifadəsi, palçıq vulkanlarının monitorinqi və püskürməsinin proqnozlaşdırılması və s. məsələlər müzakirə olunub.

Elm və Təhsil Nazirliyi Neft Qaz İnstitutunun baş mütəxəssisi Arif Hüseynov kosmik şəkillərdən və pilotsuz uçuş aparatlarının məlumatlarından istifadə edilməklə Xəzər akvatoriyasının palçıq vulkanlarının öyrənilməsi ilə bağlı tədqiqatın nəticələrini təqdim edib, Geologiya və Geofizika İnstitutunun baş mütəxəssisi Tariyel Hüseynov “Azərkosmos” ilə elmi müəssisələrin əməkdaşlığının inkişafı və əlaqələndirməsi ilə bağlı təkliflərini səsləndirib.

Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi arasında bağlanmış əməkdaşlıq haqqında anlaşma memorandumu ölkə ərazisində seysmik riskin qiymətləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının axtarılması, sürüşmə areallarının qiymətləndirilməsi və risk xəritələrinin hazırlanması, Xəzərin və Xəzəryani ərazilərin geosistem və ekosistemlərinin birgə tədqiqatının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: