Maltada “Tərs məsələlər: Modelləşdirmə və Simulyasiya” mövzusunda ənənəvi 11-ci beynəlxalq konfrans (The 11th International Conference Inverse Problems: Modeling and Simulation - IPMS2026) keçirilib.
Konfrans “Tərs məsələlər üzrə Avrasiya Assosiasiyası (TMAA)”, həmçinin “Inverse Problems”, “Journal of Inverse and Ill-Posed Problems” və “Inverse Problems in Science and Engineering” kimi nüfuzlu beynəlxalq jurnalllar tərəfindən təşkil olunub.
Beynəlxalq konfransda AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi riyaziyyat elmləri doktoru, dosent Anar Rəhimov iştirak edib. A.Rəhimov Belçikanın Gent Universitetinin professoru Marian Slodiçkanın dəvətilə “Evolyusiya tənlikləri və variasional bərabərsizliklər üçün tərs və idarəetmə məsələləri” (Inverse and Control Problems for Evolution Equations and Variational Inequalities) mini simpoziumunda dəvətli məruzəçi qismində çıxış edib.
“Parabolik tənlik üçün xüsusi mənbələrin bərpası tərs məsələlərinin ədədi həlli” (Numerical solution to an inverse problem of recovering source of a special type of parabolic equation) mövzusunda məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, dünyanın 35 ölkəsindən 240-dan çox nüfuzlu alimin qatıldığı konfransın proqramına 4 plenar məruzə və 17 mini simpozium çərçivəsində dəvətli məruzələr daxil edilib. Məruzələr 4 paralel seksiya iclaslarında təqdim edilib. Konfransın əsas məqsədi tərs məsələlər nəzəriyyəsində və onun müxtəlif tətbiqlərində ən son nailiyyətlərin dünya elmi ictimaiyyəti tərəfindən müzakirə edilməsi olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.