Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.06.2024 09:42
  • A-
  • A
  • A+

“Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı olub

“Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru akademik Rafael Hüseynov ədəbiyyatın müxtəlif sahələri üzrə tədqiqatların yer aldığı jurnalın yeni nəşrlərindən danışıb. Eyni zamanda qeyd edib ki, 2004-cü ildən etibarən Ədəbiyyat Muzeyində işıq üzü görən “Risalə” elmi araşdırmalar jurnalı elmi-tədqiqatların nəticələrini əks etdirən, ildə 2 dəfə çap edilən elmi-tədqiqat məcmuəsidir. Jurnal həm də dissertasiya işini müdafiə edəcək gənc alim və tədqiqatçılara kömək məqsədi daşıyır. O, toplunun filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısında olduğunu bildirib.

Akademik Rafael Hüseynov jurnalın əhatə dairəsinin daha da genişləndiyini, nəşrin redaksiya heyətinin bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşdığını diqqətə çatdırıb. Direktor gələcəkdə jurnalda ingilis dilində məqalələrin sayının artırılmasının zəruriliyini qeyd edib. Vurğulayıb ki, toplunun məqsədi tədqiqatçıların ədəbiyyat sahəsində elmi yenilikləri əks etdirən məqalələrini beynəlxalq auditoriyaya çatdırmaq və gənc alimlər arasında elmi ünsiyyətin genişləndirilməsinə kömək etməkdir.

Alim bildirib ki, Ədəbiyyat Muzeyində “Risalə” elmi araşdırmalar jurnalı ilə yanaşı, “Beşlik” - “Qaynaq” mənbələr toplusu, “Şərq” tərcümə toplusu, “Xəzinə” kataloqlar toplusu və “Məclis” mərasimlər toplusu da nəşr edilir.

Diqqətə çatdırılıb ki, “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələrində ədəbiyyatşünaslıq və muzeyşünaslıq üzrə “Klassik irs: tarixi və nəzəri problemləri”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses” və “Tarixi-mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” sərlövhəli məqalələr təqdim olunub.

Jurnalda akademik Rafael Hüseynovun “Köç ədəbiyyatının Azərbaycan fenomeni: Vətəndən Vətənə mühacirətin bədii və elmi irsi” və “Nizami Gəncəvinin “Xəmsə”sində türk qatı və türk kimliyi düşüncələri”, eləcə də muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların müxtəlif mövzuları ehtiva edən elmi məqalələri dərc edilib.

Sonda tədbirdə iştirak edən məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələri təqdim olunub.

Qeyd edək ki, nəşr olunduğu gündən etibarən ilk dəfə olaraq jurnalın hər iki nömrəsində dərc edilmiş məqalələrə Rəqəmsal Obyekt İdentifikatoru (DOİ) verilib və “Crossref Metadata”sında yerləşdirilib.

“Risalə” elmi araşdırmalar jurnalının yeni nəşrlərini “risale.az” saytına daxil olaraq arxiv bölməsindən izləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: