Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.06.2024 10:00
  • A-
  • A
  • A+

Azərbaycanın və Çinin Elmlər Akademiyaları arasında Anlaşma memorandumu imzalanıb

Azərbaycanın və Çinin Elmlər Akademiyaları arasında Anlaşma memorandumu imzalanıb

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin başçılığı ilə Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyəti Çinin Hebey Sosial Elmlər Akademiyasının rəhbərliyi ilə görüşüb.

Görüşdə Hebey Sosial Elmlər Akademiyasının prezidenti akademik Luy Sinbin rəhbərlik etdiyi elmi qurumun tarixindən, tədqiqat istiqamətlərindən ətraflı söz açaraq Çin və Azərbaycanın Elmlər Akademiyaları arasında yaradılan elmi əməkdaşlıq əlaqələrinin böyük əhəmiyyətini qeyd edib, gələcək perspektivlərindən danışıb. Son illərdə Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının prezidentləri tərəfindən inkişaf etdirilən dostluq münasibətləri sayəsində dünya miqyaslı qlobal layihələrdə ölkələrimizin birgə iştirakının elm sahəsinə də xüsusi diqqət yetirilməsinin vacibliyini önə çıxardığını, dost dövlətlərin prioritet istiqamətlərindən birini təşkil edən elmi əməkdaşlığa da daim diqqət yetirilməsinin önəmini xüsusi vurğulayan Hebey Sosial Elmlər Akademiyasının prezidenti qarşılıqlı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsinin böyük əhəmiyyətini diqqətə çatdırıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan və Çin liderləri tərəfindən qurulmuş möhkəm əməkdaşlıq münasibətlərini xatırladaraq bütün sahələrdə olduğu kimi, elm sahəsində də mühüm əlaqələr yaradıldığını bildirib. AMEA-nın tarixi, onun prioritet elmi istiqamətləri, aparılan tədqiqatlar barədə ətraflı məlumat verərək qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini diqqətə çatdıran AMEA rəhbəri mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, AMEA prezidenti Azərbaycanın elm və ali təhsil müəssisələrində, o cümlədən Akademiyada Çinin tarixi, dili, ədəbiyyatı və mədəniyyəti ilə əlaqədar aparılan tədqiqatlar haqqında da məlumat verib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Hebey Sosial Elmlər Akademiyası arasında Anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Memorandumu Azərbaycan tərəfdən akademik İsa Həbibbəyli və Çin Xalq Respublikası tərəfindən isə akademik Luy Sinbin imzalayıblar. Sənəddə elmi əməkdaşlığın gücləndirilməsi, prioritet istiqamətlərin inkişaf etdirilməsi, elmi nəşrlərin mübadiləsi üzrə müddəalar öz əksini tapıb.

Sonda Azərbaycanın və Çinin Elmlər Akademiyalarının prezidentləri qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər.

Görüşdə Azərbaycan alimləri ilə yanaşı, Hebey Sosial Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri və əməkdaşları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: