Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.06.2024 10:20
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşları Bolqarıstanda ezamiyyətdə olub

Rəsədxana əməkdaşları Bolqarıstanda ezamiyyətdə olub

AR Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov və elmi işçi Famil Mustafa Bolqarıstanın Primorsko şəhərində elmi ezamiyyətdə olub.

Səfərin məqsədi Bolqarıstan Respublikası Elmlər Akademiyasının Kosmik Tədqiqatlar və Texnologiyalar İnstitutunun təşkilatçılığı ilə keçirilən 16-cı Beynəlxalq Seminarda (Workshop: Solar Influences on the Magnetosphere, Ionosphere and Atmosphere) iştirak idi ki, bu da öz növbəsində beynəlxalq elmi əlaqələrin genişləndirilməsi üçün mühüm təşəbbüsdür.

Günəş-Yer əlaqələri fizikası” və “Kosmik hava” problemləri üzrə dünyanın bir çox ölkələrindən tanınmış astronom alimlərin iştirak etdiyi seminarda N.Cəlilov da məruzə ilə çıxış edib. Alimin “Supersonic shear MHD instabilities in anisotropic solar wind plasma” adlı məruzəsi maraqla qarşılanıb. Məruzədə Günəşdən axan qaynar plazma selinin Yerin maqnitosferinə təsiri probleminin riyazi modeli irəli sürülüb. 

Tədbir çərçivəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra vacib görüşlər və müzakirələr aparılıb. Türkiyəli astronomlarla görüş zamanı Antalya Akdəniz Universiteti, Şamaxı Astrofizika Rəsədxanası və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Kosmik hava problemləri” üzrə birgə laboratoriya yaradılması barədə razılıq əldə edilib.

Qeyd edək ki, mövcud elmi əlaqələrin intensivləşməsi və yeni elmi əlaqələrin qurulması baxımından olduqca səmərəli keçən tədbirdə rəsədxananın baş direktoru Namiq Cəlilov “Sun and Geosphere” (Scopus) jurnalının redaksiya heyətinə üzv seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: