Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.06.2024 16:25
  • A-
  • A
  • A+

Şərq Tərəfdaşlığı Panelinin Qeyri-rəsmi İşçi Qrupunun 6-cı toplantısı keçirilib

Şərq Tərəfdaşlığı Panelinin Qeyri-rəsmi İşçi Qrupunun 6-cı toplantısı keçirilib

Avropa Komissiyasının (AK) Tədqiqat və İnnovasiyalar üzrə Şərq Tərəfdaşlığı (ŞT) Panelinin Qeyri-rəsmi İşçi Qrupunun 6-cı toplantısı Litva Respublikasının paytaxtı Vilnüs şəhərində keçirilib. 

Tədbirdə ŞT ölkələrinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının (AK) Tədqiqat və İnnovasiyalar, Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun və digər müvafiq qurumlarının, həmçinin Litvanın Təhsil, Elm və İdman Nazirliyinin rəsmiləri, Avropaya üzv dövlətlərin (Almaniya, Belçika, Fransa, Çexiya və Latviya) müvafiq təşkilatlarının və Türkiyədən TÜBİTAK-ın mütəxəssisləri iştirak ediblər. Toplantı AK-nın Tədqiqat və İnnovasiyalar üzrə Baş Direktorluğunun Bölmə rəhbəri Ruta Zarnauskaitenin sədrliyi ilə baş tutub.

Tədbir zamanı ŞT ölkələrində “Horizon 2020”nin tədqiqat və innovasiyalar üzrə prioritetlərinin həyata keçirilməsi, yaşıl və rəqəmsal keçidlər kimi mühüm sahələr üzrə fəaliyyət, “Horizon Avropa” Proqramında iştirak üzrə təcrübə və bu istiqamətlərdə elmi diasporun rolu müzakirə edilib.

Toplantının müxtəlif sessiyalarında Azərbaycan tərəfindən AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktorunun müavini, “Horizon Avropa” Proqramı üzrə Birgə Tədqiqat Mərkəzi üzrə milli əlaqələndirici şəxs (MƏŞ) dosent Rüfət Efendiyev, Avropa Tədqiqatları Mərkəzi və COST Fəaliyyəti üzrə MƏŞ İlham Hümbətov, Avropa İnnovasiya Şurası və Avropa İnnovasiya Ekosistemi üzrə MƏŞ Ləman Qənbərova, İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal İqtisadiyyat şöbəsinin mütəxəssisi Məcid Mirzəyev təqdimatlarla iştirak ediblər.

Esmira Əlirzayeva və İlham Hümbətov ŞT ölkələrində tədqiqat və innovasiya prioritetləri, yaşıl və rəqəmsal keçidlər üzrə yeniliklər və islahatlar, “Horizon Avropa” proqramında iştirak üzrə nəticələrə həsr edilmiş dəyirmi masada iştirak ediblər.

Esmira Əlirzayeva qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq müddəalarının icrası istiqamətində əhəmiyyətli addımlar atılıb, elmi-tədqiqat potensialının gücləndirilməsi, rəqəmsal iqtisadiyyata və yaşıl enerjiyə keçidlə bağlı ekosistemlərin yaradılması və innovasiyalar üçün infrastrukturun təkmilləşdirilməsinin mexanizmləri hazırlanıb. Texnologiya və innovasiya üzrə İşçi qrupunun fəaliyyəti çərçivəsində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (h-indeks) yaxşılaşdırılması üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin hədəfləri diqqətə çatdırılıb. Bildirilib ki, 2023-2024-cü illərdə tələbə və doktorantların mobilliyini dəstəkləyən Dövlət Proqramları fəaliyyətini davam etdirib. Həmçinin elmi diasporla əlaqələr və açıq elm üzrə fəaliyyət istiqamətləri müzakirəyə təqdim edilib. E.Əlirzayeva AMEA tərəfindən koordinasiya olunan Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri və AK-nın ekspertlərinin iştirakı ilə Azərbaycanda keçirilən “Horizon Avropa” proqramı üzrə məlumat günləri və təlimlərin müsbət nəticə verdiyini vurğulayıb. 

İlham Hümbətov iştirakçıların nəzərinə çatdırıb ki, Azərbaycan AK-nın COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Fəaliyyəti üzrə göstəricilərinə görə xüsusi ilə fərqlənib. Bildirilib ki, son illərdə ümumilikdə 80 layihədə Azərbaycanın iştirakı qeydə alınıb, onlardan 67-si hazırda davam etdirilir və son məlumatlara əsasən layihələrdə Azərbaycan 200-ə yaxın iştirakçı ilə təmsil olunub. 2014-2024-cü illərdə həyata keçirilən layihələr üzrə Azərbaycanlı alim və mütəxəssislərin həmmüəllifliyi ilə 50-dən çox məqalə yüksək impakt fakorlu jurnallarda dərc edilib ki, bu göstərici üzrə ölkəmiz Yaxın Qonşu Ölkələr olan Mərakeş, Liviya, Misir və digərləri arasında birinci yerə yüksəlib. 

Rüfət Efendiyev ŞT ölkələrində texnologiyaların transferi və ağıllı ixtisaslaşma, biznes və akademiya arasında əlaqələr mövzusuna həsr edilmiş sessiyada iştirak edib. O, AK-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilən EU4Lankaran layihəsi çərçivəsində ağıllı ixtisaslaşma komponenti istiqamətində görülən işlər, Avropanın müxtəlif ölkələrindən mütəxəssislərlə keçirilən görüş və müzakirələr, əldə edilmiş ilkin nəticələr haqqında məlumatı təqdim edib. 

Məcid Mirzəyev Sauletekis Texnologiya Parkında keçirilən görüşdə dördüncü sənaye inqilabı sahəsində Azərbaycanda həyata keçirilən bir sıra tədbirlər haqqında məlumat verib. O, bildirib ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlanıb. Strategiyada 60-dan çox layihə və təşəbbüs öz əksini tapır. Həmçinin, rəqəmsal bacarıqlar üzrə müxtəlif layihələr həyata keçirilir. Məsələn, Coursera platforması ilə birgə layihə olan 4Sİ Akademiyası vasitəsilə 10.000 nəfərin platformada xüsusi seçilmiş 700-dən çox kursa ödənişsiz giriş imkanı yaradılmışdır. Qeyd edilib ki, Dünya İqtisadi Forumu və Türkiyənin MEXT mərkəzi ilə birlikdə yerli şirkətlərin ağıllı sənaye hazırlığının qiymətləndirilməsi istiqamətində sıx əməkdaşlıq edilir. M.Mirzəyev Texnologiya Parkı ilə müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. 

Ləman Qənbərova tədqiqat və innovasiyalar, tədqiqat infrastrukturları, tədqiqat karyeraları üzrə keçirilən sessiyada Azərbaycanda innovativ elmi tədqiqatların və startap ekosistemlərinin dəstəklənməsi, müasir texnologiyalar və texnoloji həllər istiqamətində əldə edilmiş nəticələri diqqətə çatdırıb. Bildirilib ki, bəzi universitetlərdə (ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti və UFAZ) inkubasiya proqramları həyata keçirilir və ümumilikdə 60 startapa dəstək göstərilib. Azərbaycan Texniki Universitetində yerli şirkətlərin sınaq keçirməsinə imkan yaradan Nokia Treyninq, Tədqiqat və İnkişaf Laboratoriyası yaradılıb. Azərbaycanda elmi-tədqiqat və inkişaf mərkəzlərinin yaradılmasında, xüsusilə İKT sektorunda CISCO, Huawei, Samsung kimi şirkətlər cəlb edilir. Məruzəçi gənc istedadların və onların innovativ fəaliyyətinin dəstəklənməsi üzrə həyata keçirilən xüsusi proqramlar haqqında ətraflı məlumat verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: