Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.06.2024 11:55
  • A-
  • A
  • A+

TÜBİTAK-ın rəhbəri Naxçıvanda səfərdə olub

TÜBİTAK-ın rəhbəri Naxçıvanda səfərdə olub

TÜBİTAK-ın rəhbəri professor Hasan Mandal Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Səfər çərçivəsində türkiyəli qonaq AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin müşayiəti ilə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, Ümummilli Liderin xatirəsinə ehtiramını ifadə edib.

Daha sonra Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olan Hasan Mandala Ulu Öndərin həyatı və zəngin siyasi fəaliyyəti haqqında müfəssəl məlumat verilib. Professor Hasan Mandal xatirə kitabına ürək sözlərini yazıb.

XII əsr Naxçıvan memarlığının incisi sayılan Mömünə Xatın türbəsi, Açıq Səma Altında Muzey, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbər türbəsi, Heydər məscidi və Əshabi-Kəhf dini ziyarətgahında olan alim Naxçıvan haqqında yüksək təəssüratlarını ifadə edib.

Sonra AMEA-nın Naxçıvan Bölməsində olan TÜBİTAK-ın rəhbəri bölmədə nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olub. Aparılan tədqiqatların mahiyyəti və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Bölmə rəhbəri İsmayıl Hacıyev “Naxçıvan–Şərqin əfsanəsi” kitabını qonağa hədiyyə edib.

Muxtar respublikanın dilbər guşəsi olan Batabat yaylağında (Zəngəzur Milli Parkı) olan qonağa “Qərbi Azərbaycana qayıdış” festival-konqresi haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: