AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Şuşa şəhərinin 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar “Ədəbi varislik zəncirinin qırılmazlığı: Natəvan və onun Lənkərandan olan gənc qadın davamçıları” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan mərkəzin direktoru Mehman Əliyev qeyd edib ki, XIX əsrdə Azərbaycanın qədim mədəniyyət ocaqlarından sayılan Şuşada ədəbi mühit özünün intibah dövrünü yaşayıb. Bildirib ki, burada bir neçə səbəb, həmin dövrdə Xanlığın şairlərə xüsusi diqqəti, şair və dövlət xadimi Molla Pənah Vaqifin sarayda fəaliyyət göstərməsi, Şuşanın əsrarəngiz təbiəti önə çıxır.
Sonra mərkəzin Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbovun müzakirə olunan mövzu ilə əlaqədar slaydlar vasitəsi ilə məruzəsi dinlənilib. Şuşa ədəbi mühitində qadın şairlərin fəallığı ilə seçildiyini vurğulayan natiq bu seçilmişlərin içində görkəmli Azərbaycan şairəsi Xan qızı Natəvanın adını xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan ədəbiyyatında mühüm yeri olan Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Şairə ailənin yeganə övladı idi. Onu sarayda “Dürrü yekta”, yəni tək inci, el arasında isə “Xan qızı” çağırırdılar.
Şöbə müdiri Lənkəran bölgə yazarlarının arasında qadın yazarların da olmasından bəhs edib: “Lakin bu qadınların bir qismi yaradıcılığa ciddi şəkildə yanaşmamış, ara-sıra yazdıqları əsərlərini mətbuat səhifələrində çap etdirmişlər. Onlar əvvəlcə rayonda yaşayıb-yaradıb, sonradan Bakıya köçərək yaradıcılıqlarını hazırda orada davam etdirirlər. Zaman fərqinə baxmayaraq, onların əsərlərində Natəvanın dəsti-xəttini görməmək mümkün deyildir.”
Sərraf Talıbov daha sonra bildirib ki, indiki dövrdə Lənkəran bölgəsinin gənc və orta nəsil şair qadınlarından Cavidan, Rəsmiyyə Sabir, Xatirə Xatun, Ruhiyyə, Aysel Xanlarqızı Səfərli, Ülkər Nicatlı, Aytəkin Əziz və başqalarının yaradıcılığında Natəvan ruhu açıq-aşkar sezilir.
Elmi seminarda mərkəzin əməkdaşlarından Sevinc Hüseynova, Ağamir Cavad, Samir Kərimov, İsaq Məmmədov, Aqil Həsənov, Fəranə Mikayılova, Çinarə Rzayeva, Gözəl Əlizadə və Nəzrin Əlizadə müzakirə olunan mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.