ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı b.ü.f.d., dosent Zaman Məmmədov “Azərbaycanda Milli Ekosistem Qiymətləndirməsi” hesabatının yekun seminarında iştirak edib.
Dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti institutları, təhsil müəssisələrinin nümayəndələri və biomüxtəliflik sahəsi üzrə ekspertlərin iştirakı ilə baş tutan tədbirdə Milli Ekosistem Qiymətləndirməsinin yekunları barədə təqdimatlar olunub, əldə edilmiş nəticələrin qanunvericilikdə istifadəsinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.
Dosent Zaman Məmmədov “Azərbaycanda Milli Ekosistem Qiymətləndirməsi” texniki hesabatının hazırlanmasında milli ekspert olaraq verdiyi töhfələrə görə sertifikata layiq görülüb.
Seminar çərçivəsində elm-siyasət-cəmiyyət dialoqu da təşkil edilib. Dialoq nəticəsində Milli Ekosistem Qiymətləndirməsinin yekunlarının 2030-cu ilədək beynəlxalq səviyyədə “Qlobal bioloji müxtəliflik çərçivəsi” ilə qarşıya qoyulan məqsədləri və onların icra mexanizmlərini özündə əks etdirəcək “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2025–2030-cu illər üçün Milli Strategiya/Fəaliyyət Planı”nın layihəsinin hazırlanmasında istifadəsi tövsiyə edilib.
Qeyd edək ki, Beynəlxalq İqlim Təşəbbüsünün dəstəyi ilə BMT-nin Ətraf Mühit Proqramı Dünya Mühafizə Monitorinq Mərkəzi və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Filialı tərəfindən həyata keçirilən fəaliyyət çərçivəsində ölkəmizdə 3 spesifik ekosistem – şirin su, dağ (otlaq) və meşə ekosistemi qiymətləndirməsi həyata keçirilib.
Cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının – COP29 konfransının keçirilməsi və bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması sözügedən hesabatın və keçirilən seminarın aktuallığını və əhəmiyyətini daha da artırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.