Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kursunda təhsil alan bir qrup tələbə Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda keçdikləri istehsalat təcrübəsini uğurla başa vurublar.
İki ay davam edən təcrübə proqramı BDU ilə Biofizika İnstitutu arasında uzunmüddətli elmi və akademik əməkdaşlıq çərçivəsində həyata keçirilib.
13 nəfər tələbə təcrübənin ilk günündə institutun fəaliyyəti, elmi istiqamətləri və laboratoriyaları haqqında geniş məlumatlandırılıb. Onlar institutun əməkdaşları ilə tanış olaraq, aparılan tədqiqatların əsas məzmunu və əhəmiyyəti ilə bağlı ilkin anlayışlar əldə ediblər.
Proqram çərçivəsində tələbələr müxtəlif laboratoriyalarda praktik məşğələlərdə iştirak ediblər. Onlar nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, elmi-tədqiqat mühitində işləmək, analizlər aparmaq və nəticələri qiymətləndirmək bacarıqlarını inkişaf etdiriblər.
Təcrübə müddətində tələbələrə tədqiqatların planlaşdırılması, müşahidələrin aparılması və nəticələrin təqdim olunması prosesləri öyrədilib. Bu bilik və bacarıqlar onların gələcək elmi və peşəkar fəaliyyətlərinə mühüm töhfə verəcək.
Təcrübənin sonunda tələbələr göstərilən dəstəyə görə institut rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildiriblər. Onlar bu təcrübənin həm nəzəri, həm də praktik biliklərinin dərinləşməsində mühüm rol oynadığını qeyd ediblər.
Sonda tələbələrlə xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.