Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.07.2024 11:30
  • A-
  • A
  • A+

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun birgə elmi tədqiqatları davam etdirilir

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun birgə elmi tədqiqatları davam etdirilir

AR ETN Botanika İnstitutu və Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu arasında olan saziş üzrə elmi-tədqiqat işləri davam etdirilir. Botanika İnstitutunun elmi tədqiqat planına uyğun olaraq, Eksperimental botanika şöbəsinin əməkdaşları biologiya üzrə fəlsəfə doktorları Rəna Qəniyeva, Gülnar Sultanova, Sevil Dadaşova və Gülnarə Babayeva Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi bitkilərdə virus və göbələk patogen infeksiyalara qarşı yüksək bioloji aktivliyə malik olan makrolakton birləşmələrinin və saponinlərin təsirini öyrənmək, müxtəlif bitki növlərində olan xəstəlik və virusların qarşısının alınmasında antibiotiklərin və antioksidantların tətbiqi istiqamətində birgə tədqiqat işlərinin aparılması olub.

Alimlər meyvə ağaclarında olan xəstəliklərə (viruslara) qarşı İNFANVİR və saponin preparatlarının müsbət təsirini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan 12 saylı meyvə təcrübə sahəsində tədqiqatlar aparıblar. İşin məqsədi yeni yaradılan İNFANVİR preparatının istifadəsi üçün kənd təsərrüfatı sahəsində geniş imkanların təklif edilməsidir.

Alimlərin Meyvəçilik və Çayçılıq ETİ-da fəaliyyət göstərən Bitki Biotexnologiyası laboratoriyasında apardığı təcrübələr göstərir ki, müxtəlif meyvə (gilas, şəftəli və gavalı) növlərində yaranan xəstəliklərə qarşı təklif olunan antibiotik və antioksidantların istifadəsi əlverişli ola bilər. Alınan nəticələr biokimyanın bir sıra müasir testlərinin (DNT ekstraksiyası, PCR reaksiyası və gel elektrofarez üsul)  köməyi ilə aparılıb. Tədqiqatlardan alınan nəticələr gələcəkdə bir sıra məqalələrdə öz əksini tapacaq.

Ezamiyyət müddətində alimlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da olublar. Görüş zamanı universitetin rektoru fiz-riyaz. elmləri doktoru, dosent Yusif Əliyev alimləri universitetdə aparılan elmi və tədris-metodiki işlərlə tanış edib. Botanika İnstitutu ilə əməkdaşlıq imkanları müzakir olunub, müştərək elmi-tədqiqatların aparılması üzrə müvafiq təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: