Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da akademik İsa Həbibbəylinin sədrliyi ilə müşavirə keçirilib
05.07.2024 16:45
  • A-
  • A
  • A+

AMEA-da akademik İsa Həbibbəylinin sədrliyi ilə müşavirə keçirilib

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə qarşıda duran bir sıra vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

AMEA-nın Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının şöbə müdirlərinin iştirak etdiyi müşavirədə müzakirə edilən ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinə seçkilər və Akademiya əməkdaşlarının qarşısında duran vəzifələr haqqında olub. Akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının seçki prosesində aktiv iştirakı barədə müvafiq tapşırıqlarını verib.

Akademik İsa Həbibbəyli bildirib ki, 2025-ci ilin mart ayında Azərbaycanın elm məbədi Milli Elmlər Akademiyasının yaranmasının 80 ili tamam olur və yubileyin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən Komissiya yaradılıb, Tədbirlər planı təsdiqlənib. Qeyd edib ki, Tədbirlər planında AMEA-nın elmi bölmələrinin də üzərinə vəzifələr qoyulub və akademik İsa Həbibbəyli bununla əlaqədar müvafiq elmi bölmələrin məsul şəxslərinə tapşırıq və tövsiyələrini verib.

İclasda, həmçinin AMEA-nın rəhbər heyətinin və Rəyasət Heyəti aparatının əməkdaşlarının məzuniyyətə çıxması ilə bağlı da müzakirələr aparılıb və hər bir əməkdaşın növbəti məzuniyyət müddətindən tam istifadə etməsi ilə bağlı tapşırıqlar verilib.

Müşavirədə, o cümlədən vətəndaşların müraciətinin operativ araşdırılması və cavablandırılması məqsədilə daxili imkanlar hesabına İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında da müzakirələr aparılıb.

Bundan əlavə, “Yaşıl dünya və COP29”, eləcə də “Süni intellekt və rəqəmsal inkişaf: reallıqlar və çağırışlar” beynəlxalq elmi konfranslarına hazırlığın vəziyyəti də müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Həmçinin “AMEA. Simalar” kitabının çapa hazırlanması tövsiyə olunub.

Müşavirədə Rəyasət Heyətinin üzvləri və aparatın şöbə müdirləri çıxış edərək müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: