AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi ilə birgə “Şərqi Zəngəzuru ana vətənə qovuşduran siyasət” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan mərkəzin direktoru Mehman Əliyev tədbirin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanının 3 illiyinə həsr olunduğunu bildirib. O, daha sonra Fərmandan irəli gələn vəzifələr barədə məlumat verərək deyib ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edirdi. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacib idi.
Sonra Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun müzakirə olunan mövzu haqqında məruzəsi dinlənilib. Natiq qeyd edib ki, bugünkü tədbirimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəngəzur” Cəmiyyətinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində keçirilir: “Bilirsiniz ki, Şərqi Zəngəzura ilk qayıdış məhz Cocuq Mərcanlı kəndindən başlayıb. 28 il davam edən erməni işğalına qarşı Milli Ordumuzun ilk qalibiyyətli savaşı da Cocuq Mərcanlı kəndinin ətrafındakı yüksəkliklərin ermənilərdən təmizlənməsi ilə başlayıb. Və bu ilk döyüş artıq tariximizin şərəfli səhifəsi olan II Qarabağ müharibəsindəki parlaq Zəfərlə bitib. Tarixi ədalətin bərpası – Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası, separatçı ünsürlərdən tam təmizlənməsi 2023-cü ilin 19-20 sentyabrında cəmi 23 saat 40 dəqiqə sürən antiterror əməliyyatı ilə sona yetdi, 30 ildən artıq davam edən Qarabağ məsələsinin həllində son nöqtə qoyuldu, Qarabağ, Şərqi Zəngəzur ellərimiz əbədi olaraq Ana Vətənə - Azərbaycana qovuşdu”.
Hacı Nərimanoğlu işğaldan azad edilən yurd yerlərimizdə genişmiqyaslı dirçəliş, tikinti, abadlıq işlərinə başlanıldığını vurğulayaraq əlavə edib ki, daha bir əhəmiyyətli addım Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması oldu. Ənənəvi sosial-iqtisadi, tarixi-mədəni, coğrafi bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi Zəngəzurun bütövləşməsinə, şərqi ilə qərbinin qovuşmasına, 1933-cü ildən coğrafi xəritələrdən silinmiş Zəngəzur adının yenidən bərpasına, gələcəkdə Azərbaycanla Naxçıvan və Türkiyəyə, Türk dünyasına birbaşa quru yolunun açılmasına da stimul oldu: “Bu gün hər bir azərbaycanlı fəxrlə görür ki, bu hərbi-siyasi qələbənin davamı olaraq Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı icra edilir. Bizdən bir neçə kilometr aralıda Zəngilanın Ağalı kəndi öz sakinlərini qoynuna alıb, eynilə Laçın, Füzuli, Şuşa, Cəbrayılda da nəhəng dirçəliş, qayıdış layihələri icra olunur. Sözügedən layihə çərçivəsində eyni adda kitab da nəşr olunub”.
Məruzə ətrafında müzakirələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin aparıcı məsləhətçisi Səyyad Babakişiyev, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarından Samir Kərimov, Fəranə Mikayılova, Aqil Həsənov, Fuad Hüseynov və İsaq Məmmədov çıxış edərək mülahizələrini söyləyib, məruzəçiyə suallar ünvanlayıblar.
Elmi seminarı yekunlaşdıran mərkəzin direktoru Mehman Əliyev məruzəçiyə və tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.