Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2025 17:39
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Fizika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açıb. Akademik Arif Həşimov ölkəmizdə dövlət qadın siyasətinin bünövrəsinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan qadınının həyatda və karyerada qazandığı uğurlarının, möhkəmlənmiş mövqeyinin, çoxşaxəli səmərəli fəaliyyətinin Ümummilli Liderin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirib.

Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemləri ilə yaxından maraqlanmış, ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə olan qadın hərəkatının genişlənməsini daim diqqətdə saxlamışdır.

Vurğulayıb ki, dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

"Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər birimiz üçün örnək olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət yetirdikdə görürük ki, atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir", - deyə akademik qeyd edib.

Daha sonra akademik A.Həşimov Azərbaycan qadının cəmiyyətdəki rolundan danışıb. Bildirib ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. A.Həşimov son araşdırmalara görə, elmi fəaliyyətlə məşğul olan qadınların sayına görə Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb. O, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın simasında bütün xanımları təbrik edib, onlara uzun ömür, cansağlığı arzu edib.

Tədbirdə fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, fizika-riyaziyyat elmlər doktoru Vüqar Əliyev, AMEA-nın müxbir üzvü, institutun Qadınlar Şurasının sədri Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova və Həmkarlar Komitəsinin sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış ediblər.

Tədbirdə Fizika İnstitutunun qadın əməkdaşlarının elmi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra Fizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: