Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.07.2024 13:36
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu ilə Özbəkistan alimləri arasında seysmologiya istiqamətində əlaqələr genişlənir

Geologiya və Geofizika İnstitutu ilə Özbəkistan alimləri arasında seysmologiya istiqamətində əlaqələr genişlənir

Seysmologiya və geodinamika üzrə birgə elmi əlaqələrin genişləndirilməsi, beynəlxalq layihələrdə birgə iştirakın təmini, gənc kadrların hazırlanmasında təcrübə mübadiləsinin effektiv surətdə aparılması, bu və ya digər səpkidə görüşlərin keçirilməsi məqsədilə, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Özbəkistan Respublikası Elmlər Akademiyasının Mavlyanov adına Seysmologiya İnstitutunun rəhbərliyinin dəvətilə iyul ayının 1-7-də Daşkənd şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində Qulam Babayev Seysmologiya İnstitutunun direktoru professor Vahidxan İsmayılovla, direktor müavini İlxom Əlimuhəmmədovla, həmçinin institutun əməkdaşları ilə səmərəli görüşlər keçirib. Azərbaycanlı alim institutun imkanları, habelə gənc kadrların rəhbərlik etdikləri şöbələrin fəaliyyəti ilə yaxından tanış olub.

Görüşlərdə iki ölkənin elmi müəssisələri arasında perspektivlər müzakirə edilib. Eləcə də müasir alətlərlə, stasionar və mobil tipli seysmometr və akselerometrlərlə, stasionar tipli GPS avadanlıqları ilə təchiz olunmuş laboratoriyalarda, ehtimal və deterministik üsullarla seysmik təhlükənin monitorinqi, seysmik riskin qiymətləndirilməsi, seysmo-geodinamika, seysmo-tektonika və digər istiqamətlərdə aparılan tədqiqatların nəticələrinə baxış keçirilib.  

Qulam Babayev dəvətə görə Özbəkistanın Seysmologiya İnstitutunun rəhbərliyinə təşəkkür edərək seysmologiya  və seysmik monitorinq sahələrində qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: