Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.07.2024 10:40
  • A-
  • A
  • A+

MEK “Məhəmməd Füzuli - 530” adlı məlumat bazasını təqdim edir

MEK “Məhəmməd Füzuli - 530” adlı məlumat bazasını təqdim edir

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyii münasibətilə elektron məlumat bazası yaradılıb.

Elektron məlumat bazası “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində hazırlanıb.

Bazada klassik irsimizə, ədəbiyyatımıza və onun nümayəndələrinə böyük diqqət və qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə böyük şairimiz Məhəmməd Füzulinin İraqda qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı işlər görməsi, beynəlxalq danışıqlar aparması, məsələni hər zaman diqqətdə saxlaması öz əksini tapıb. Dahi şəxsiyyətin yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda olan mürəkkəb ictimai-tarixi dövrə təsadüf etməyinə  baxmayaraq, böyük mütəfəkkir Füzulinin 500 illik yubileyinin keçirilməsi haqqında Fərman imzalandığı qeyd edilərək fotoşəkillər əlavə olunub.

Həmçinin məlumat bazasına Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumatlar, vəfatının 400 illiyinə ithaf olunmuş film (rejissor Niyazi Bədəlov), Füzuli lirik fəlsəfi ideyasının yüksək emosional tonda təcəssümünü tapdığı “Füzuli kantatası” (bəstəkar Cahangir Cahangirov), "Leyli və Məcnun" faciəsinin motivləri əsasında Üzeyir Hacıbəyovun 1907-ci ildə yazdığı Azərbaycan və Şərqin ilk operası olan “Leyli və Məcnun” operasının afişi (1908), tədavülə buraxılmış 500-cü yubiley pul nişanı, poçt markası və adını daşıyan heykəlin fotoşəkilləri və s. daxil edilib.

Əsərlərini üç dildə - Azərbaycan, ərəb və fars dillərində qələmə alan M.Füzulinin “Hədiqətüs-süəda”, “Bəngü-Badə”, “Söhbətül-əsmar”, eləcə də 302 qəzəl və rübailərindən ibarət və Azərbaycan dilində ən uzun əsəri olan “Divan”ı, o cümlədən farsca yazdığı 327 beytdən və yeddi hissəli ibarət “Həft cam” məsnəvisi, “Rindu-zahid” adlı nəsr əsəri, ərəbcə yazdığı “Mətləül-etiqad” fəlsəfi-teoloji traktatının və Füzuli yaradıcılığının ayrı-ayrı məsələlərini, istiqamətlərini və motivlərini sistemli şəkildə tədqiq edən elmi əsərlər bazada yer alıb.

Bunlardan “Məhəmməd Füzulinin üslubu və poetik dili” (Musa Adilov), “Füzuli” (Həmid Araslı), “Məhəmməd Füzuli qəzəllərinin irfani şərhi” (Əsgər Şahi), “Azərbaycan füzulişünaslığının təşəkkülü” (Gülşən Əliyeva), Klassik Azərbaycan Ədəbiyyatı seriyasından “Məhəmməd Füzuli əsərləri”, “Füzuli xəlqiliyi” (Ayaz Vəfalı), “Füzuliyə təxmislər” (Həkim Qəni), “Füzulidən Vaqifə qədər” (Nizami Cəfərov), “Mənim tanıdığım Füzuli” (Hacı Ələmdar Mahir), “Özbək ədəbiyyatında Füzuli ənənələri” (Cənnət Nağıyeva), “Füzuli və ingilis şərqşünaslığı” (Leyli Əliyeva), “Məhəmməd Füzulinin Azərbaycan türk Divanı leksikası” (Sevinc Əliyeva (Ağayeva)), “Füzuli qəzəllərinə təxmislər” (Nobəri Qara Əliyev), “Füzuli “Leyli Məcnun”unun islami mahiyyəti” (Vərağa Almasov), “Dünyanın tanıdığı Füzuli” (Jalə Əliyeva), “Füzulinin ərəbcə poetik irsi” (Ruhəngiz Cümşüdlü), “Füzuli düşüncə və ruhun poetikası” (Nəsib Göyüşov), “Füzulinin ömür yolu” (Vəcihə Feyzullazadə), “Nur çeşməsi” (Əli Əsğər Şerdust), “Füzulinin farsca divanı linqvo-poetik özəlliklər” (Şəfəq Əlibəyli), Məhəmməd Füzuli Seçilmiş əsərləri I, II, III cild, “Leyli Məcnun” (rus, türk, ərəb, fars və b. dillərdə), “Газели Физули в азербайджанской музыке” (Lalə Kazımova), “Физули: караван поэтических жемчужин” (Həsən Quliyev), “Fuzuli muhiti, hayatı ve şahsiyeti” (Abdülkadir Karahan), “Hadikatüs Süeda” (Şeyma Güngör),  “Canını Cananına fəda edən Ozan” (Gülağ Öz - Hayrettin İvgin), “Füzuli ve türkçe divanından seçmeler” (Hasibe Mazıoğlu), “Fuzuli” (Cemil Yener) və başqa dəyərli nəşrləri qeyd etmək olar.

Qeyd edək ki, elektron məlumat bazasına daxil olan nəşrlər elektronlaşdırılıb. Elektron kitablar müxtəlif elektron məlumat daşıyıcılarının, o cümlədən smartfonlarda, tabletlərdə, kompüterlərin yaddaşında saxlanıla və ya birbaşa açılaraq oxuna bilər.

Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda “Məhəmməd Füzuli - 530” adlı  ənənəvi sərgi də təşkil edilib. Sərgi ilboyu davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: