Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İrəvan xanlarının məktublar külliyatı (XVIII əsrin sonları)” kitabı çap olunub
10.07.2024 11:00
  • A-
  • A
  • A+

“İrəvan xanlarının məktublar külliyatı (XVIII əsrin sonları)” kitabı çap olunub

AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin rus dilində “İrəvan xanlarının məktublar külliyatı (XVIII əsrin sonları)” kitabı işıq üzü görüb.

Musa Quliyev əsəri çapa hazırlamaqla bərabər, həm də kitaba yazılmış ön sözün (Azərbaycan və rus dillərində) və kitaba daxil edilmiş rus dilində əlavənin müəllifidir.

Kitab akademik İsmayıl Hacıyevin və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın rəyləri, AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı əsasında “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində çapdan çıxıb.

336 səhifəlik kitab İrəvan xanlığının qonşu xanlıqlarla və Kartli-Kaxetiya çarlığı ilə apardığı diplomatik münasibətlərin təsvir edildiyi məktublardan bəhs edir. İrəvan xanlığının münşisi olmuş Mirzə Məhəmməd Müslimin (Qüdsi) həmin məktublardan ibarət farsca külliyatı sonradan rus qafqazşünası K.N.Smirnov tərəfindən rus dilinə tərcümə olunmuşdur. Həmin külliyat Musa Quliyevin Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində qafqazşünas K.N.Smirnovun  şəxsi fondunda apardığı axtarışlar nəticəsində əldə olunmuşdur. Beləliklə XVIII yüzillikdə İrəvan xanlarından Hüseynəli xana və onun oğulları Qulaməli xana, həmçinin Məhəmməd xana məxsus 268 məktublar külliyatı və İrəvan xanlarının qonşu xanlıqlarla yazışmalarına aid 116 məktub da aşkarlanaraq Naxçıvana gətirilmişdir. Həmin sənədlər İrəvan xanlığının  tarixi, eləcə də qonşu xanlıqların və digər Azərbaycan xanlıqlarının tarixi ilə bağlı əsaslı və etibarlı mənbədir. Əldə olunan məktublar nəinki İrəvan xanlığının, həm də digər Azərbaycan xanlıqlarının Türkiyə ilə saxladıqları diplomatik əlaqələrin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Kitab Qərbi Azərbaycanın - İrəvan xanlığının tədqiqi ilə məşğul olan tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: