Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin akademik Musa Əliyevə həsr olunan ikinci buraxılışı yayımlanıb
11.07.2024 11:30
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin akademik Musa Əliyevə həsr olunan ikinci buraxılışı yayımlanıb

Mədəniyyət kanalında “Vətənim” verilişinin görkəmli alim, ictimai-siyasi xadim, akademik Musa Əliyevə həsr olunan ikinci buraxılışı yayımlanıb.

Verilişdə akademik Musa Əliyevin mübarizələrlə dolu ömür yolundan, AMEA-nın prezidenti kimi gördüyü işlərdən bəhs olunub. Bildirilib ki, o, böyük elm təşkilatçısı olaraq təqdirəlayiq fəaliyyət göstərib, Elmlər Akademiyasının rəhbəri kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin ən perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə edib.

İkinci buraxılışda Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə görkəmli alimlə bağlı xatirələrini bölüşüb. O, akademik Musa Əliyevlə ilk görüşünün 1954-cü ilə təsadüf etdiyini deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Akif Əlizadə qeyd edib ki, akademik Musa Əliyev neft elminə böyük yeniliklər gətirib, geologiya elminin paleontologiya sahəsi üzrə uğurlar qazanmaqla yanaşı, həm də böyük məktəb yaradıb. O, Təbaşir dövrünün stratiqrafiyası və paleontologiyasının araşdırılmasında öz dəstxətini qoyub.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov görkəmli alimlə bağlı apardığı araşdırmalardan danışıb. Bildirib ki, arxivdə çalışarkən 1940, 1944, 1947, 1948, 1950 və 1957-ci illərə aid məxfi sənədlər tapıb. Həmin sənədlərdə akademik Musa Əliyevin də adına rast gəldiyini söyləyən Cəbi Bəhramov neftlə bağlı bəzi mühüm məlumatları diqqətə çatdırıb.

Verilişdə, həmçinin AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli alimin Azərbaycan elminin inkişafındakı xidmətlərini xatırladıb, onun böyük elm təşkilatçısı olaraq səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, Akademiya rəhbərlərindən indiyədək memuar yazanı olmayıb. Musa Əliyevin ömrünün son illərində qələmə aldığı, xatirələrinin toplandığı “Ömrüm” adlı xatirələr kitabı qiymətli əsərdir, xalqa, dövlətə qulluq örnəyinin şərəfli salnaməsidir. Onun sözlərinə görə, akademik Musa Əliyevin “Ömrüm” adlı xatirələr kitabı XX əsr Azərbaycan siyasi-elmi mühitinin dərindən dərk olunmasının ifadəsidir.

"Geniş dünyagörüşünə malik Musa Əliyevin zəngin mütaliəsi olub, alim dünya ədəbiyyatını oxuyub və ondan bəhrələnib. Musa Əliyev zəngin biliyi, siyasi ayıqlığı ilə cəmiyyəti görməyin akademik nümunəsini göstərib", - deyə akademik İsa Həbibbəyli bildirib.

İkinci buraxılışda Musa Əliyevin qızı Rəna Əliyevanın atası ilə bağlı yazdığı xatirələri diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: