Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Mirzə Əli Möcüzə həsr olunan iki buraxılışı yayımlanıb
24.06.2024 10:52
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Mirzə Əli Möcüzə həsr olunan iki buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin Azərbaycan şairi Mirzə Əli Möcüzə həsr olunan iki buraxılışı yayımlanıb.

Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.

Bildirilib ki, Mirzə Əli Möcüz Güney Azərbaycanın qədim şəhərlərindən olan, Mişov dağının ətəklərindəki Güney mahalının mərkəzi Şəbüstərdə doğulub. Qısa ömür yaşamış Mirzə Əli Möcüzə iti sözlərinə, cəsarətinə görə "Azərbaycanın ikinci Sabiri" deyilib. O, altmış bir ilə sığan çox da uzun olmayan ömrünün sonuna doğru "Vəsiyyət" adlı şeir yazıb. Bu "Vəsiyyət" ən əvvəl onun seçdiyi yolun doğruluğuna inamı və millətinin mütləq bir gün ülvi amallarına çatacağına ümidi, əminliyidir.

Diqqətə çatdırılıb ki, Qulam Məmmədli olmasaydı, biz bu gün böyük Azərbaycan şairi Mirzə Əli Möcüzü tanımazdıq. Bəlkə tanısaydıq da, ona bu səviyyədə bələd olmazdıq. Onun millətimizə bütün miqyaslarıyla qayıdışının səbəbkarı Qulam Məmmədli olub. Bu, millət kitabının şərəfli bir fəslidir ki, o səhifənin yazılmasında imzası olanların heç biri gərək unudulmasın. Əsas vasitəçi unudulmaz şairimiz Süleyman Rüstəm olmuşdu. 1945-ci il fevral ayının 25-də "Vətən yolunda" qəzetində Qulam Məmmədlinin Möcüz haqqındakı məqaləsi çıxır.

Akademik Rafael Hüseynovun sözlərinə görə, Mirzə Əli Möcüz də yaradıcılığının, düşüncəsinin bütün tərzi ilə əslində mollanəsrəddinçilərdən biri idi. Onun sağlığında işıq üzü görmüş hər iki şeirinin 1921-ci ildə "Molla Nəsrəddin" Təbrizdə nəşr ediləndə orada dərc edilməsi də rəmzidir. Biri adsız çap olunubsa da, digərinin altında imza əvəzinə yer alan təxəllüs əvəzi deyim danılmaz həqiqətin ifadəsidir.

Mirzə Əli Möcüzə həsr olunan birinci və ikinci buraxılışları buradan izləyə bilərsiz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: