AMEA Yer Elmləri Bölməsi və Geologiya və Geofizika İnstitutunun birgə iclası keçirilib. Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Bölmənin iclasında institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov hesabat məruzə ilə çıxış edib. O, xatırladıb ki, hesabat ili AMEA-nın 70 illik yubileyi ilə əlamətdar olub. Prezident İlham Əliyev noyabrda keçirilmiş yubiley tədbirində iştirak edib və Azərbaycanın gələcək inkişafı ilə bağlı alimlərimiz qarşısında mühüm vəzifələr qoyub. Həmçinin, institutun 14 əməkdaşı ölkə başçısı tərəfindən müxtəlif təltiflərə layiq görülüb. Bütün bunlar Azərbaycan elminə, institutun elmdəki xidmətinə ölkə başçısı tərəfindən verilən böyük qiymətdir.
Natiq bildirib ki, 2015-ci ildə institutda 5 problem üzrə 14 mövzuda 27 elmi tədqiqat işi aparılıb. Ümumən 5 elmi tədqiqat işi başa çatdırılıb. Həmçinin, 11 qrant layihəsinin icrası tamamlanıb, 8 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir.
İnstitut ilə Rusiya Elmlər Akademiyasının O.Y.Şmidta adına Yer Fizikası İnstitutu arasında müqavilə imzalanıb. Məqsəd Şimali və Cənubi Qafqaz, həmçinin regionun Xəzəryanı ərazilərinin geologiya və geofizikasının fundamental, tətbiqi məsələlərinin öyrənilməsi istiqamətində elmi potensialların cəmləşdirilməsidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə “Dünya palçıq vulkanları atlası” ilk dəfə İtaliyada nəşr olunub. Atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib.
Azərbaycan ərazisində radon qazının miqdarı ilə bağlı aparılmış tədqiqatların nəticələri “Avropanın qapalı mühitlərində radonun yayılma xəritəsi”nə daxil edilib. Avropa Komissiyası tərəfindən tərtib olunmuş elektron xəritədə ölkəmizin ərazisi sözügedən qazın yayılma göstəriciləri ilə əks olunur.
İtaliya Milli Tədqiqat Şurasının Florensiya Universitetinin alimləri ilə birgə Gədəbəy və Daşkəsən rayonlarında yeraltı suların və qazların izotop-geokimyəvi tərkibi öyrənilir. Bu məqsədlə təbii mineral və termal suların, həmçinin qazların (radon, helium, arqon, karbohidrogen və karbon qazları) çıxdığı ərazilərdə geoloji araşdırmalar və analitik ölçmələr həyata keçirilib.
Almaniyanın Bremen Universitetinin “MARUM” adı ilə tanınan Dəniz Ətraf Mühiti üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə birgə Ələtdə Daşgil palçıq vulkanında müasir elektron elmi-tədqiqat avadanlığı yerləşdirilib. Avadanlıq yerin dərinliyində hərarət və məsaməlilik təzyiqini ölçür.
2015-ci ildə AMEA-nın 70 illiyinə həsr olunmuş “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda gənc alim və tələbələrin VI beynəlxalq elmi konfransı keçirilib. “Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq multidissiplinar forum çərçivəsində Geologiya və Geofizika İnstitutunda aktual mövzular seminarlar üzrə aparılıb. Elmin təbliği məqsədi ilə müxtəlif universitet, orta məktəb və liseylərdə tədbirlər keçirilib.
İnstitutun kadr siyasətinə toxunan Dadaş Hüseynov qeyd edib ki, GGİ-də 2015-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə 30 doktorant təhsil alıb. Doktoranturaya qəbul işində test üsulu ilə ilk imtahan keçirilib.
Bunlardan əlavə, bu gün elmi müəssisədə 10 bakalavr və 14 magistr çalışır. Onların buraxılış işləri və dissertasiyaları çalışdıqları şöbələrdə aparılan elmi tədqiqatların mövzularına müvafiq müəyyən edilir.
Həmçinin, 2015-ci ildə ilk dəfə olaraq, institutda magistratura təhsili təşkil edilib, “Dəniz və okean dibinin geologiyası” ixtisası üzrə 1 nəfər magistraturaya qəbul olub.
Hesabat ilində institut əməkdaşlarının 90 elmi əsəri dərc edilib. Bundan əlavə, alimlərimiz xarici nəşrlərdə 41 elmi məqalə çap etdiriblər. Onlardan 18-i impakt faktorlu jurnallarda işıq üzü görüb.
Daha sonra hesabata dair çıxışlar dinlənilib, institutun 2015-ci ildəki fəaliyyəti yüksək qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.