Moskva Dövlət Pedaqoji Universitetinin professoru Lyudmila Bojenkova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
200-dən artıq nəşrin, o cümlədən 4 monoqrafiya, 45 dərslik və 10 metodik vəsaitin müəllifi olan Lyudmila Bojenkova ilk dəfədir ölkəmizdə səfərdədir.
Professor Lyudmila Bojenkovanı Nizami Muzeyi ilə Ekspozisiya şöbəsinin elmi işçisi Aygün Abbasquliyeva tanış edib.
Muzeyin ekspozisiyasını maraqla seyr edən qonaq dahi şair Nizami Gəncəvi yaradıcılığına və şairə həsr olunmuş ekspozisiyaya heyranlığını gizlədə bilməyib. Həmçinin Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar rəssam Vaqif Hüseynovun çəkdiyi və mühüm tarixi hadisəni əks etdirən “Ermitaj. 1941-ci il. Nizami yubileyi” tablosu Lyudmila Bojenkovanın diqqətini çəkib. Bundan başqa, Mirzə Fətəli Axundzadənin rus şairi Aleksandr Puşkinin irsinə böyük rəğbətdən yaranmış klassik şeir üslubunda yazdığı “Puşkinin ölümünə Şərq poeması” onun marağına səbəb olub.
Qonaq Mixail Lermontovun Puşkinə həsr etdiyi “Şairin ölümünə” şeirini bildiyini qeyd edib və müqayisələr aparıb. Eləcə də Azərbaycanın müxtəlif dövrlərdə yaşamış şairə qadınlarının həyat və yaradıcılığı ziyarətçidə xoş təəssürat yaradıb.
Sonda muzeyin “Rəy kitabı”na ekspozisiyanın vətənə, ədəbiyyata böyük məhəbbətlə qurulduğunu qeyd edən və daha da böyüməsini arzulayan professor Lyudmila Bojenkova Nizami Muzeyindəki təəssüratından sonra ölkəmizə rəğbətinin daha da artdığını söyləyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.