Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə gənc alim və mütəxəssislər, dissertant və doktorantlarla görüşüb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti təşkil olunan görüşdən məmnunluğunu ifadə edib. Akademik vurğulayıb ki, müasir dövrdə yüksəkintellektli gəncliyin formalaşması hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir. Bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Akademik Akif Əlizadənin sözlərinə görə, bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır: “Bu gün Azərbaycan elmində ciddi islahatlar aparılır. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. məqamlar xüsusi aktuallıq kəsb edir”.
Akademiyanın gənclər siyasətinin uğurla həyata keçirildiyini, 2015-ci ilin AMEA üçün kifayət qədər səmərəli və məhsuldar il olduğunu deyən akademik müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn və ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələyə qədəm qoyduğunu nəzərə çatdırıb. Alimlərin sosial-məişət və mənzil problemlərinin həlli, onların yaradıcı fəaliyyətinin stimullaşdırılması və xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atıldığını vurğulayan akademik Akif Əlizadə AMEA-nın yüksək kadr hazırlığına nail olmaq və istedadlı gənclərin potensialından səmərəli istifadə etmək üçün bütün qüvvələrin səfərbər edildiyini diqqətə çatdırıb.
Faydalı keçən görüşdə gənclərin elmə marağının artmasını təqdirəlayiq qiymətləndirən akademik Akif Əlizadə gənc alim və mütəxəssislər üçün hər cür şəraitin yaradılacağını bildirib.
Tədbirin sonunda AMEA-nın prezidenti gənclərin suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.