Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İlk dəfə olaraq Milli Mətbuat Günü ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş bütöv Azərbaycanda keçirilir
22.07.2024 10:15
  • A-
  • A
  • A+

İlk dəfə olaraq Milli Mətbuat Günü ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş bütöv Azərbaycanda keçirilir

Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir... (Ulu Öndər Heydər Əliyev)

“Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün - 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il milli mətbuatımızın yaranmasından 149 il ötür.

“Əkinçi” qəzetinin nəşri Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış unudulmaz tarixlərdən biridir. Bu qəzet çox çətin, mürəkkəb bir dövrdə xalqı maarifləndirmək, məlumatlandırmaq, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi mühüm missiyaları üzərinə götürərək böyük bir jurnalistika məktəbinin əsasını qoymuşdur.

“Əkinçi” müasirləşmə, azərbaycançılıq və digər bəşəri dəyərləri təbliğ edərək, hadisələri obyektiv işıqlandıraraq Azərbaycanda azad demokratik mətbuatın gələcək inkişafının möhkəm təməlini formalaşdırmışdır. “Əkinçi”dən sonra “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və s. kimi qəzet və jurnallar da mətbuatımızın inkişafında böyük rol oynamışdır. 

Müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ümumilli Lider xarici ölkələrə səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə səmimi söhbətlər aparmış, müsahibələr vermiş, öz fikirlərini bölüşmüşdür. Bu dahi şəxsiyyətin mətbuat nümayəndələrinə qeyri-rəsmi münasibət göstərməsi onları daha həvəslə işləməyə, peşələrinin sirlərinə dərindən yiyələnməyə, eyni zamanda cəsarətli olmağa sövq edib. 

Əminliklə söyləmək olar ki, ölkə Prezidenti İlham Əliyev Ulu Öndərin mətbuat sahəsində açdığı cığırı geniş yola çevirməyə nail olmuşdur. Prezidentin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Xatırlamaq yerinə düşər ki, 2020-ci ildə Azərbaycan jurnalistikası ağır sınaqlardan keçmişdir. Elə həmin ilin fevral ayından etibarən COVID-19 pandemiyasının ölkəmizdə də yayılmağa başlaması Azərbaycan dövləti, səhiyyəsi ilə yanaşı, mətbuatımızın qarşısına da mühüm vəzifələr qoymuşdur. Azərbaycan jurnalistləri koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini fasiləsiz məlumatlandırmaqda davam etmişdir. Mütəmadi olaraq koronavirus ilə bağlı ictimaiyyətin suallarının cavablandırılmasında, məlumatların çatdırılmasında jurnalistlərin xüsusi mövqeyi və əziyyəti danılmazdır.

2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə növbəti sınaq olmuşdur. Azərbaycan jurnalisti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən 44 günlük müharibə dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirmişdir. Müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılmışdır. Sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun separatçılarına ağır zərbələr vurulmuşdur. Düşmən qüdrətli ordumuzun qarşısında cəmi 23 saat 43 dəqiqə ərzində davam gətirə bilmişdir. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərmişdirlər. Bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyulmuşdur. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılmışdır. AMEA Rəyasət Heyətinin cari ildə keçirilən iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini müasir tariximizin yeni dövrü kimi qiymətləndirmişdir.

Ölkə jurnalistikasının bir parçası olan AMEA mətbuatı da tarixi ənənələrə sadiq qalaraq öz fəaliyyətini uğurla davam etdirir, akademik məlumatları yaymaqda davam edir. Ölkənin elmi ictimai həyatında baş verən bütün hadisələrə həssaslıqla yanaşaraq cəmiyyətə operativ, dolğun məlumatlar ötürür.

Qeyd edək ki, iyulun 5-də AMEA-nın Rəyasət Heyətinin üzvləri və Rəyasət Heyəti aparatının şöbə müdirlərinin iştirak etdiyi müşavirədə vətəndaşların müraciətinin operativ araşdırılması və cavablandırılması məqsədilə daxili imkanlar hesabına İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında müzakirələr aparılmışdır.

Məlumdur ki, dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olmuşdur. 2024-cü ildə ölkəmizdə bir neçə böyük tədbirin keçirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan ən önəmlisi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-dur.

2024-cü ilin sentyabr ayında isə ölkəmizdə Milli Məclisə seçkilərin keçirilməsi planlaşdırılır. Eyni zamanda, 2025-ci ilin mart ayında Azərbaycanın elm məbədi olan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyi münasibətilə yubiley tədbiri nəzərdə tutulur.

Ölkəmizin bu günü və gələcək inkişafı üçün böyük əhəmiyyətə malik olan bütün bu tədbirlər həm müvafiq dövlət qurumları, həm də elmi ictimaiyyət və mətbuatın qarşısında strateji vəzifələr qoyur.

Builki Mətbuat Gününü daha fərqli və möhtəşəm edən bu bayramın ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bütöv Azərbaycanda qeyd olunmasıdır. İnanırıq ki, uzun və şərəfli tarixə malik olan, artıq bütöv, bölünməz Azərbaycan dövlətinin mətbuatı öz qarşısında duran bütün vəzifələrin, missiyaların öhdəsindən layiqincə gələcək. Milli jurnalistikamız  bundan sonra da dövlətimizin dəstəyilə, inamlı şəkildə irəliləyəcək, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində fəal rol oynayaraq daha böyük nailiyyətlərə imza atacaq.

Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: