Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Yenə o dağlarda əl-ələ
29.07.2024 10:24
  • A-
  • A
  • A+

Yenə o dağlarda əl-ələ

İnsana nəsib olan sərvətlər arasında ömür qədər qeyri-bərabər paylananı yoxdur. Niyə belədir, kimsə bilmir, bu da bir ayrı İlahi sirdir. Kiminsə həyatdan çox erkən ayrılmasına da heyifsilənirik, lap uzun ömür sürmüşlərin də gedişinə acıyırıq ki, bir qədər də yaşaya bilərdi, bizimlə daha uzun müddət birgə qalsa idi, daha yaxşı olardı, elə quruca nəfəsi, varlığı bəsimiz idi.

Ancaq bir var sıradan olan insanların ömür möhləti, bir də var seçilmişlər, dahilər, mənsub olduğu xalqın və insanlığın tarixində iz qoyanlar. Axı varlıqları ilə, əməlləri ilə digər Allah bəndələrindən fərqlənənlərin ömür müddətinə münasibət də adi insanların qismətinə yazılan ömür payına olan kimi götürülə bilməz. Qiymətli şəxsiyyətlərin irsini nəzərdən keçirirkən, onların həyatının hansı yaşda bitməsindən asılı olmayaraq, həmişə fikirləşirik ki, bir az da yaşasaydı, bizə yadigar qoyduğu gözəlliklərin sayı bir qədər də çox olardı.

Heyhat, bizdən asılı nə var ki! Təəssüflənməkdən, arzulamaqdan savayı əlimizdən nə gələr!

Amma XX yüzildə, qasırğalı dövrlər gedişində itirdiyimiz elə müstəsnalarımız var ki, bəzən qatışıq zəmanəni, həmin çağların istedada qənim qəddar siyasətlərini düşünürkən onların öz əcəli ilə nisbətən cavan getmələrinə acımaqdan daha çox haqq qazandırırıq.

Elə Mirzə Cəlilin özü. Gözlərini əbədilik yumanda ahıl yaşda idi, ancaq qoca ki deyildi, qələmi ki işləyirdi, hələ nə qədər yaşaya, yazıb-yarada da bilərdi. O cür zəka nəhəngi üçün nə yaş idi ki bu - hələ 70-nin tamam olmasına 7-8 il qalırdı. Ancaq 1920-ci illərin ortalarından etibarən ildən-ilə sovet hökumətinin, bolşevik siyasətinin kəc üzü ilə getdikcə daha artıq qarşılaşdıqca daxilən əzab çəkən Mirzə Cəlili 70 yaşının astanasında - 1937-1938-ci illərin qırğınları dövründə göz önünə gətirməyə çalışın.

O illər içində onu diri təsəvvür etmək olmur.

Nə onu, nə Əbdürrəhim bəy Haqverdiyevi, nə Cəfər Cabbarlını, nə də onlar qəbilindən olan və rəhmətə gedərək həmin qaramat illərə çatmayan digərlərini.

Onları erkən ölüm əslində xilas edib. Yaşayıb o illərə çatsaydılar, onlara da "xalq düşməni" damğasının vurulacağı şəksizdi. Sağ qalıb həmin illərə yetişsəydilər, elə Cavid kimi, Seyid Hüseyn kimi, Çəmənzəminli kimi... qurban gedəcəkləri labüddü. Qurban getməksə yalnız onların fiziki məhvi deyildi ki! Əli həbs orderli çekistlər 1937-də Mirzə Cəlillə Həmidə xanımın mənzilinə gəlsəydilər, ikisi də gedəcəkdi, övladları da sürgün olunacaqdı və ən mühümü - nə qədər kağız-kuğuzları var, hamısını yığıb aparacaqdılar. Nə Mirzə Cəlilin əlyazmaları qalacaqdı, nə məktublar, nə sənədlər, nə fotolar, nə Həmidə xanımın qələmə aldığı xatirələr.

Ehtimalımı təsdiqləyən, bu mülahizənin quru fərzetmə deyil, qaçılmaz gerçəklik olduğunu sübut edən həmin illərin bədbəxt təcrübələri, qəmli örnəkləridir. O zaman ardınca NKVD-dən gəlinənlərin özlərinin, əzizlərinin başına gələn faciədən artığına onların ev-eşiyi, var-yoxu, irsi düçar olub. Gəliblər, qəfil səmum kimi hər şeyi silib-süpürüb gediblər, qurbanlarını yox etdikləri kimi, onların izlərini də biryolluq tarixdən silməkçün çalışıblar - kitablarını, əlyazmalarını, fotolarını, məktublarını (Həmidə xanım vaxtilə Mirzə Cəlilin Elmlər Akademiyasına təhvil verdiyi məktublarını bircə-bircə nömrələmişdi və onların sayı 1.000-ə çatırdı. Aparardılar, bircəsi də qalmazdı və aparırlardısa da, bu o deməkdi ki, o vərəqlərin ömrü bitirdi. Lakin indi həmin məktubları oxuyuruq, hamısında həyat çırpınır və həm də o kağızlar yalnız Mirzə Cəlilin ömrünə deyil, oçağkı tariximizə işıq tutur), sənədlərini... yığışdırıblar, çox zaman o yükü maşına da qurbanların özlərinə daşıtdırıblar, sonra da mənasız kağız qalağı kimi kibrit çəkib yandırıblar, əsərləri kitabxanalardan, dərsliklərdən, səhnələrdən qeybə çəkilib, elə vahiməli mühit yaradıblar ki, adamlar onların adlarını dilə gətirməyə belə çəkinib.

Görün bu zavallı millət hansı qara əyyamlardan keçib ki, Mirzə Cəlil kimi nurlumuzun da belə-belə şeylərə görə həyatdan əslində vaxtsız, öz əcəli ilə getməsinə şükür edib təsəlli tapırıq, ölüm kimi məşum kəlməyə də "vaxtlı" sözünü əlavə etməyi özümüzə rəva görürük.

O tarix parçasında ki Mirzə Cəlil yaşayıb, zaman təqvimində balaca bir dövrdür. Ancaq içərisinin doluluğu, hadisələrinin çoxluğu, siyasətlərinin dəyişikliyi baxımından sanki arasıkəsilməz zəlzələlərin cərəyan etdiyi bir vaxt müstəvisidir ki, bu haqda hansısa kitabda oxumaq, bu gedişatı bir macəra filmində seyr etmək nə qədər maraqlıdırsa da, bunları yaşamaq, bu axarın qoynunda olmaq əsla asan deyil, bəzən cəhənnəm əzabıdır, insanı həyatdan bezdirəcək qədər ağrılıdır.

Çar hökuməti dönəmi, Azərbaycan Cümhuriyyəti dövrü, onun ardınca gələn bolşevik hakimiyyəti zamanlarında, hələ üstəlik bir ara İranda, Təbrizdə, büsbütün fərqli ictimai-siyasi mühitdə yaşamaq və olub-keçəndən, güzərandan baş çıxarmaq, dolanmaq özü belə müşkül idi, onda qalmış Mirzə Cəlil kimi sadəcə seyrçi qalmayasan, əli qələmli olasan, hər çağın ən sərt dalğalarını birbaşa öz taleyində hiss edəsən. Bu fərqli dövrlər həm də bir neçə inqilabla müşayiət olundu, bu çağın içərisinə dünya müharibəsi də girdi. İnsanları, səciyyəsi, baxışları tez-tez dəyişən həmin ləngərli dövrlərdə müvazinətini itirməmək bir ayrı hünər idi. Amma Mirzə Cəlilin əlində qələmi də vardı və sürətlə dəyişən həmin dövrlərin hər birində yazırdı, yazdıqları da mücərrəd deyildi, bilavasitə zamana və zəmanədəkilərə aiddi, o çağların səmtvericiləri, hökm sahibləri də bu yazılanlardan agahdılar və heç də həmişə yazılanlardan xoşhal deyildilər.

Mirzə Cəlilin həmin dəyişən dövrlərin hər birində başverənlərə tənqidi münasibəti vardı, onun sözü, qələmi fərqli zamanların hamısında dikbaş, etirazçı, barışmaz idi, gerçəkləri çılpaqlığı ilə əyan edən idi. O qarışıq dövrlərin hər birininsə belə açıq, tikanlı sözə öz münasibəti vardı - çox zaman sərt, hikkəli, kinli, hətta bəzən o qələm sahibini özünə düşmən sayaraq onunla haqq-hesab çəkmək ehtirası ilə alışacaq qədər amansız!

Lakin qələm, yaradıcılıq öz yerində, Mirzə Cəlil həm də ailə başçısı idi, böyük külfəti vardı. Bu mürəkkəb dövrdə həm də dolanmaq, bala başı saxlamaq məsuliyyəti daim onunla idi.

...Hərdən yaxın tariximiz haqqında bildiklərimiz qədim dövrlər barədəki məlumatlardan daha az olur. Burdan-bura hələ yerli-yataqlı agah deyilik ki, nədən 1917-ci ilin 25 dekabrında 26-cı sayı buraxılmış "Molla Nəsrəddin" nəfəs dərdi və Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay boyunca bircə nömrəsi də çıxmadı? Gizlinlərə yol aça bilən bir çox arxivlərimiz hələ də qapalı qalır. Cümhuriyyət dövründə də, Azərbaycanın sovetləşməsi dönəminin ilk onilində də xüsusi xidmət orqanlarının müşahidəsində olmuş Cəlil Məmmədquluzadə ilə bağlı əməliyyat məlumatları var ki, arxivlərdə kirimişcə qalır, onları görüb, oxuyub, xalqa çatdıracaq araşdırıcısını gözləyir. Təbii ki, gərək bunun izni də ola. Nə acı ki, əsrlər və minilliklər dəyişsə də, söz Mirzə Cəlildən gedərkən, arada artıq 100 ilə yaxınlaşan vaxt məsafəsi varkən yenə tariximizin qaranlıqlarını aydınlığa çıxaracaq bir çox qaynaqlara aparan yollarımız hələ də açıq deyil...

...1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti devrildi və həmin ilin son may günlərində Azərbaycanın şərəf tarixində qalacaq qəhrəmanlıq hadisəsi baş verdi. Mayın 25-dən iyunun ilk günlərinə qədər davam edən, minlərlə insanımızın həyatını əlindən alan, neçə igidimizi Vətəndən didərgin düşərək sonra bütün qalan ömrünü mühacirətdə sürməyə vadar edən Gəncə üsyanı, Ceyhun Hacıbəylinin sərrast ifadəsincə, 1920-ci ilin aprelində bu millətin üstünə düşən ləkəni qanla yuyub təmizlədi.

Və 1920-ci ilin son may günlərində, iyunun əvvəlində elə Gəncə üsyanının havası ilə Qarabağda da qarışıqlıq idi. Azərbaycan nə boyda yerdir ki, Gəncədəki atəşlərin səsi yurdun dörd bucağında əks-sədalanmayaydı. Vaxtilə misilsiz və müdrik sənətkarımız Cabbar Qaryağdıoğlu söyləyəndə ki, "Xəzərin o tayında atılan bir güllənin Xəzərin bu tayında xanəndənin səsinə təsiri var", əslində xeyli dərin mətləblərə işarə etmişdi.

Allah şahidi, Gəncə üsyanının sədalarının Qarabağa necə gəlib çatdığını olduğu kimi təsvir edən Həmidə xanım Cavanşir: "Mirzə Cəlil və bütün ailəmiz Qarabağda, Ağdamın 18 verstliyində yerləşən, Əhməd bəyin xüsusi mülkiyyəti olan Kəhrizli kəndində yaşayırdıq. 1920-ci il mayın sonlarında xəbər yayıldı ki, Gəncədə qiyam qalxmışdır. Şuşada və Ağdamda yerləşdirilmiş qoşun hissələri qiyamla əlaqədar Yevlax dəmir yolu stansiyasına tərəf hərəkət etməyə başlamışdı. Qarabağda addımbaşı rast gəlinən qaçaq dəstələri geri çəkilən kiçik hərbi dəstələrə hücum edir, yalqız əsgərləri öldürüb silahlarını götürürdülər. Xalq arasında şayiələr dolaşırdı, deyirdilər ki, Bakıda və Gəncədə vəziyyət yaxşı deyil, bolşeviklər geri çəkilir. İyun ayının əvvəllərində Şirvanlıpoçt stansiyası və Bərdə şəhəri tərəflərdən top səsləri, yaylım atəşləri eşidilməyə başladı. Sonra isə yaxın dağ kəndlərindən ard-arda güllə səsləri gəlməyə başladı. Hamı narahatlıq, təşviş və təlaş içində idi. Danışırdılar ki, Gəncə üsyanını yatırmış qoşun hissələri qəzəb içində Qarabağa qayıdır, qarşıya çıxan nə varsa, yandırıb, qana boyayıb yerlə-yeksan edirlər. Hamı qaçmağa hazırlaşırdı. Çox qorxunc söhbətlər gəzirdi. Deyirdilər ki, qoşunlar 5-7 yaşdan yuxarı rast gəldikləri başıpapaqlıları aman vermədən öldürürlər".

Orda-burda fürsətdən istifadə edən ermənilər də yenə baş qaldırıbmış. Mirzə Cəlilin Naxçıvandan Qarabağa qayıdan qardaşı Mirzə Ələkbər nə qədər təkid etsə, inandırmağa çalışsa da ki, özünü, uşaqları təhlükənin ağzına atmamaqçün müvəqqəti olaraq İrana qaçmaq lazımdır, Mirzə Cəlil qulaq asmır, ümid edir ki, bu həngamə tezliklə səngiyəcək.

"Mirzə Cəlil də, mən də qərara gəldik ki, evimizdən heç yerə tərpənməyək. Tüfəng və top səsləri get-gedə daha aydın və daha yaxından eşidilməkdə idi. Həmin vaxt hər tərəfdən axışan qaçqınların sayı artmağa başlamışdı. Qətllər, qırğınlar haqda dəhşətli hadisələr danışırdılar. Bir də gördük ki, bütün kəndlilər, bütün qohum-əqrəba, evlərimizi tərk etməmək haqqında verdiyimiz sözə baxmayaraq, tələm-tələsik yığışıb şələ-küləni arabalara yerləşdirir, mal-qaranı sürüb çöldən gətirir, evlərini tərk edir, uzanıb gedən qaçqın köçünün ardınca yola düzəlirlər".

Mirzə Cəlilgil məcbur qalıb o günlərdə İrana, Təbriz tərəfə səmt götürürlər. Qarşıdakı bütün təhlükələri nəzərə alaraq yaraqlanmışdılar - Həmidə xanım da, Mirzə Cəlil də belində patrondaşlar, mauzerlər qorxulu yollardan keçib gedirdilər.

Mirzə Cəlillə Həmidə xanıma adətən yalnız "ömür-gün yoldaşı" deyil, qoşa adladıqları keşməkeşli aşırımlara görə sözün məcazi mənasında "silahdaş" deyilib. Həmin həyəcanlı günlərdə isə onlar elə sözün birbaşa anlamında da silahdaş idilər.

Çox əziyyətlərdən sonra gəlib yetişmişdilər Təbrizə. Həmidə xanım xatırlayırdı ki, küçələrdən keçib gedirdik, heyrətdə qalmışdıq, sağda-solda sanki uzun, çox uzun bir divar idi.

Sıralanmış evlərdən heç birinin küçəyə açılan pəncərəsi yoxmuş, evlərin hamısının pəncərələri öz həyətlərinə açılırmış.

İndi, XXI əsrin il-il irəlilədiyi günlərdə köhnə xatirələrin cığırı ilə 1920-ci il İranına, Təbrizin küçələrinə qayıdaraq bütöv bir divar kimi uzanan, sıralanmış pəncərəsiz evləri düşünürkən həm də Mirzə Cəlilin uğrunda çalışdığı amallar keçir xəyaldan. O bütöv divar kimi uzanan və qıraq gözlərə qapalı, özü də kənar aləmdən təcrid olunmuş kimi qalan pəncərələrsiz evlər əslində Mirzə Cəlilin ömrü boyu içərisində yaşamış olduğu və heç vaxt sığışmadığı qapalı mühit idi. Mirzə Cəlilin apardığı mübarizələrin də məqsədi ondan ibarət idi ki, o divarlar sökülsün, dağılsın, insanların hamısının geniş-geniş açılan pəncərələri olsun.

Və Mirzə Cəlilin bütün doğurduqları da mahiyyətcə onun öz əli, zəkası və qəlbi ilə milləti üçün yaratdığı böyükdən-böyük, taybatay açılı PƏNCƏRƏ idi...

Mirzə Cəlil Təbrizdə olduğu qısa müddətdə də Cümhuriyyət dönəmində susmuş "Molla Nəsrəddin"ini dirçəltmiş, yenidən buraxmışdı.

Həmidə xanımın Mirzə Cəlilli xatirələrinin hər səhifəsi, hər sətri qiymətlidir. Ancaq o çağın İranına, o günlərin Təbrizinə və təbrizlilərinə, o dövrdə çıxan "Molla Nəsrəddin"ə aid xatirələrin misli-bərabəri yoxdur. Çünki Həmidə xanımın xatirələri yeganə mötəbər qaynaqdır ki, "Molla Nəsrəddin"in, Mirzə Cəlilin ozamankı Təbrizdə göstərdiyi fəaliyyətləri bütün ayrıntıları və aydınlığı ilə əks etdirir. Bu, bütün xırdalıqlarıyla müfəssəl təqdimə layiq tarixi hekayətdir ki, ona ayrıca dönməyə ehtiyac var, çünki indiyəcən bir para məqamları hələ də üzə çıxarılmayıb. Onu sonraya saxlayaraq Həmidə xanımın bir müşahidəsini bölüşməyin hər halda yeridir. Təbrizlilər Mirzə Cəlilin cəsur qardaşı, Səttarxan çiyindaşı Mirzə Ələkbəri yaxşı tanıyırdılar, ona heyran idilər, amma Cəlil Məmmədquluzadənin onlar kimi adi adam olmağına inanmaqları gəlmirdi. Bu sorağı bir başqası çatdırsaydı, bir az şübhə ilə yanaşardım. Ancaq bunları soyuq ağıllı, həqiqətləri ağı və qarası ilə dəqiq nişan verən Həmidə xanım Cavanşir xəbər verir: "Hamı Molla Nəsrəddinlə görüşmək istəyirdi. Sonradan eşitdim, Təbrizdə söhbət gəzirmiş ki, Molla Nəsrəddin qeyri-adi adamdır, səmada yaşayır, jurnalı da göydən yazıb göndərir. Elə hallar olurdu ki, bizim evə Molla Nəsrəddinə tamaşa etmək və onun necə göründüyünü gözləri ilə görmək üçün yad qadınlar gəlirdilər. Onlar baxır və inana bilmirdilər ki, Molla yerdə yaşayır".

...Bakıdan Azərbaycan hökuməti teleqram göndərmişdi, Mirzə Cəlili dəvət edirdilər ki, gəlin, sizə yüksək vəzifə vermək, xalq maarif komissarı təyin etmək istəyirik. Ancaq Cəlil Həmidə xanıma etiraf edibmiş ki, mən özümü bu iş üçün yararlı hesab etmirəm, orada xahiş edəcəyəm ki, mənə köhnə qayda ilə "Molla Nəsrəddin"i nəşr etməyə icazə versinlər.

Gəlmişdi, büsbütün yeni zaman içərisində "Molla Nəsrəddin"i elə yeni günün ruhuna və tələblərinə uyğun buraxmağa başlamışdı. Yeni günün və təzə hökumətin arzuladığı sözü deyənlər çox idi. Lakin Mirzə Cəlilin yazı ilhamı və istedadından, sözündən və qələmindən savayı, həm də onların hamısını birləşdirən və hamısından da ucada dayanan GÖZLƏRİ vardı. Hətta bəzən onunla eyni yolu tutub gedənlərin belə yanından keçib sezmədiklərini elə uzaqdan-uzağa alıcı quş kimi tutan və bunu sözə döndərməyi qələminə həvalə edən itidən-iti gözləri. Fəqət Molla Nəsrəddini mübarizələrində müttəfiqi kimi böyründə görmək istəyən Şura hökumətinin yüksək məmurları bir mühüm həqiqəti unudurdular ki, o gözlərin bir əmması da var - yalnız sənin görülməsini istədiyini yox, hər şeyi görür, o sıradan sənin qüsurlarını da və görürsə, onu saxlamaq da mümkün deyil, nə yollasa bir üsul tapıb deməli olduğunu söyləyəcək, yazmalı olduğunu qələmə alıb faş edəcək, üstəlik yan-yörəsini də şəkillə-filanla bəzəyəcək.

Lakin bolşevikə də bolşevik deyərlər, hər halda dalaqları sancıbmış ki, Cəlil Məmmədquluzadəyə sona qədər əmin olmaq çətindir və belə anlaşılır ki, jurnalın buraxılmasına rüsxət verilənəcən Mirzə Cəlillə heç də sadə olmayan söhbətlər aparıblarmış və yəqin, şərtlər də qoyurmuşlar. Hər halda Həmidə xanımın İrandan yenicə gəldiyi günləri xatırlayaraq yazdıqlarından çıxan nəticə budur: "Mirzə Cəlilin "Molla Nəsrəddin" jurnalı ilə bağlı rəhbərliklə danışıqları da qaydasınca getmirdi. O, fikir edir, iztirab çəkirdi".

Bu diltapma da uzun çəkir və yalnız 1922-ci ilin payızında Mirzə Cəlilə jurnalı buraxmaq izni verilir.

1922-ci il noyabrın 2-də dərginin həmin il üçün 1-ci sayı nəşr edilmişdi və elə həmin ağır danışıqların yekunu olaraq "Şura" sərlövhəli yazı ilə başlayırdı: "O şey ki qoca Molla Nəsrəddinin qəlbinə və məzaqına hər babətdən müvafiqdir, onun adı Şuradır". Ardınca da "Bakı nefti" şeiri, "Yeni yol" qəzeti haqqında məqalə və "Molla Nəsrəddin dəst-i xəttinə dəxli olmayan belə-belə dişsiz xırda-para yazılar.

Oxucusu ilə noyabrın 9-da görüşən sayında xırda-xırda "Molla Nəsrəddin" "Molla Nəsrəddin"liyini büruzə verməyə başlayır. Üz səhifəsində neft buruqları arasında bir milli geyimli xanım. Rəsm onun adını da dəqiqləşdirir: "Azərbəyim". Sağdan ona bir yumruq uzanıb, soldan daha bir neçə əcnəbi göz dikib. Azərbəyim əslində bu rəsmdə elə sərvətlərinə yadellilərin əl qoyduğu, göz dikdiyi bəlakeş Vətəndir. Bu sayda da rəhbərliyin öncədən sifariş etdiyi üsluba uyğun yazılar və deyiş tərzi yer alırsa da, tədricən dərgiyə əskilərdən xas olan neştərin ucu da görünməyə başlayır. "Molla Nəsrəddin" bu dəfə bir "Lüğətçə" düzəldib idarə adlarını şərh edir. Yazır ki, "azneft"in adı ona görə belədir ki, günü-gündən qulluqçularının məvacibi artdıqca nefti azalır.

Nömrədən-nömrəyə bir çimdik-bir çimdik "Molla Nəsrəddin" istiotu artırmağa, barıtı çoxaltmağa başlayır və təbii ki, bu qırmızı hökumətlə ikibaşlı oynamaq çətindi, onunla belə rəftarın yazanın başında çatlaması da özünü çox gözlədəsi deyildi.

1923-cü ilin mayında "Molla Nəsrəddin"in Bakıda, Sovet Azərbaycanında nəşrə başlamasının heç 1 ili tamam deyildi, amma artıq Mirzə Cəlilə İrandan təzə gəldiyi çağlarda bəslənən münasibət yox idi. Zahirdə hiss edilməsə də, həssas Mirzə Cəlil bunu duyurdu, ona görə pərişan idi və çox keçmədən elə açıq zərbə də gəlir.

Mirzə Cəlil "Molla Nəsrəddin"in nəşrinin 18-ci ilini qeyd etməyə hazırlaşırmış. İki bayramın bir-birinə qarışması gözlənilirmiş - "Danabaş kəndinin əhvalatları" da səhnələşdirilibmiş, mayın 12-də Mayılov teatrında premyera olacaqmış. O ərəfədə Həmidə xanım Qarabağda idi. Mirzə Cəlil məktub yazaraq həm öz adından, həm uşaqların dilindən rica edirdi ki, zövcəsi oradakı işlər nə qədər təxirsiz olsa da, hamısını qısa müddətə də olsa yarımçıq qoyaraq Bakıya gəlsin, onlarla birgə olsun.

"Kommunist" qəzeti isə aprelin 30-da elan edirdi ki, mayın 2-də elə həmin Mayılov teatrında təntənəli "Molla Nəsrəddin" gecəsi təşkil ediləcək. Müsamirənin fəxri sədrləri təzə hökumətin ən öndəgedənləri Səmədağa Ağamalıoğlu və Qəzənfər Musabəyovdur. Ancaq gecə baş tutmur, qəzetlərdə bildiriş verilir ki, müsamirə təxirə salınır, amma ayın 2-nə alınmış biletlər mayın 11-nə qüvvədədir.

Sanki narahatlığa ciddi əsas yoxdur, hansısa səbəblərdən belə təxirəsalmalar əlbəttə ki, mümkündür, adətən az da rast gəlinmir. Xeyirlisi - bəlkə bu daha yaxşıdır ki, mayın 11-i "Molla Nəsrəddin gecəsi" olacaq, düz ardınca da ayın 12-sində tamaşa.

Lakin 1923- aprel ayının 5-də "Bakinskiy raboçiy" qəzetində S.Şadunts imzalı müəllifin "Zemlya krestyaninu" ("Torpaq kəndliyə") o çağların səciyyəvi ifşaçı məqalələrindən biri dərc edilmiş və həmin kəskin yazının hədəfə götürdüyü də Həmidə - idi. Məqalədə dırnaqarası "keçmiş xeyriyyəçi" adlandırılan Həmidə xanımın fəaliyyətlərindən həqarətlə bəhs edilir, guya kəndlilərin kəhrizini zəbt etdiyi, suyu onlara pulla satdığı barədə hərzə-hədyan ifraz olunurdu.

Erməni müəllif belə yazırdı: "Şuşa qəzasının dördüncü sahəsində naməlum olmayan mülkədar - "xeyriyyəçi" Həmidə xanım molla vasitəsiylə kəndliləri inandıraraq bildirib ki, əgər onlar kəhrizi bu xanımdan alsalar, Allah onların namazlarını qəbul etməyəcək. Çünki dəsamazlarını oğurluq suyla alıblar. Beləliklə, Həmidə xanım asanlıqla nail olub ki, kəndlilərdən kəhrizin təmiri üçün bir neçə dəfə artıq  taxıl qoparsın. Həmin kəhrizin suyunu isə kəndlilərə pulla satır".

Əslində isə Həmidə xanım atasının yadigarı, qəlbən bağlandığı Kəhrizlini dirçəltmək üçün gecə-gündüz zəhmətə qatlaşırdı, uçub-dağılmış kəhrizləri kəndlilərdən ağır şərtlərlə icarəyə götürmüşdü, vəsait tapmışdı, özü demiş, "əldən-dildən düşərək" kəhrizləri təmizləyib bərpa elətdirməklə məşğul olmuşdu.

Qəfilcə hökumət adamları çağırıb demişdilər ki, icarəyə götürdüyünüz kəhrizləri sahiblərinə qaytarmalısınız. Həmidə xanım da soruşmuşdu ki, təmizləmə, bərpa işlərini dayandırımmı, işçiləri buraxımmı? Bu suala da əcaib cavab vermişdilər ki, yox, davam edin, işləri bitirməsəniz, məsuliyyətə cəlb oluna bilərsiniz, biz sonra sizin xərcləri qaytararıq.

"Bakinskiy raboçiy"dəki şər-böhtanlı məqalə Mirzə Cəlili hövsələdən çıxarmışdı, bunu yalnız Həmidəyə hücum deyil, özünə qaşı da qəsd kimi qəbul etmişdi, respublika rəhbərliyinə elə həmin gecə üç əsəbi məktub yazmış, komissiya göndərərək məsələləri yerində araşdırmağı xahiş etmişdi.

Mirzə Cəlilə növbəti sarsıdıcı zərbəni mayın 12-də, premyera günü endirmişdilər.

Həmidə xanım xatırlayırdı ki, ilk tamaşa günü gəlib çatdı, hamımız orada idik, lojada ikinci yarusda oturmuşduq, Mirzə Cəlil həyəcanlı idi, deyəsən, nəsə qaydasında deyildi, nəyə görəsə antraktlarda musiqi çalınmırdı, ikinci aktdan sonra pərdəni açmadılar, tamaşaçılar çaşıb qalmışdı, böyük bir mərəkə qopdu, Mirzə Cəlil başını itirmişdi, o, bizdən həmin anda evə dönməmizi tələb etdi, biz evə qayıtdıq, Mirzə Cəlil yolda dedi: "Bundan sonra bir daha yubiley keçirməyə razılıq vermərəm".

Mirzə Cəlilin bayramlarını burnundan belə gətirmişdilər, sevinclərini ovsanadan bu cür çıxarmışdılar.

Yazıçı üçün əsərinin səhnəyə gəldiyi gün övladın doğulmasına bərabər xoşbəxtlikdir. Mirzə Cəlilə qarşı sifəti çönmüş, mədəsi onu qəbul etməyən yeni quruluş, bicdənəmələgəlmə ideoloji onu bu cür burunlayırdı, bu cür zəhərləyirdi.

Altıca gün ötür. Bu, qəza vü qədər idimi, bəxtin dönməsi idimi, ya nəsə mübhəm əl işə qarışmışdı? Cavabsız suallardır.

Xeyli sonralar, ötmüş illər faciənin göynəyini soyudandan sonra Həmidə xanım yada salırdı ki, Mirzə Cəlil mövhumatçı deyildi, cürbəcür röyaların əlamətlərinə, yuxuyozmalarına inanmazmış, ancaq mayın 18-də yuxudan çox kefsiz oyanır, deyir ki, pis yuxu görmüşəm, yuxusunu ötəri danışır ki, can verən, ölən adam, qan görmüşəm.

Həmidə xanım bunu da yazır ki, axşamüstü qızı Minagilə gedəcəkmiş, amma nəsə yubanır, bir də onu görür ki, 11 yaşlı oğlan nəvəsi yüyürə-yüyürə dəhşətli xəbərlə gəldi ki, anam özünü güllə ilə vurdu.

Böyük dərd, yas içində olan adam sanki ətrafdakıları daha iti, daha dəqiq görməyə başlayır. Fikir verməmisinizmi, hüzr sahibi nə qədər dalğın, üzgün, qəmgin olsa da, məclisə gəlib-gedənlərin birini də nəzərdən qaçırmır, hamısını yadda saxlayır. Həmidə xanım istəkli balasının ölüm xəbərini aldığı, başdan ağıl çıxaran, bir ana gözünə dünyanın görünmədiyi anda belə görə bilmişdi - uşaq gətirən xəbəri eşidincə Mirzə Cəlilin o anlarda daha təbii ola biləcək sarsılmaqdan, kədərlənməkdən, halsızlaşmaqdansa mat qalmasını, heyrətə düşməsini.

Bu ani hiss nə hissmiş? Gizlinci Həmidə xanıma Cəlil özü açıbmış. Sən demə, ötən gecə yuxusunda elə qanına qəltan olmuş, can verməkdə olan Minanı görübmüş. Sadəcə, ürəyi gəlməyibmiş ki, yuxusunu Həmidəyə elə gördüyü kimi danışsın.

Mirzə Cəlilin beynində, könlündə daşıdığı sirlərini, kimsəylə bölüşmədiklərini, xüsusən ömrün son parçasında yad gözlərə göstərmədən çəkdiyi iztirabları onunla bir yastığa baş qoyan, həm də ona düşüncə, ruh, duyğu, zövqcə yaxın olan həmdəmindən yaxşı kim bilər ki!

Həmidə xanımın xatirələrini oxuduqca o gümanım da yaranır ki, deyəsən, axı o vaxt Mirzə Cəlili göydə yaşayan adam kimi qavrayan təbrizlilər haqlıymış.

Bu kişi sabahları, özünün və doğmalarının gələcəyini öncədən görə, sezə bilirmiş, hələ gəlməmiş günlər ona yuxularında nazil olurmuş.

Həmidə xanım 1925-ci ilin yanvarını anır. Özünü yaxşı hiss etməyən, başı ağrıyan Mirzə Cəlil o axşam heç nə yazmır, yatağına da həmişəkindən tez girir. Həmidə xanım gecə yarısı inilti səsinə oyanır. Baxır ki, Cəlil boğulan kimidir, xırıldayır, oyatmağa çalışsa da, buna handan-hana nail olur. Cəlil xeyli susur, məyus-məyus ətrafa baxır, əvvəl danışmaq istəməsə də, Həmidə xanım çox israr edəndən sonra gələcəyin gerçəklərindən xəbər gətirən xoflu-vahiməli röyasını nağıl edir. Başlayır danışmağa ki, yuxuda gördüm məni mühakimə edirlər, suçlu sayır və bir divarın içərisinə hörmək istəyirlər. Əvvəlcə məni zorla zirzəmiyə gömürlər, sonra qapını kərpiclə hörürlər, sonra tavandakı yeganə nəfəsliyi də yuturlar. Qışqırıb yalvarıram ki, heç olmazsa bu balaca pəncərəni bağlamayın, qoyun bir nəfəs ala bilim, məni havadan məhrum etməyin.

Özü getməsəydi, axırının mütləq buna bənzər olacağına şəkk yoxdu.

Çünki o vaxtacan Azərbaycan zindanlarında oxşar hadisə olmasa da, məhz 1937-ci ildən etibarən, işgəncələrin şahə qalxdığı çağlarda məhbusların diri-diri divara hörüldüyü, elə biçarə Müşfiqin belə müdhiş sonluqla üzləşdiyi haqda şahid ifadələri qalmaqdadır.

Nəfəslikdən, havadansa Mirzə Cəlili artıq elə 1925-ci ildə - hələ ölümünə xeyli qalmış məhrum etmişdilər.

Həmin o yuxuda boğulduğu narahat gecədə ürəyindəki bir başqa gizlinci də Həmidə xanıma açıbmış ki, jurnalın işləri heç yaxşı deyil, cox ciddi gərginlikləri var.

Gərginlik yazmağa söz tapmamaqla yox, istədiyi kimi yazmağına macal verilməməsində, güclü təzyiqlərdəymiş. Belə hiss olunur ki, Mirzə Cəlil və komandasına yalnız dar bir çərçivədə hərəkət imkanı verilibmiş. Yalnız din əleyhinə, bir də xırda məişət məsələlərini tənqid etmək olar. Ciddi ictimai-siyasi mövzulara toxunmaq yasaqlanmışdı. 1925-ci il yanvarın 31-də "Molla Nəsrəddin"in 5-ci nömrəsi işıq üzü görür. Sonda baş redaktorun adı gedir: "Müdir-i məsul Cəlil Məmmədquluzadə". 1925-ci il fevralın 7-də nəşr edilən növbəti, 6-cı sayda isə daha Mirzə Cəlil öz adını yazmır. "Baş redaktor" əvəzinə "Heyət-i təhririyyə" gedir.

Böyük məslək adamını belə çiyrindirirdilər, belə çərlədirdilər.

Bir yandan öz xəstə məfkurəsi ilə Şura hökuməti, o biri yandan da ətrafdakı paxıllar, bədxahlar, nacinslər Mirzə Cəlilə doğru gələn bütün işıq yollarını qapadır, nəfəslikləri bağlayırdılar.

Hələ 1925-ci il idi. Hələ qarşıda Mirzə Cəlilin bu qəbil löyün-löyün sıxıntılara dözərək yaşayacağı 5 il də vardı.

Allah hər halda bir məqamda ömrün son nisgilli parçasında Mirzə Cəlilin üzünə baxır və ona bir ölümü görmək məşəqqətindən nicat verir. Həmidə xanımın yazmasınca, Cəlil oğlu Midhəti "canından artıq" istəyirmiş. Midhət çox oxuyan, çalışan, istedadlı yeniyetməymiş. İxtiraçılığa mailmiş, aeroplanlar düzəldirmiş, dövri mətbuatdan radioqəbuledici quraşdırmaq qaydaları haqqında oxumuş, ona məktəbə gedərkən yemək üçün verilən xərcdən qənaət edərək, boğazından kəsərək lazımi hissələri alırmış, damlarının üstündə özünün düzəltdiyi radioanteni ucaldıbmış, bunun sayəsində evdəki radio Moskvanı, xarici ölkələri tuturmuş, yenə Həmidə xanımın xatırlamasınca, qonşular gəlib onlarda təəccüb və maraq içində xarici radiostansiyaların verilişlərini dinləyərmişlər.

Bu istedadla daşan gənci o vaxtlar sağalmaz olan azar aparır. Allah Mirzə Cəlili ömrün son əzablı parçasında ciyərparası Midhətinin ölümünə şahid olaraq diri-diri ölmək müsibətindən qoruyur. Həmidə xanımın qələmindən çıxmış gözü yaşlı sətirlər: "Midhət atasından düz beş ay sonra, vərəmdən vəfat etdi və elə onun yanındaca dəfn olundu".

...Mirzə Cəlilin adamayovuşmazlığını, qaradinməzliyini, az danışan olmasını müasirlərinin bir çoxu təsdiq edir. Amma daha dəqiqini Həmidə xanım çatdırmaqla bunun səbəbini də açır. Yazır ki, Mirzə Cəlil öz işinə o qədər aludə bir adam idi ki, kiminsə gəlib ona mane olmasına heç cür dözə bilmirdi. Səs-küy, taqqıltı-gurultu onu düşünməkdən və yazmaqdan qoyurdu. Tərs kimi son dərəcə iti eşitmə qabiliyyəti vardı. Ən zəif səsləri belə eşidir, fikri yayınır, bundan da əsəbiləşir və hövsələdən çıxırdı. Ona görə Mirzə Cəlil nə qonaq gedirdi, nə də qonağın gəlməsini istəyirdi. Ziyafətlərdən, iclaslardan və bu kimi tünlüklərdən zəhləsi gedirdi. Onun belə qaradinməzliyi ətrafındakı insanlara qəribə gəlirdi. İnsanlar onun davranışına əsəbiləşir, onu lovğa sayırdılar. Əslində isə onun beyni daim düşüncə, fikir və xəyallarla dolu olurdu. O, ağlına gələn fikirləri yayındırmaqdan, yaddan çıxarmaqdan qorxur, düşüncələrini daim tələm-tələsik kağızlara köçürürdü.

Kağıza köçürməyə girəvə tapmadıqlarına heyif! Zəli olub Mirzə Cəlilin ömrünü sovuranlar ondan və millətdən bizlərə miras qoya biləcəyi nə qədər inciləri qopardı...

Mirzə Cəlil həyat eşqi ilə dolu insanmış və ölməkdən çox qorxarmış. Təbiətcə o, məğrur, ötkəm adamdı və həyatı boyu da qətiyyəti, cəsarətliliyi ilə seçilmişdi. Ölümdən qorxması da onu alıb aparacaq bu məşum qüvvədən daha artıq yazmağa imkan tapmayacaqlarının onunla gedəcəyi hürküsü idi.

1930-cu ilin dekabrında Mirzə Cəlil müalicədən ötrü Kislovodska gedibmiş. Qayıdanda oradakı həkim açmamasını bərk-bərk tapşıraraq ona bir zərf verir ki, Bakıdakı müalicə həkiminə çatdırsın. Mirzə Cəlil də Bakıya gəlib çatanacan zərfə toxunmur, ancaq son anda səbrini basa bilmir, zərfi açır, məktubu oxuyur. Bu, ölüm hökmü idi: "Xəstənin kitabı bağlanıb, iki aydan çox çəkməz".

Açmamalı olduğu zərfi açmasıyla ona bəlli olmuş bu həkim ehtimalı Mirzə Cəlili, ya elə istənilən adamı bir kabus kimi pəncəsində sıxa, elə vəd edilən vaxtda da canını ala bilərdi. Mirzə Cəlil güclü adammış ki, ölümü də yenir, bu psixoloji bataqlığı da keçir.

1931-ci ilin dekabrında bir axşam yorğun-yorğun gülümsəyərək Həmidə xanıma deyir ki, həkim düz bilməyibmiş, onun hökmündən sonra düz 10 ay yaşadım.

Mirzə Cəlilin bu sözlərində də əslində onun daha bir öncəgörümü varmış. Deyə bilərdi ki, "10 aydır yaşayıram", yəni ömrüm davam edir. "10 ay yaşadım" söyləyir, sanki hiss edir ki, möhlət elə bu qədərmiş...

...Mirzə Cəlilin həyatının son parçasıyla bağlı Həmidə xanımın kədərli xatirələrində bu da var ki, 1931-ci ilin iyulunda əvvəlcə gedirlər Kürdəmirə. Uşaqlar orada yaşayıb işləyirdilər. Bir neçə gün burada qalır, sonra Qarabağa yola düzəlirlər.

Və Mirzə Cəlilin Qarabağa axırıncı səfərində söylədiyi, Həmidə xanımın da xatirələrində bizə gəlib çatan sözlər həm kədərləndirir, həm düşündürür, həm də arzu oyadır.

İsa bulağına baş çəkirlər, gəlib Cıdır düzündə gəzirlər və Mirzə Cəlil qayıdır ki, "öləndə məni bu təpələrdən birinə quylayın".

Mirzə Cəlilin son mənzili Bakıda Fəxri xiyabandadır - Azərbaycanın müqəddəs bir ünvanında, millətin ən seçmə övladlarının qovuşduğu əziz məkanda. Və Həmidəsi də yanındadır. Amma Mirzə Cəlilin 1931-ci ilin iyulunda, növbəti ilin ilk yanvar günlərində gəlib çatacaq əbədi ayrılığından öncə orada - Şuşa dağlarında söylədiyi sözlər də yaddaşdadır.

Baxdıqca uzanan o ənginliyi, yaşadıqca yaşamağa ilhamlandıran o gözəllikləri seyr edirdi və çox istəyirdi ki, ömrü boyu həmin gözəlliyin qoynunda qalsın. Ya bəlkə o anlarda dilə gətirdiyi həmin sözlər Mirzə Cəlilin bir başqa öncəgörümü imiş? Bəlkə o gün də uzaqda deyil ki, Mirzə Cəlilin bu son diləyi də çin çıxacaq, o, sevimli Qarabağa, füsunkar Şuşaya abidəyə çevrilərək, həm də tək yox, Həmidəsiylə əl-ələ qayıdacaq?!

23 iyul 2024

Rafael HÜSEYNOV, akademik

“525-ci qəzet”

  • Paylaş: