Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri” görkəmli bəstəkar Tofiq Quliyevə həsr olunub
29.07.2024 14:38
  • A-
  • A
  • A+

“Axşam görüşləri” görkəmli bəstəkar Tofiq Quliyevə həsr olunub

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqram Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən olan Xalq artisti Tofiq Quliyevə həsr olunub.

Akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin özünəməxsus yeri var. Görkəmli bəstəkar Azərbaycan musiqisində 1940-cı illərdən parlayıb. O, ölməz əsərləri ilə milyonlarla insanın zövqünü oxşayıb, əbədi rəğbət qazanıb.

Proqramda Tofiq Quliyevin zəngin yaradıcılıq yolundan bəhs edilib. Qeyd olunub ki, “Axşam görüşləri”nin hər buraxılışı da Tofiq Quliyevlə başlayır və onunla bitir. Çünki “Axşam görüşləri” mahnısının sözlərini Rəsul Rza yazıb, musiqisini Tofiq Quliyev bəstələyib və Şövkət Ələkbərova bu nəğməni oxuyub.

Bildirilib ki, böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir. Tofiq Quliyevin ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. O, bahar ovqatlı yaradıcılığa ilə Azərbaycan insanının içərisini böyük işıqla doldurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: