Yaponiyanın İrandakı səfiliyinin əməkdaşı Jun Oya Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
O, əslən Cənubi Azərbaycandan olan həyat yoldaşı ilə birlikdə muzeyi ziyarət edib.
Fəaliyyəti və maraq dairəsinə görə fars ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri ilə maraqlanan qonağı ekspozisiya ilə muzeyin kiçik elmi işçisi Humay Qasımzadə tanış edib.
Ekspozisiyada ziyarətçinin diqqətini Təbriz xalçaçılarına məxsus “Dörd fəsil” adlı süjetli xalça və “Kitabi-Dədə Qorqud” dastanı əsasında rəssam Stanislav Şatikov tərəfindən hazırlanmış xəritə cəlb edib. Jun Oya İrana gəlmədən öncə Nizami Gəncəvi yaradıcılığını araşdırdığını və dünya səviyyəsində tanınan şairin sevildiyini qeyd edib. Azərbaycanda şairin adını daşıyan, onun yaradıcılığını, həmçinin Nizami dühasının işığında Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən muzeylə tanışlıqdan məmnun olub.
Sonda Jun Oyaya Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun müəllifi olduğu “Şirvan şairləri” və “Nizami muzeyinin xalçaları” adlı kitabları hədiyyə olunub. Jun Oya muzeyin rəylər və təəssüratlar kitabında isə bu muzeydə gözəl vaxt keçirdikərini və Azərbaycanda qonaq olan hər bir turistin yolunun buradan keçməsini tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.