Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri”nin efirə çıxmasından 50 il ötür
07.01.2025 12:18
  • A-
  • A
  • A+

“Axşam görüşləri”nin efirə çıxmasından 50 il ötür

Artıq 50 ildir ki, hər bazar günü Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən "Axşam görüşləri" proqramının 2025-ci il üçün ilk buraxılışı yayımlanıb.

Budəfəki veriliş yubiley ili olması ilə əlamətdar olub.

"Axşam görüşləri"ndə akademik Rafael Hüseynov 50 il öncə ilk verilişin ərsəyə gəlməsindən danışıb. O, ilk dəfə hələ tələbə ikən 1974-cü ilin oktyabrında birinci verilişi səsləndirdiyini və həmin verilişin yolaçıcı olduğunu bilirib.

O dövrdə hər bazar günü efirə gedən "Axşamınız xeyir" adlı istirahət konsertinin olduğunu xatırladan akademik Rafael Hüseynov başlanğıcda Moskva radiosunun "Dobrıy veçer" konsertinə oxşadılan bu proqramın maraqlı və məzmunlu hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, bazar günü "Arzu" musiqi poçtu" adlı ayrı bir proqram da efirə gedirdi. Eyni gündə səsləndirilən bu verilişlər bir-birilərinə çox bənzəyirdi. "Arzu" musiqi poçtu" proqramında uzun-uzadı adlar söylənilir, musiqi nömrəsinin adı çəkilir və səsləndirilirdi.

Akademik Rafael Hüseynov Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin o zamanki sədri Qurban Yusifzadənin göstərişi ilə təkrarçılıq səbəbindən "Axşamınız xeyir" istirahət konsertinin bir veriliş olaraq proqramdan çıxarıldığını bildirib. O, veriliş bağlandıqdan sonra musiqi redaksiyasına bu verilişi sanballı proqrama çevirməsi təklifini etdiyini və bu təklifin redaksiya tərəfindən qəbul edildiyini vurğulayıb.

Əvvəlcə Tofiq Quliyevin Rəsul Rza sözlərinə yazıldığı və Şövkət Ələkbərovanın ifa etdiyi "Axşam görüşləri" mahnısının adına uyğun olaraq verilişin adını dəyişdiyini söyləyən Rafael Hüseynov ilk verilişlərə maraqlı insanları dəvət etdiyini, cəlbedici müsahibələr aldığını bildirib. Vurğulayıb ki, "Axşam görüşləri" tezliklə efir məkanında sabit yerini tutdu və bu ənənə 50 ildir davam edir.

"Axşam görüşləri" verilişinin əvəzsiz aparıcısı olan Rafael Hüseynov 50 il əvvəl müstəqil olmasaq belə ilk verilişdən başlayaraq hər zaman milli ruhumuzun, milli iradəmizin, milli varlığımızın ifadəsi olan məqamlara bu proqramda diqqət yetirildiyini deyib. O, bu yolun hazırda da davam etməkdə olduğunu söyləyib, gələcəklər içərisində də davam edəcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: