Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Mətnşünas alimin elmi uğurları
31.07.2024 10:12
  • A-
  • A
  • A+

Mətnşünas alimin elmi uğurları

Səbuhi İbrahimov Respublikanın tanınmış mətnşünasları içərisində dəyərli mövqeyə malik bir tədqiqatçıdır. Səbuhi müəllim gənclik illərindən başlayaraq həyatının 25 ilini xalqımızın yazılı abidələri sayılan əlyazma mətnlərinin tədqiqinə həsr etmişdir. Onda olan bu sevgi, həvəs onu Respublikanın mətnşünas alimlərindən biri kimi tanıtmışdır.

Səbuhi Məmmədəli oğlu İbrahimov 1971-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kəndində anadan olmuşdur. O, Bakı İslam Universitetində bakalavr (1998), Naxçıvan Dövlət Universitetində isə magistratura (2004) pillələrini bitirmişdir. 2005-ci ildə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olmuşdur. 2008-ci ildə Bakı Dövlət Universitetində “İslamda İmamilik” adı mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

S.İbrahimov 2006-cı ildən AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsində fəaliyyət göstərməyə başlamışdır. Hazırda O, Naxçıvana məxsus qədim əlyazma mətnlərinin tədqiqi, tərcüməsi və onların elmi-fəlsəfi mahiyyətinin araşdırılmasında mühüm əhəmiyyətli işlər görməkdədir. Bunu alimin Naxçıvana dair əlyazma mətnləri ilə bağlı 150-ə yaxın çap olunan elmi məqaləsindən də görmək olar. Səbuhi müəllim Respublika mətnşünaslıq elminin inkişafında zəhmətlə ərsəyə gətirdiyi kitab, monoqrafiya, dərs və metodik vəsaitləri və ölkədə və xaricdə çap olunan bir sıra elmi məqalənin müəllifidir. “Şərq peripatetizmi və islamda imamilik” (1385-2006), “İsna əşəri (12 imamilik)” (2007), “Munisnamə” (2008), “Yusif və Züleyxa” (2008), “Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhab əd-Dümu” əsərində fəlsəfi düşüncələr I cild” (2009), “Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhab əd-Dümu” əsərində fəlsəfi düşüncələr I-II cild” (2011), “Naxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması” (2011), “Şərq peripatetizm fəlsəfəsində insan amili” (2011), “Heydər Əliyev və əxlaqi dəyərlər” (2013), “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” (2017), “Nemətullah Naxçıvani: XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” (2018), “Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti” (2019), “Naxçıvan əlyazmaları: tədqiqlər” (2021), “Hacı Molla Məhəmməd Naxçıvani «Səhabəd-Dümu»” (2022), “Naxçıvan əlyazmalarının mənəvi əsaslarla araşdırılmasının səbəbkarı” (2023) və s. əsərləri bunlara nümunədir.

S.İbrahimov bu illər ərzində də boş dayanmamış, gərgin elmi fəliyyətini daha da irəlilətmişdir. Belə ki, O, “Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı – XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının onun doktorluq dissertasiyasının təsdiqi haqqındakı qərarı fond əməkdaşlarını və onu tanıyanları sevindirmişdir. S.İbrahimov bu tədqiqat işində Naxçıvanla bağlı məsələlərə xüsusi diqqət yetirmiş, müxtəlif arxivlərdə, elmi-tədqiqat müəssisələrində yaradıcılıq axtarışları aparmış, yeni faktlar aşkar edərək öz dissertasiyasında onlardan bacarıqla istifadə etmişdir. Bu elmi işi ilə bağlı elmi əhəmiyyətli məqalələr ərsəyə gətirmişdir. Onun bu tədqiqat işini mütəxəssislər yüksək qiymətləndirmişdir. S.İbrahimovun bu dissertasiyası Naxçıvan əlyazma mətnlərinin tarixini, dəyərini özündə əks etdirən qiymətli elmi tədqiqat işidir. Alim bu dissertasiyasında  bir mətnşünas və tərcüməşünas kimi bacarıq və istedadını göstərməyə nail olmuşdur.

Mətnşünas alim 2023-cü ildə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə  “İlin alimi” fəxri adı (2023) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli Sərəncamı ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə  AMEA-nın “Təşəkkürnamə”si ilə təltif edilmişdir. 2024-cü ildə AMEA Rəyasət Heyətinin 27 Mart – Elm Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə isə “Təşəkkürnamə” ilə təltif edilmişdir.

Mətnşünas alimin mütəmadi olaraq Respublikada və xarici ölkələrdə –  Türkiyə, İran, Rusiya, Almaniya, Hindistan, Ruminiya, İngiltərə və Qazaxıstanda keçirilən beynəlxalq konfranslarda mühüm əhəmiyyət kəsb edən mövzular üzrə fəal iştirakı da diqqəti cəlb edir. Onun məqalələrinin çoxu nüfuzlu elmi jurnallarda çap olunmuşdur. Həmçinin S.İbrahimov gənc nəslin inkişafına, kadr potensialının formalaşmasına da töhfə verərək bilik və təcrübəsini tələbələrlə paylaşan nümunəvi bir müəllimdir.

S.İbrahimov Azərbaycan mətnşünaslığının öyrənilməsi və tədqiqində müəyyən xidmətləri olan alimlərdən biridir. O, elmin çətin yollarında tədqiqat işlərini Əlyazmalar Fondunda yorulmadan davam etdirir. Səbuhi müəllimi qazandığı uğurlar münasibətilə təbrik edir və bundan sonrakı elmi-pedaqoji işlərində yeni müvəffəqiyyətlər  arzu edirik.

Kübra VƏLİYEVA, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: