AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Şəki folklorunda satira və yumor” mövzusunda seminar təşkil edilib.
Mövzu ilə bağlı mərkəzin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Ulduz Mürşüdova məruzə ilə çıxış edib. O, Şəki yumoru və lətifələrinin bu ilin əvvəlindən şöbənin iş planı üzrə tədqiqata cəlb edildiyini və artıq bununla bağlı kitabın hazırlandığını, nəşrə təqdim olunduğunu qeyd edib.
Məruzəçi Şəki yumoru, onun yaranma və inkişaf tarixi, spesifik xüsusiyyətləri haqqında ətraflı məlumat verib.
Ulduz Mürşüdova Şəki yumorunun insanların çöhrəsində gülüş yaratmaqla yanaşı, həm də düşündürücülüyü, intellektuallığı ilə fərqlənərək inkişaf etdiyini vurğulayıb. O, məhz bu səbəbdən də mövzunun bir neçə istiqamətdən uzunmüddətli və davamlı araşdırılmasını məqsədəuyğun hesab etdiyini bildirib.
Daha sonra iştirakçıların sualları cavablandırılıb və seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.