Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Vitex agnus-castus L. bitkisinin bioloji xüsusiyyətləri və  əhəmiyyəti
04.09.2024 11:16
  • A-
  • A
  • A+

Vitex agnus-castus L. bitkisinin bioloji xüsusiyyətləri və əhəmiyyəti

Hal-hazırda fitopreparatlar və bioloji  aktiv maddələr aromatik və dərman bitkilərininin mənbələri kimi böyük əhəmiyyətə malikdir. Belə preparatlara və efir yağlarına tələbat günü-gündən artır. Dərman vasitələrinin yeyinti sənayesindəki tələbatlarını ödəmək üçün aromatik bitkilərin becərilməsi və xammal bazasının genişləndirilməsi, eyni zamanda yeni bitki növlərinin becərilməsi və işlənilməsi vacib şərtlərdən biridir. Yeni bitki növlərinin inkişaf və biologiyasını öyrənmək, onların yığılması, xammalın hazırlanması, emalın artım xüsusiyyətlərini tədqiq etməyə imkan verir.

Belə  perspektivli efiryağlı bitkilərdən biri Abşeronun iqlim şəraitində yaxşı becərilən, iqliminə uyğun gələn Viteks agnus-castus - Adi ərgudədir. O, eyni zamanda Azərbaycanın digər torpaq-iqlim şəraitində də böyüyür. Hal-hazırda bu bitkidən xiyaban, bağ və meydanlarda dekorativ olaraq  becərilir.

Həm müsəlmanların, həm də xristianların atası olan bibliyalı  İbrahim ata, bu bitkinin böyük gücə malik olduğunu bilirdi, ondan istifadə edirdi, ağacın altında istirahət edərək gücünü və cavanlaşma enerjisini mənimsəyirdi. Elə bununla əlaqədar olaraq bu bitki "İbrahim ağacı" adlandırıldı və bitki təmizlik rəmzi olaraq qiymətləndirildi.

Viteks agnus –castus L – Adi ərgudə - Verbenaceae Jaume-Hil Müqəddəs ağac, İbrahim ağacı, Monastr bibəri Minaçiçəyikimilər fəsiləsinin-Ərgudə cinsinə daxildir. Təbiətdə İbrahim ağacı (Aralıq dənizi vətəni hesab olunur) bütün Aralıq dənizi ölkələrində, Balkanlarda, Kiçik Asiyada və İranda, Krımda, Rusiyada isə Krasnodar diyarında yayılmışdır.

Yarpaqlarını tökən, geniş çətirli 3m-ə qədər hündürlüyü olan ağacdır. Budaqları və barmaqşəkilli yarpaqlarının alt tərəfi ağ tükcüklərlə örtülmüşdür.

Bozumtul bənövşəyi  rəngli, ətirli çiçəkləri budaqların uclarında sıx, salxım halında olur. Yarpaqları qarşı-qarşıya yerləşən 3-7 yarpaqcıqdan  ibarət  barmaqşəkilli mürəkkəb yarpaqdır. Boruşəkilli çiçəkyanlığı beş üzvlüdür. Kasaciq  boruşəkilli olub, beşdişciklidir. Erkəkciyi dörd ədəd olub çiçək tacındanxaricə çıxır. Çişək tac sıx çiçək qrupunda yerləşir. İyun ayından  sentyabra kimi  çiçəkləyir, çiçəkləyəndə olduqca gözəl görünür. Kiçik, kürəşəkilli, qaramtıl  meyvələri  əzildikdə istiot dadı verir. Tozlanma həşəratlar vasitəsilə gedir. Bitki çox  güclü və xoş ətrə malikdir.                           

Meyvələri oktyabr-noyabr aylarında yetişir. Bitkinin bütün hissələrində iridoidlər (aukubin, aqnozid), flavanoidlər (kastisin, izoviteksin, orientin, izoorientin), alkoloidlər, aşı maddələr, vitaminlər, mikroelementlər və efir yağları var .

Efiryağlılığını müəyyən etmək üçün analitik xammal kimi bitkinin əsas  hissələrindən(çiçək  oxu, çiçək və yarpaq) və gövdəsindən istifadə edilir. Bu tədqiqatlar bitkinin inkişaf fazasında  öyrənilən xammalı xarakterizə etməyə, nümunə və tədqiqat materialını dəqiq müqayisə etməyə  imkan verir. Analitik nümunə kimi qurudulmuş xammaldan (gövdədən başqa) istifadə olunur.

Laboratoriya şəraitində efiryağlılığın müəyyənləşdirilməsi Klevendjerin  hidrodistilyasiya  üsulu ilə aparılır. Efir yağının əsas komponentlərinin çəki nisbəti xromatoqrafda qazoxromatoqrafiya  üsulu ilə kapillyar sütun vasitəsilə müəyyən edilir.

Vegetasiya dövründə xammalın fraksiyalarla analizi göstərmişdir ki, əsas hissə yarpaqlara düşür (69,0%) ,kütləvi  çiçəkləmə fazasında  aşagı düşür(38,0%).

Yarpaqlarda efir yağının miqdarı kifayət qədər çoxdur və vegetasiya müddətində kütləvi çiçəkləmə fazasına qədər 0,73%-dək dəyişir. Vegetasiyanın çiçəkləmə dövründə 34,0% təşkil edir,efir yağının miqdarı 0,8%-dən -0,23%-dək təşkil edir. Xammalın əsas tərkib hissəsi gövdədən  ibarətdir  və efir yağı yoxdur.

Ümumiyyətlə  qeyd etmək olar ki,Adi  ərgudənin  böyumə fazasından çiçəkləmə fazasına  qədər  0,67%-dən 0,30%-dək, kütləvi çiçəkləmə mərhələsində isə birdən-birə  0,17%-dən  aşağı enir. Xammalın yüksək məhsuldarlığı çiçəkləmənin başlanğıcında 0,30%  müşahidə  edilir.

Vegetasiyanın müxtəlif mərhələlərində yığılan efir yağının komponent tərkibinin analizi göstərmişdir ki, əsas komponent tərkibini terpen CH-lər; α-pinen,sabinen, tsiklohermarken, β- karnofillen, β-farnezen və oksid,  1,8- cineol-dan ibarətdir.

Ədəbiyyat məlumatlarına görə dünya əhalisinin 80%-i bitkilərdən alınan dərmanlardan istifadə edir.Aromatik bitkilərin çoxu məlum bir dozada mikrob öldürücü xüsusiyyətə malik olur. Bu efir yağlarının tərkibini əsas etibarilə terpenlərdən ibarət qarışıqlar təşkil edir. Bu bitki neçə illərdən bəri dərman kimi istifadə edilməkdədir. XXI əsrdə süni dərmanların əlavə təsirlərini görərək, təbii vasitələrdən istifadə etməyə qərar vermişlər. Bitkilərin efir yağları uzun illərdən bəri müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Bu gün Müqəddəs Vitex, dünyada efir yağlı, qida, dərman və bəzək bitkisi kimi qiymətləndirilir, kosmetika, dərman, qida sənayesi, aromaterapiya və fitoterapiya sahəsində istifadə edilir.

Hal-hazırda elm, İbrahim ağacının yarpaq və meyvələrinin xüsusi neyrohormonlar istehsal edən hipotalamus da daxil olmaqla endokrin vəzilərinə  müsbət təsir göstərdiyini və öz növbəsində hipofiz tərəfindən hormonların ifrazını tənzimlədiyini sübut etdi. Bununla əlaqədar olaraq, ondan hazırlanan preparatlar müxtəlif sinir və zehni xəstəliklərin müalicəsində,həmçinin,qadınların bəzi hormonal pozğunluqlarında  istifadə olunur (məsələn, yumurtalıq əməliyyatından sonra).

Gözəl balverən bitkidir. Müalicə üçün bitkinin bütün yerüstü  hissəsi istifadə olunur, ən qiymətli hissəsi isə meyvələridir,ətirli dada malikdirlər. Təəccüblü deyil ki, bunlar bir çox ölkələrin, xüsusilə də şərq ölkələrinin kulinariyasında istifadə olunur. Yarpaq  və meyvələri  ət yeməklərinə, şorbalara, kolbasalara, balıq konservlərinə, mürəbbələrə əlavə olunur. Vitex-in ətirli meyvələri tərkibində 0,5% -ə qədər efir yağı var, yarpaqlarda -38-118 mq vitamin C var. Qədim dövrlərdən bəri meyvələr qaraciyər və dalağın xroniki xəstəliklərində və ginekoloji xəstəliklərdə istifadə olunurdu. Meyvələrdə çox miqdarda alkaloid var Müasir onkoloji praktikada istifadə olunan dərman bitkiləri sırasındadır.

Son zamanlarda  farmakologiyada olan kəşflər və uğurlu terapevtik nəticələr bitkiyə  diqqət və marağa səbəb oldu (məsələn, Parkinson xəstəliyinin müalicəsində). Əsasən kosmetika, dərman, qida sənayesi, aromaterapiya və fitoterapiya sahəsində istifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: