Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm” təkcə qəzet deyil, biliklər dünyasına bələdçidir
05.09.2024 14:22
  • A-
  • A
  • A+

“Elm” təkcə qəzet deyil, biliklər dünyasına bələdçidir

XX əsrin əvvəlində maarifləndirmə məqsədli demək olar ki, hər səpgidə qəzetlər nəşr olunurdu: ədəbi-ictimai, elmi-texniki, elmi-populyar. Bu nəşrlərin hədəf auditoriyası mütəxəssislər, fərqli kateqoriyalı oxucular, eləcə də uşaqlar idi.

Ötən əsrdə elm və texnologiya profilli əksər qəzet və jurnallar çox vaxt təsadüfi təşkilatlar və insanlar tərəfindən dərc olunduğundan onların mövcudluğu da qısamüddətli olurdu.

1923-cü ildə Azərbaycanda elmi-tədqiqat işləri aparmaq üçün böyük ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılır. Cəmiyyət respublikanın baş elmi müəssisəsi olur.

1929-сu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (DETİ) adlandırılır.

Bir neçə il sonra elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilir. Şöbə 1935-ci ilin oktyabrında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı olur. 10 il sonra isə SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan Elmlər Akademiyasına çevrilir.

Bütün bu müddət ərzində elmi təbliğ edənlər alimlərlə yanaşı, həm də təşəbbüskar naşirlər idi. Azərbaycanda elmi və elmi təşkilati fəaliyyət haqqında xəbər və məqalələr müxtəlif mətbu nəşrlərdə dərc olunurdu.

Beləliklə, inkişaf edən elm və texnologiya öz çap orqanını tələb edirdi.

Ta ki, 1984-cü il noyabrın 1-də təsis edilən “Elm” qəzetinin ilk nömrəsi çapdan çıxmaqla, nəhayət uzun müddət sonra elmin öz tribunası oldu.

Ölkə həyatında böyük dəyişikliklərin baş verdiyi bir dövrdə fəaliyyətə başlayan “Elm” qəzeti yarandığı gündən akademik və elmi-təşkilati fəaliyyəti əks etdirən, elm və təhsilin inteqrasiyasına yönəlmiş nəşr kimi özünü doğurldur.

“Elm” qəzeti fundamental və tətbiqi elm, təhsil və idarəetmə sahəsində alimlərin müsahibə və analitik məqalələrini, Azərbaycanda və dünyada elmi-tədqiqat mərkəzləri, institut və universitetlərin mühüm elmi nəticələrini, elm və təhsilin aktual problemləri haqqında materialları dərc edir.

“Elm”in materialları alim və mütəxəssislərlə sıx əlaqədə hazırlanır. Bu mənada, elmi tədqiqat, təhsil və innovativ fəaliyyətlə bağlı “Elm” qəzetində dərc olunan məlumatlar digər kütləvi informasiya vasitələrində dərc edilən analoji materiallarla müqayisədə daha etibarlıdır və elmi sübutlara əsalanır.   

Qəzetin əsas tematik spektrinə humanitar və ictimai elmlərin problemlərini, alim və mütəxəssislərin elmi fəaliyyyətlərini əks etdirən məqalələr, yeni elmi nəşrlər haqqında yazılar daxildir.

Qəzetdə innovativ tədqiqat layihələri, qrantlar haqqında məlumatlar, müxtəlif müsabiqələrin şərtləri, elmi hesabatlar barədə yazılar, ölkə əhəmiyyətli və Akademiyada keçirilən ən mühüm tədbirlər haqqında məlumatlar, konfrans, simpozium və seminarlar haqqında elanlar, elmi müəssisə və təşkilatlarda vakant yerlər haqqında müsabiqələr təqdim edilir.

“Elm” qəzetinin oxucularının böyük əksəriyyətini elmi ictimaiyyət təşkil edir. Son illər “Elm” qəzetini bir sıra universitetlər də əldə edir. “Elm”in oxucuları həm də magistr və bakalavr tələbələridir.

“Elm” qəzeti bu gün həftəlik 12 səhifəlik ənənəvi çap materialında olmala yanaşı, oxucuları üçün elketron variantda da əlçatandır. Qəzetin hər nömrəsi barədə AMEA-nın science.gov.az portalında xəbər gedir və həmin nömrə PDF formatda oxuculara təqdim edilir.

Günümüzün reallıqları ilə ayaqlaşan “Elm, Nauka, Science”, elmi yenilik, nəzəri və praktiki əhəmiyyətə əsaslanan elmi ünsiyyət platformasıdır.

Qəzetin məqsədləri sırasında texniki, kimya, biologiya, yer elmləri və humanitar, ictimai elmlər sahəsində ən son tədqiqatların nəticələrini ictimaiyyətə çatdırmaqla geniş fikir mübadiləsini təşviq etmək və müxtəlif elmi istiqamətlərdə aktual müzakirələr üçün platforma yaratmaq vəzifəsi durur .

Qəzetin yüksək elmi səviyyəsini və xarici dillərdə də oxunaqlı olmasını təmin etmək üçün məqalələr və informasiyalar eyni zamanda iki xarici dildə təqdim edilir.

“Elm”də azərbaycan, rus və ingilis dillərində tarix, iqtisadiyyat, siyasət, beynəlxalq əlaqələr, mədəniyyət, sosiologiya, dil, ədəbiyyatla bağlı məqalələr dərc olunur, xəbərlər təqdim olunur.

Bu gün “Elm” AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə humanitar və ictimai elmlərin müxtəlif istiqamətlərində mühüm nəticələr əldə edən, yeniliklərə imzan atan, dövlətçiliyə xidmət edən Akademiyanın uğurlarına yazılı şahidlik edir.

Qəzetin son dönəm təbliğinə xüsusi önəm verdiyi AMEA-nın elektron akademiya siyasəti, süni intellektin humanitar və ictimai elmlər sahəsində tətbiqi istiqamətində yeni fəaliyyəti elmi ictimaiyyətin diqqət mərkəzindədir.

 “Elm” Azərbaycanda, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən iqtisadi islahatlar, yeni sosial layihələr, işğaldan azad edilmiş ərazilərdə kompleks seysmoloji tədqiqat, Azərbaycan xalqına məxsus tarixi və mədəniyyət abidələrinin arxeoloji tədqiqi, Qarabağ tarixinin, ədəbiyyatının, ictimai-siyasi, sosial və mədəni həyatının elmi araşdırılması işlərinin geniş spektrinə diqqət çəkir.

“Elm” beynəlxalq əlaqələrinin və elmi əməkdaşlığının geniş inkişaf etməkdə olan mərhələsinə qədəm qoyan yeniləşən Akademiyanın perspektivlərinə işıq tutur.

“Elm” qəzeti cəmiyyətdə elmi yanaşmanın mənimsənilməsinə, elm məlumatlılığın artırılmasına, elm, texnologiya və innovasiya mədəniyyətinin inkişafı və yayılmasına töhfə vermək, elmin gənclər arasında populyarlaşdırılması, elmi araşdırmalar aparmaq həvəsi oyatması, elmi cəmiyyətin bütün təbəqələrinə orijinal və başa düşülən bir dildə təqdim etmək məqsədi daşıyır.

“Elm” 40 ildir ki, elm ictimaiyyətinin dostudur.

“Elm” qəzetinin redaksiya heyətini, eləcə də qəzetdə imzası olan alim və mütəxəssisləri 40 illik yubileyi ərəfəsi səmimi qəlbdən təbrik edir! Ümumi məqsədimizə - Azərbaycan elminin təbliğinin gücləndirilməsinə gedən yolda yeni yaradıcılıq uğurları arzulayırıq.

Bayramınız mübarək!

Ruslan KƏRİMOV, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin baş mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: