Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türkiyə Elmlər Akademiyası (TÜBA), Türk Dil Qurumu (TDK) və Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin dəstəyi ilə Türk dünyası gənc alimləri üçün “Türkologiya” və “Yeni enerji texnologiyaları” mövzusunda yay məktəbləri keçirilib. Türk ölkələrindən 37 tanınmış alim bu yay məktəblərində mühazirə oxuyub.
“Türkologiya” yay məktəbində AMEA-nın Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan və Monqolustandan olan gənc alim və tədqiqatçılara “Qədim türk mifologiyası” mövzusunda ustad dərsi keçib.
Mühazirədə türk mifologiyasında dünya modeli, dünyanın üçlü strukturu, Tanrı-ruhlar, Tanrı-insan münasibətləri və s. məsələlərdən bəhs olunub. Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş elmi diskussiya aparılıb.
Qeyd edək ki, “Türkologiya” yay məktəbi” çərçivəsində gənc alimlər Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı üzrə nəzəri və tətbiqi biliklərini dərinləşdirmək imkanı əldə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.