Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.09.2024 10:18
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində “Tanrının möcüzəsi ana təbiət” mövzusunda tədbir keçirilib

Şəki Regional Elmi Mərkəzində “Tanrının möcüzəsi ana təbiət” mövzusunda tədbir keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzi (Şəki REM), Vaqif İbrahimov adına Folklor Evi, Narınqala Folklor Evinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tanrının möcüzəsi ana təbiət” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü çxış edərək 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışıb. Ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılması baxımından tədbirin əhəmiyyətini qeyd edən direktor bəşəriyyəti təşvişə salan bu qlobal problemin həllinin yalnız birləşərək mümkün olacağını bildirib.

Daha sonra coğrafiyaşünas alim Dilbazi Cəmilov “Ekoloji tarazlığın pozulması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, ekologiyanı qorumaq üçün istehsal prosesi tullantılarının zərərsizləşdirilməsi əsas şərtlərdəndir. Onun sözlərinə görə, sənaye istehsalının zəhərli maddələrinin havaya qalxaraq turşulu yağışlar şəklində yağması nəticəsində kainat məhvə doğru sürüklənir.

Sonra Mərkəzin Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov “Qlobal istiləşmə və yaşıl dünya” adlı məruzəsini təqdim edərək bioloji müxtəlifliyə və ümumən təbiətə dağıdıcı təsirlər, iqlim dəyişmələri haqqında məlumat verib, bu problemlərin həlli istiqamətində təkliflərini səsləndirib.

“Yaşıl enerjinin ekoloji davamlılıq üzərindəki təsiri və gələcək inkişaf imkanları” mövzusunda məruzə ilə çıxış edən Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirov isə insan fəaliyyəti nəticəsində atmosferə atılan bərk hissəciklərin, qazların iqlimin dəyişməsində qlobal təkanvericilərə çevrilərək insan sağlamlığına da mənfi təsir göstərməsindən danışıb. Məruzəçi bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının, elektrik nəqliyyat vasitələrindən istifadənin, tikililərin damlarında bərpa olunan enerji qurğularının qurulmasının, küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi ilə çalışan lampalardan istifadənin, istilik, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqinin, tullantıların enerji məqsədli idarə edilməsinin problemlərin nisbətən aradan qaldırılmasına kömək edəcəyini nəzərə çatdırıb.

Tədbirdə, həmçinin Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri geol-min.e.ü.f.d. Hüseyn Mustafabəyli, Vaqif İbrahimov adına Folklor Evinin rəhbəri Rövzət Hacızəkəriyəyev çıxış ediblər.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, suallar cavabandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: