Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Beynəlxalq Muğam Mərkəzinin və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsi həyata keçirilib.
Öz əsərləri ilə bəşəri harmoniyanı təqdir edərək bu hədəfə yetişmək yollarını göstərən, elə həmin məqsədlə də özünə ədalətli nizamçı mənası daşıyan təxəllüs seçən böyük şair və mütəfəkkirimizin doğma yurdunda onun dühası şərəfinə keçirilən milli, mədəni, ictimai, eləcə də elmi-kütləvi tədbirləri əhatə edən ənənəvi “Nizami günləri” davam edir.
Müasir dövrdə Nizami təfəkkürünün mahiyyətinin ölkəmiz və cəmiyyətimizin inkişaf qanunauyğunluqlarının hazırkı dünyanın ziddiyyətli proseslərini də nəzərə almaqla elmi baxımdan dərk edilməsi vacibdir.
Görünür, elə həmin amalla da budəfəki “Nizami günləri” elmi xarakterli bir tədbirlə başlayıb. Dahi şairin Məqbərəsi yaxınlığında yerləşən Nizami Gəncəvi Muzeyində elmi-praktik konfrans təşkil olunub.
Konfransın aparıcısı və sədri, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov öz giriş sözündə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında millətimizin həmrəyliyi və ordumuzun rəşadəti ilə Vətən torpaqlarımızın bütövlüyünün tam və qəti şəkildə bərqərar edilməsini Azərbaycanın möhtəşəm siyasi, hərbi, eləcə də mənəvi qələbəsi kimi səciyyələndirib. O, zəfərimizlə yeni ruhi yüksəliş qazanmış cəmiyyətimizdə Nizami dünyasının, onun əbədiyaşar ideallarının tam dolğunluğu ilə mənimsənilməsinin milli-ideoloji məsələ halına gəldiyini və bu işdə alimlərin xüsusi vəzifələrini qeyd edib.
Akademik Rafael Hüseynov konfransda “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri” mövzusnda məruzə ilə də çıxış edərək, Nizami dünyasının tərəqqipərvər fikir və yaradıcılıq tarixində yeri olan görkəmli şəxsiyyətlərə təsiri məsələlərindən danışıb.
Filologiya üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar” adlı məruzəsində isə dahi şairin əsərlərinin ideya və motivlərinin Azərbaycan ədəbiyyatının istər klassiklərin, istər də yaxın çağların nümayəndələrinin yaradıcılığında öz əksini tapmasından söhbət açıb.
Konfransın daha bir məruzəçisi, əməkdar rəssam Elçin Hami Axundov “Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri” mövzusunda çıxış edib və böyük şairin əsərlərinin ibrətamiz əhvalatlarının müasir kinematoqrafik üsullarla ekranlaşdırılmasının xüsusən yetişməkdə olan nəslin tərbiyəsində oynaya biləcəyi rolun əhəmiyyətindən danışıb.
AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzusundan danışıb.
Konfransın yekununda akademik Rafael Hüseynov maraqlı və aktual konfransda iştirak etdiklərinə görə dahi mütəfəkkirimizin irsinin tədqiqatçıları və Gəncənin ziyalı mühitinin təmsilçilərinə təşəkkür edib.
Qeyd edək ki, konfrans çərçivəsində AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzində çalışan gənc doktorant nizamişünasların elmi rəhbərləri akademik Rafael Hüseynovla işgüzar elmi görüşü də təşkil olunub. Görüşdə tədqiqatçı gəncləri maraqlandıran məsələlər barədə müzakrələr aparılıb.
Konfransdan sonra böyük şairin məqbərəsi önündəki meydanda “Nizami günləri”nin rəsmi açılışı mərasimi olub. Nizami Gəncəvi Məqbərə Kompleksi ərazisində Gəncə rəssamlarının əl işləri nümayiş olunub. Böyük şairin qəbri ziyarət edilib.
Tədbirlər silsiləsinin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, akademik Rafael Hüseynov və digər qonaqlar çıxış ediblər. Mərasimə Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları da qatılıblar.
İştirakçılar Nizaminin “Xəmsə” qəhrəmanlarının əhvalatlarından ibarət “Beş qapı” teatrallaşdırılmış tamaşanı izləyiblər.
Dahi şairə həsr olunmuş günlər çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında kamera orkestri və solistlərin iştirakı ilə “Nizami klassik musiqidə”, eləcə də “Nizami muğam dünyası”, “Nizami qiraətləri” və digər musiqili və ədəbi proqramlar nümayiş olunub.
Beş günlük tədbirlər sentyabrın 15-də Gəncə filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında Əfrasiyab Bədəlbəylinin “Nizami” operası nümayiş ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.