Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, AYB-nin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş “Ömür dastanının boyları” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli açaraq əlamətdar gün münasibətilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından yubilyarı təbrik edib, onun çoxşaxəli yaradıcılığından danışıb. O, İbrahim Yusifoğlunun layiqli bir ömür yaşadığını, zəngin mənəviyyata, yüksək şəxsiyyətə malik qələm sahibi olduğunu bildirib.
Sonra çıxış edən tədbirin aparıcısı, şair Kəmaləddin Qədim Naxçıvan ədəbi mühitinin yetirməsi olan İbrahim Yusifoğlunun həyat yoluna nəzər salıb, onun ədəbi fəaliyyətlə yanaşı uzun müddət pedaqoji fəaliyyətlə də məşğul olduğunu, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edildiyini söyləyib.
Kəmaləddin Qədim daha çox uşaq şeirlərinin müəllifi kimi tanınan İbrahim Yusifoğlunu yazdığı uşaq şeirləri kimi səmimi, sadə, təvazökar insan kimi xarakterizə edib.
İctimaiyyətə təqdim olunan “Ömür dastanının boyları” kitabı haqqında da məlumat verən Kəmaləddin Qədim bildirib ki, nəşrdə İbrahim Yusifoğlunun 70 illik yubileyi münasibətilə yazılan məqalə və şeirlər yer alıb. Topluda istedadlı şair İbrahim Yusifoğlunun nəzm, nəsr, publisistika nümunələri, mənzum nağıl və pyesləri haqqında hərtərəfli təhlillər aparılıb, yubliyara ithaf edilmiş poetik nümunələrə yer verilib.
Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çıxış edərək yubilyarın həssas, sadə və səmimi keyfiyyətlərə malik vətənpərvər ziyalı olmasından bəhs edib. Vurğulayıb ki, sadəlik, təbiilik, uşaq psixologiyasına dərindən bələdlik İbrahim Yusifoğlunun şeirlərinin başlıca məziyyətlərindəndir. İstedadlı şair xalqın sahib olduğu mənəvi dəyərlərə dərindən bələddir.
Tədbirdə çıxış edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli yubilyara həsr etdiyi “Badam ağaclarının şairi” adlı məqalədən danışıb. O, şair-publisist İbrahim Yusifoğluya yaradıcılıq uğurları arzulayıb. Qeyd edib ki, daim axtarış, poeziyaya sonsuz məhəbbət, şeirdə təzə söz demək, bir kimsəyə bənzəməmək mücadiləsi İbrahim Yusifoğlunu bir şair kimi səciyyələndirən əsas amillərdir.
“Ömür dastanının boyları” kitabının elmi redaktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd isə çıxışında İbrahim Yusifoğlunun özünəməxsus yaradıcılıq dəst-xəttinə malik, sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan, vətəndaşlıq mövqeyi ilə seçilən istedadlı şair olduğunu bildirib. Vurğulayıb ki, onun uşaq ədəbiyyatı sahəsində çoxillik xidmətləri danılmazdır.
Professor Vüqar Əhməd şairin silsilə əsərləri sırasında 44 günlük Vətən müharibəsindən və tarixi Zəfərdən bəhs edən şeirlərinin müasir poeziyamızda xüsusi dəyər daşıdığını qeyd edib. O, həmçinin “Ədəbiyyat qəzeti”ndə İbrahim Yusifoğlunun 70 illik yubileyinə və yaradıcılığının 50 illiyinə həsr etdiyi məqaləsinin dərc olunduğunu diqqətə çatdırıb.
Sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov yubilyarı AMEA rəhbərliyi adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. Sənan Həsənov şairin səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibəti ilə AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı ila təltif edildiyini bildirib, İbrahim Yusifoğluna mükafatı təqdim edib.
Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Gülbəniz Babayeva, Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinin üzvləri Zakir Ağdamlı, Əli Qarayev və şairə Sara Şərifova, Botanika İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d., dos. Sadıq Qarayev, “Ədəbi incilər” jurnalının təsisçisi və baş redaktoru Xalidə Nuray, AR Təhsil İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Adilə Nəzər, “Şərqin səsi” qəzetinin baş redaktoru Pərixanım Mikayılova, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Zəkulla Bayramlı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəri, t.ü.f.d. Arzu Nehrəmli, bədii qiraətçi Arzu Balsəs, şairə-publisistlər Nəcibə İlkin, Qumru Qüdrət, Məlahət Sahibqızı, Nazlı Hacılı, Gülnarə İbrahimova və Sevda İbrahimova, eləcə də şairlər İnqilab Orxan, Məmməd Tahir, Allahverdi Aqil, Ələsgər Talıboğlu və İmran Güllübulaqlı yubilyarın poetik yaradıcılıq məziyyətlərindən söhbət açıb, ünvanına xoş sözlər səsləndiriblər. İbrahim Yusifoğlunun sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda çıxış edən İbrahim Yusifoğlu yaradıcılıq fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.