Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.09.2024 16:47
  • A-
  • A
  • A+

“Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfrans öz işini uğurla başa çatdırıb

“Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfrans öz işini uğurla başa çatdırıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 65 illik yubileyinə həsr olunan “Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfransı öz işini uğurla başa çatdırıb.

Dörd gün davam edən tədbirin ilk iki günü Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutub. Xarici ölkələrdən olan qonaqların və müvafiq qurumların rəsmilərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi açılış mərasimindən sonra keçirilən elmi sessiyalarda həm ölkəmizin, həm də dünyanın müxtəlif nüfuzlu elmi mərkəzlərinin astronom alimləri biri-birindən maraqlı məruzələr təqdim edib. Aktual mövzuları əhatə edən məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Konfransın üçüncü günündə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Polşa Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi adı astronomiya elmi tarixinə qızıl hərflərlə yazılmış dahi alim Nikolay Kopernikin anadan olmasının 550 illiyinə həsr olunan tədbir keçirilib. Alimin elmi fəaliyyətini əks etdirən müxtəlif təsvirlərdən ibarət sərgi təşkil olunub. Polşa Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Michał Greczyło sərginin açılışındakı çıxışı zamanı astronomiya sahəsində zəngin elmi irsə malik iki ölkənin - Azərbaycan və Polşanın elmin populyarlaşdırılması istiqamətində səmərəli fəaliyyətindən danışıb. Bildirib ki, bu istiqamətdə əməkdaşlıq, elmin təbliği və təşviqi bundan sonra da prioritet istiqamət olaraq qalacaqdır. Cənab vəkil kəsişən iki yubiley tədbirindəki çıxışının yekununda ŞAR-ın baş direktoru Namiq Cəlilovu və rəsədxana kollektivini 65 illik yubiley münasibətilə təbrik edib və xatirə hədiyyəsi təqdim edib.

Hibrid formatda təşkil olunmuş konfransın son günündə ABŞ, Almaniya, Fransa, Türkiyə, İsrail, İtaliya, Rusiya, Polşa, Özbəkistan, Qazaxıstan, Çexiya, Ukrayna, Pakistan, İran və digər ölkələrdən konfransa qatılan alim və mütəxəssislərin hibrid formatda məruzələri dinlənilib. 

Məlumat üçün bildirək ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan “Canlı Kainat - Planetlərdən Qalaktikalara” adlı II beynəlxalq konfransı çərçivəsində astronomiya elminə dair müxtəlif  mövzularda 54 elmi məruzə dinlənilib. Təqdim olunan elmi məruzələrin toplusunu ehtiva edən konfransın yekun nəticələrinin ilin sonunadək ingilis dilində nəşr olunan “Azərbaycan Astronomiya Jurnalı”nda dərc edilməsi planlaşdırılır. NASA ADS verilənlər bazasında qərarlaşan bu jurnalda dərc olunmuş məqalələr DOI indeksi ilə təmin olunur.

Qeyd edək ki, dünyanın aparıcı elmi müəssisələrinin alim və mütəxəssislərinin bir araya gəldiyi bu beynəlxalq konfrans müasir astrofizika elminə dair bilik və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həmçinin perspektivlərin müəyyənləşməsi baxımından böyük əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: