Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2024 19:23
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda şəhidlərimizin xatirəsi anılıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda şəhidlərimizin xatirəsi anılıb

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, qəbirləri üstünə gül-çiçək dəstələri qoyub, onların ruhuna dualar oxuyublar.

Daha sonra institutda 27 sentyabr - Anım günü ilə bağlı tədbir keçirilib.

Öncə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik İradə Hüseynova Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-də başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığını qeyd edib. Bildirib ki, Azərbaycan 44 günlük müharibə dövründə “Dəmir yumruq” əməliyyatı həyata keçirməklə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək, Azərbaycan xalqına böyük qələbə bəxş etdilər.

Akademik İradə Hüseynova MBBİ kollektivinin əməkdaşlarının arasında da Birinci Qarabağ müharibəsinin əlilləri və iştirakçılarının, İkinci Qarabağ müharibəsində yaxınlarını itirən, övladları qazi olan əməkdaşların olduğunu xüsusi qeyd edib.

Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, şəhid və qazi ailələrinin üzvləri və yaxınları - institutun icraçı direktoru b.ü.f.d. Ələmdar Məmmədov, laboratoriya müdiri b.ü.f.d. Nurməmməd Mustafayev, elmi işçilər Aygün Sadiqova, Turanə İsgəndərova, institutun Mülki müdafiə qərargahının rəisi Mikayıl Paşayev, Təchizat və xidmət  şöbəsinin əməkdaşları Nəsibə Abdullayeva və Fəzail Məmmədov çıxış edərək şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiram, sonsuz sevgi və qürurla yad ediblər.

Tədbirin sonunda 27 sentyabr - Anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: