Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2024 13:14
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib

Biofizika İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib

Biofizika İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş xüsusi bir tədbir keçirilib. Bu anım tədbiri vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi daşıyırdı.

Tədbirin rəsmi açılışını edən institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxışında bu xüsusi günün əhəmiyyətinə toxunub. O, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərən, xalqımızın tarixi qələbəsinə imza atan və bu uğur yolunda həyatlarını fəda edən igid şəhidlərimizə Allahdan rəhmət diləyib. Oktay Qasımov vurğulayıb ki, vətən yolunda canından keçən hər bir şəhid xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq və onların göstərdiyi qəhrəmanlıq hər zaman böyük qürurla xatırlanacaq.

Sonra o, bütün iştirakçıları bu müqəddəs amal uğrunda həyatlarını qurban verən şəhidlərimizin ruhunu ehtiramla anmaq üçün bir dəqiqəlik sükut etməyə dəvət edib. Sükutla başlayan tədbir şəhidlərimizin mübarizəsi, xalqımızın birlik və həmrəyliyi haqqında dərin fikirlərin bildirildiyi, həmçinin qələbənin qazanılmasında fədakarlıq göstərən hər bir vətəndaşın rolunun vurğulandığı çıxışlarla davam edib. Tədbirdə Vətən müharibəsi qəhrəmanlarının, qazilərimizin və şəhid ailələrinin də şücaətindən geniş bəhs olunub, onların fədakarlığına xüsusi hörmət ifadə edilib.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, Molekulyar və Hüceyrə Biokimyası laboratoriyasının kiçik elmi işçisi Fidan Qüdrətova geniş məruzə ilə çıxış edib. O, çıxışında 44 günlük Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi misilsiz birlikdən bəhs edib. Fidan Qüdrətova qeyd edib ki, cəmiyyətin bütün təbəqələri bu çətin günlərdə vahid məqsəd ətrafında birləşərək vətən uğrunda mübarizəyə hazır olduqlarını göstərdilər. O, xüsusi olaraq müharibə zamanı igid əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlığa toxunaraq, onların cəsarət və vətənpərvərlik ruhunun tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldığını vurğulayıb.

Məruzəçi, Azərbaycanın ərazi bütövlüyünün bərpasında və düşmən işğalından torpaqlarımızın azad edilməsində canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığını yüksək qiymətləndirərək, onların hər birinin əziz xatirəsinin xalqımız üçün müqəddəs olduğunu dilə gətirib. O, şəhidlərimizin vətən sevgisi və mübarizliyinin gələcək nəsillər üçün əsl örnək olduğunu qeyd edərək, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Fidan Qüdrətova, həmçinin müharibənin Azərbaycan xalqının tarixində yeni bir dövr açdığını və bu zəfərin yalnız hərbi qələbə deyil, eyni zamanda milli ruhun yüksəlişi və birlik simvolu olduğunu vurğulayıb.

Sonda professor Oktay Qasımov çıxış edərək, Azərbaycanın tarixi zəfərinin xalqımız üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulayıb. O, vətən uğrunda canını fəda edən şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağını və onların xatirəsinin həmişə ehtiramla yad ediləcəyini qeyd edib. Prof. O.Qasımov Azərbaycanın güclü ordusu və xalqının birliyi sayəsində əldə olunan bu qələbənin, regionda sülhün və sabitliyin təmin edilməsi üçün də mühüm rol oynadığını vurğulayıb.

Oktay Qasımov çıxışında Azərbaycan və Ermənistan arasında sülh prosesinin vacibliyinə də toxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: