Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimlərin məqalələri İsveçdə nəşr olunub
30.09.2024 12:14
  • A-
  • A
  • A+

Şərqşünas alimlərin məqalələri İsveçdə nəşr olunub

İsveçin paytaxtı Stokholmda nəşr edilən “Tribun” jurnalının 13-cü sayında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının məqalələri çap edilib.

Jurnalda institutun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin “Cənubi Azərbaycan milli-demokratik hərəkatında Ənuşirvan İbrahimi siması” adlı məqaləsi nəşr edilib. Məqalədə Ənuşirvan İbrahiminin həyatı və siyasi fəaliyyətindən, 1978-1979-cu illər İran inqilabından sonra Təbrizə dönərək Azərbaycan Demokrat Firqəsinin yerli özəklərini təşkil etməklə yenidən fəaliyyətini  bərpa etməsindən, 4 ilə yaxın bir müddət ərzində Güney Azərbaycanda Milli Hökumətin təşkili və qurulması uğrunda irtica qüvvələrinə qaşı apardığı mübarizəsindən, bu mübarizənin acı sonuclarından, Ə.İbrahiminin və 3000 nəfərə yaxın firqə üzvünün həbsindən və yeni qurulmuş İslam rejimi tərəfindən qətlə yetirilmələrindən ətraflı bəhs edilir.

Jurnalda institutun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevin “İran bəd əməllərindən peşman olur???” adlı məqaləsi nəşr edilib. Məqalədə İran konstitusiyasının 15-ci maddəsinə uyğun olaraq, qeyri-fars xalqların dilində tədrisin nəzərə alınması, lakin hələ də bu maddəyə əməl edilməməsi, eləcə də son zamanlar etniklərin dilinin tədrisi ilə bağlı məsələyə müxtəlif yanaşmalar barədə məlumatlar öz əksini tapıb.

Jurnalda, həmçinin institutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Həsən Səfərinin üç məqaləsi nəşr edilib. “Cənubi Azərbaycanda soyqırım törədən erməni-aysor dəstələrinin kürdlərlə birləşmə cəhdləri və onun nəticələri” adlı məqalədə 1918-ci ildə birləşmiş erməni-aysor silahlı dəstələrinin Cənubi Azərbaycanda törətdiyi soyqırımda kürdlərin lideri İ.Simitqonun və dəstəsinin mənfi rolu, eləcə də onların bu hadisələrdə iştirakının azərbaycanlılara daha çox ziyan vurulmasına səbəb olmaları araşdırılıb üzə çıxarılıb.

“Osmanlı dövlətinin şərqində və Azərbaycan ərazisində erməni dövlətinin yaradılması planları” adlı məqalədə Türk Dünyasının parçalanması, yəni böyük Osmanlı dövləti ilə Azərbaycan və Türküstan arasında bufer zonanın yaradılması məqsədilə hələ bir neçə əsr öncədən Qərb dövlətləri, eləcə də çar Rusiyası tərəfindən Azərbaycan və Şərqi Anadoluda erməni dövlətinin yaradılması planlarının cızılması, həmin planın icrası istiqamətində bəzi Qərb dövlətləri və çar Rusiyasının planlı şəkildə iş apardıqları araşdırılaraq oxucuların diqqətinə təqdim edilib.

Həsən Səfərinin “XX əsrin əvvəllərində ermənilərin Şərqi Anadolu və Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımda xarici missioner izləri” adlı məqaləsində hələ orta əsrlərdən Qərb dövlətlərinin və daha sonra çar Rusiyasının missioner təşkilatları Azərbaycan və Şərqi Anadoluya göndərmələri, həmin missioner təşkilatlar vasitəsilə Azərbaycan ərazilərinə dağınıq şəkildə köçüb yaşayan erməni və aysorların yerli əhaliyə qarşı təşkilatlandırılması və azərbaycanlılara qarşı soyqırımın törədilməsindəki rolu araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: