Lənkəran Regional Elmi Mərkəzində tanınmış araşdırmaçı-jurnalist Hacı Etibar Əhədovun qələmə aldığı “Molla Nəsrəddin”in lənkəranlı müxbirləri” tarixi-etnoqrafik monoqrafiyasının müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev müəllif haqqında məlumat verdikdən sonra bildirib ki, “Molla Nəsrəddin” məkan baxımından Tiflisdə, Təbrizdə və Bakıda çap olunmuşdur, lakin onun yayılma arealı çox geniş olmuş, hətta bütün Şərq dünyasını əhatə etmişdir. Azərbaycanın regionlarında da Molla Nəsrəddinçilik ənənələri sürətlə yayılmış və onu yaşadanlar olmuşdur. İlk dəfə tədqiqatla tanış olduqda heyrətimdən donub qaldım, sanki əsl dəfinəyə rast gəlmişdim. Necə olub ki, tədqiqatçı-jurnalist Etibar Əhədov bu unikal araşdırmanı ədəbi-elmi ictimaiyyətdən uzun illər uzaq tutmuşdur? Bunun, təbii ki, obyektiv və subyektiv səbəbləri vardır. Bu haqda sonra danışarıq. Bugünkü elmi seminarımız bu əvəzsiz tədqiqatın məziyyətləri haqdadır. Qabaqcadan bildirim ki, tədqiqat işi Cəlilşünaslığa ən gözəl töhfə olmaqla bərabər, həm də Molla Nəsrəddinçilərin fədakarlığına parlaq nümunədir.
Mehman Əliyev əlavə edib ki, monoqrafiyada “Molla Nəsrəddin” jurnalının lənkəranlı müxbirlərini aşkar etmək, onların müxbirlik fəaliyyətini öyrənmək, gizli imzalarını üzə çıxarmaq istiqamətində görülən işlər, Cəlil Məmmədquluzadənin lənkəranlı Molla Nəsrəddinçilərlə görüşləri öz əksini tapıb. Yeddi fəsildən ibarət olan monoqrafiyada həmçinin yazıçının Mirzə Cəlilin doğulduğu Naxçıvanın Nehrəm kəndinə, adını daşıyan xatirə muzeylərinə səfərləri, onunla həmsöhbət olanların xatirələri, yerlərdəki Molla Nəsrəddinçilər haqqında məlumatlar, tarixi foto-şəkillər verilib.
Sonra Etibar Əhədovun əhatəli, məzmunlu məruzəsi dinlənilib. O qeyd edib ki, müxtəlif fasilələrlə 25 ilə yaxın nəşr olunan “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuatı tarixində silinməz iz buraxıb. Jurnalın səhifələrində dövrün ictimai-siyasi, sosial-mədəni həyatı geniş əks etdirilib, Zaqafqaziya, Orta Asiya, Yaxın və Orta Şərq oxucuları tərəfindən sevilə-sevilə oxunub. Jurnalın əməkdaşları məcmuənin hər nömrəsinin sadə, maraqlı və yığcam çıxmasına çalışıb və buna müvəffəq olublar.
Müəllif jurnalın fəaliyyətə başladığı gündən Molla Nəsrəddinçilər adı altında çoxlu sayda fəhlə-kəndlinin redaksiya ilə yaxından əlaqə saxladığını söyləyərək deyib ki, onun hər nömrəsində Lənkərandan olan və onun ətraf rayonlarından göndərilmiş şeirlərə, felyetonlara, məqalə və xəbərlərə də lazımınca yer verilirdi. Lənkərandan göndərilən yazıların əksəriyyəti “Sancaq”, “Qarnı yırıq”, “Yoldan keçən”, “Mücərrəd”, “Söz yığan”, “Sarsaqqulu”, “Qardaşoğlanları” və başqa imzalarla dərc olunurdu. Müəlliflər onlara qarşı aparılan hücumlara məruz qalsalar da, qələmlərini yerə qoymur, mübarizəni davam etdirirdilər. Mirzə Ağəli Əliyev, Mirzə İshaq Mövsümzadə, Hüseyn Atakişiyev, Müzəffər Nəsirli, Hacıməmməd Axundov, Məqsud Salmanov, Mirzağa Əhmədbəyli, Teymur Şahverdiyev, İbrahimxəlil İsazadə və başqaları dini mövhumat əleyhinə mübarizədən çəkinmir, maraqlı və duzlu felyetonları ilə dövrün ictimai bəlalarını bacarıqla ifşa edirdilər.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra təbliğatın daha da genişləndirildiyini vurğulayan Etibar Əhədov bu zaman gənc Molla Nəsrəddinçilərin - Nəsrulla Qənbərov, Abbas Axundov, İsgəndər Səmədzadə, Fərəculla Daşdəmirov, Mütəllim Məmmədov, Hüseyn Atakişiyev, İman Əliyev kimi ziyalıların bu qrupa aid olduğunu diqqətə çatdırıb: “Jurnalın redaktoru Cəlil Məmmədquluzadə vaxtaşırı yerlərdəki fəallarla əlaqə saxlayır, məktubları ilə onları mövzu axtarışına ruhlandırırdı. Belə məktublardan üçü Molla Nəsrəddinçi Nəsrulla Qənbərovun, beşi isə Astaradan olan Məmi Kazımov və Hüseyn Kərimovun adına göndərilmişdi.”
Monoqrafiyanın müəllifi çıxışına davam edərək bildirib ki, Cəlil Məmmədquluzadə bir neçə dəfə Lənkəranda olub, oxucuları ilə görüşüb. Yaşlı nəslin nümayəndələri görkəmli mütəfəkkirin Lənkərana gəlişini illər keçəndən sonra da xatırlayırdılar. O, hər gəlişində Musa Nurullayev, İsmayıl və Nəsrulla Qənbərov qardaşları ilə şəxsən görüşüb, onların evində qonaq olub. N.Qənbərov Mirzə Cəlilin onlarda olmasını zaman keçsə də, unutmamışdı. “Həmin gün sanki ailədə toy-bayram olardı, - deyə danışardı. - Hər dəfə də hörmətli qonağın istəyi ilə zəfəranlı plov hazırlanardı. Milli talış xörəyi Mirzə Cəlilin xoşuna gəldiyi yemək növlərindən idi.”
Etibar Əhədov sonda C.Məmmədquluzadənin təşəbbüsü ilə 1926-cı ildə Lənkəranda ədəbiyyat cəmiyyətinin nəzdində “Canlı qəzet” deyilən cəmiyyətin təşkil olunduğunu, sonralar ədibin Lənkərana növbəti gəlişinin 1927-ci il sentyabrın 24-nə təsadüf etdiyini, bir gün sonra burada keçirilən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin beşinci çağırış ikinci sessiyasında çıxış edib xalq maarifi, fanatizmlə mübarizə yolları, torpağın zəhmətkeşlərə məxsus olması və s. məsələlərə münasibət bildirdiyini, yoxsullarla varlılar arasında gedən mübarizədə, ilk növbədə, xalqı mövhumatdan uzaqlaşdırmağın ən zəruri məsələ olduğunu söyləyib.
Sonra Mərkəzin əməkdaşı Nəzrin Əlizadənin “Molla Nəsrəddin”in lənkəranlı müxbirlərinin yazılarının əsas xüsusiyyətləri” mövzusunda çıxışı maraqla qarşılanıb.
Tədbirdə iştirak edən ağsaqqal ziyalılardan Yaşar Məmmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Əlirza Əliyev kitab barədə mülahizələrini söyləyib, fikirlərini bölüşüblər.
“Molla Nəsrəddin” ənənələrini regionda yaşadan şairlərdən Tofiq Həsənli və Əhməd Haqsevər yeni şeirlərini ifa ediblər.
Mövzu ilə əlaqədar Lənkəran Dövlət Universitetinin tələbəsi Arzu Hadıyeva, filoloq-şair Ziya Dilsuz, Mərkəzin əməkdaşlarından Fəranə Mikayılova, Ağamir Cavad, Mayis Cəfərov və İltifat Əhmədovu maraqlandıran suallar cavablandırılıb.
Elmi seminarı yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev yazıçı-publisist Etibar Əhədova, qonaqlara və iştirakçıların hər birinə minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.