Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

30.09.2024 14:35
  • A-
  • A
  • A+

Professor İdris Abbasovun “Qızıl tədqiqatlar seriyası”ndan iki mühüm kitabı çap olunub

Professor İdris Abbasovun “Qızıl tədqiqatlar seriyası”ndan iki mühüm kitabı çap olunub

AMEA-nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun Nə­zə­ri dil­çi­lik şöbə­si­nin müdi­ri fi­lo­lo­gi­ya elmləri dok­to­ru, professor İd­ris Ab­ba­so­vun bu günlərdə “Qızıl tədqiqatlar seriyası”ndan iki kitabı işıq üzü görüb.

Birinci kitab “Silvestr de Sasinin Ümumi qrammatikanın prinsipləri və Pyer Amede Joberin Türk di­li­ qrammatikasının əsasları: fransız dilindən tərcümə, nəzəri və müqayisəli dilçilik müstəvisində tədqiqat və şərh” adlanır. Nəzəri və müqayisəli linqvistika, türko­lo­gi­ya, romanşünaslıq və Azərbay­can dil­çi­li­yi üçün xüsu­si önəm daşıyan bu tədqiqat işi müəllifin intensiv əməyinin, əzm və fədakarlığının məhsuludur. 

Bu dəfə müəllif dilimizin qrammatikasına dair şərqşü­na­s, dilçi və tərcü­mə­çi­ Pyer Amede Jober tərəfindən 200 il bundan əvvəl Parisdə qələmə alınmış “Türk dili qrammatikasının əsasları” (1823, II nəşr 1833) və dünyaca məşhur fransız dilçisi və şərqşünası, Asiya Cəmiyyətinin qurucusu, bir çox dünya şöhrətli elm xadimlərinin, o cümlədən müqayisəli dilçiliyin banisi Frans Boppun və nəhayət, Amede Joberin müəllimi Antuan Silvestr de Sasinin “Ümumi qrammatikanın prinsipləri” (1799, II nəşr 1803) əsərlərini fransız dilindən Azərbaycan dilinə çevirmiş, onları ümumi dilçilik müstəvisində müfəssəl tədqiqat və şərhlərlə zənginləşdirmişdir. 

Amedye Joberin məlum kitabı, əsasən, dilçidən əv­­vəl, onun ya­şa­dı­ğı dövrdə və ondan sonra müxtəlif dillərdə qələmə alınmış fun­da­­men­­tal əsər­lər­lə müqa­yi­sə edi­lə­rək təd­­­qi­qat ma­­­hiy­­­yət­­li ori­jinal və mü­­­fəs­səl şərh­lər­lə Azər­­bay­­can di­li­ndə təqdim edi­lir. Burada ən müxtə­lif mən­bə­lə­rə baş vu­ru­la­raq hər iki ali­­min Qərb şərqşünaslığındakı və müa­sir dünya dil­çi­li­yin­də­ki la­­yiq­­li mövqe­yi müəy­yən­­ləş­­di­­ri­­lir. Əsərdə Silvestr de Sasi və Amede Joberdən başqa bir çox Avropa dilçi-alimlərinin, o cümlədən Postel Qiyom, Nikola Boze, Antuan Arno və Klod Lanslo, Abel Remüza və onlarla digərlərinin müasir dilçilik baxımından xüsusi aktuallıq kəsb edən ideyaları və linqvistik töhfələri araşdırılır. Həmyerlimiz dahi Mirzə Kazımbəy özünün dünyaca məşhur olan “Türk-tatar dilinin ümumi qrammatikası” (Azərbaycan dilinin ilk elmi qrammatikası) əsərini məhz fransız dilçisi Amede Joberin məlum kitabı əsasında yazmışdır. Rəyçi və ön sözün müəllifi Əməkdar elm xadimi akademik Nizami Cəfərov, elmi redaktor filologiya elmləri doktoru Günel Bayramova, redaktorlar filologiya üzrə fəlsəfə doktoru Elnurə Abbasova və ADU-nun Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Xədicə Əyyubovadır.

Dərin məzmunlu və əhatəli monoqrafiya elmi sanbalı, linqvistik məziyyətləri və filoloji siqləti ilə nadir örnəklərdəndir. Zən­gin linq­vis­tik-fi­lo­lo­ji fakt­la­r təqdim edən bu möhtəşəm əsər dəyər­li təd­­qi­qat­lar üçün əvəz­siz məxəzdir. On­­dan ümumi dilçilik və Türk-Azər­baycan dili mütəxəssisləri, şərqşünaslar, dil nə­zə­riy­­yə­­çi­­lə­­ri, romanşünaslar, kom­­­pa­ra­ti­vist­lər,  bir sözlə, ən müxtə­lif pro­­­fil­­li­ dil­çi-fi­lo­­loq­­lar, təd­qi­qat­çı­lar, müəl­­lim-pe­da­qoq­lar ­fay­da­la­na bi­lər­lər.

İkinci kitab “Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-­Royal qrammatikası”dır. XVII əsrdə Fransada universal dil layihələri dilçilik tarixinin və dil fəlsəfəsinin anlaşılmasına böyük töhfələr vermişdir. Por-Royal qrammatik konsepsiyası ümumi və rasional dil ideyasını şərtləndirən bir sistem kimi XVII əsr rasionalizminin mürəkkəb mən­zərəsində aparıcı xətt, hərəkətverici impuls olmuşdur. Por-Royal qrammatikası qədim linqvistik ideyaları müasir linqvistik  tədqiqat nəzəriyyələri ilə əlaqələndirən mühüm mənbədir.

Sonrakı əsrlərdə dilçilikdə elmi inqilablar üçün münbit zəmin hazırlamış bu  konsepsiya rasiona­lizmin nəzəriyyədən metoda çevrilməsi şəklində təzahür etmişdir. Por-Royal qrammatikasına həsr olunmuş bu əsər Azərbaycan romanşünaslığına qiymətli töhfədir. Kitabda fundamental mənbələrə istinadən “Ümumi və rasional Por-Royal qrammatikası”nın elmi məziyyətlərindən bəhs olunur, əsərin dünya dilçiliyindəki layiqli yeri müəyyənləşdirilir. Klod Lanslo və Antuan Arno tərəfindən qələmə alınmış “Ümumi və rasional Por-Royal qrammatikası” (1660) və Şarl Düklonun həmin qrammatikaya yazdığı şərhlər ilk dəfə olaraq fransız dilindən Azərbaycan dilinə tərcümə olunaraq monoqrafiyaya daxil edilir.

3 bölüm, 31 fəsil və 15 yarımfəsildən ibarət olan monoqrafiyanın müqəddiməsində müəllifin bəzi zəruri qeydləri, mülahizə və müddəaları öz əksini tapır, ümumi qrammatika – törədici qrammatika əlaqələri araşdırılır, ümumi qrammatikanın koqnitiv-semantik iyerarxiyasında cümlənin strukturu və tranzitivlik məsələlərindən bəhs olunur.

“Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-­Royal qrammatikası” adlı 7 fəsildən və 4 yarımfəsildən ibarət birinci bölümdə əhatəli tədqiqatlar aparılır, orta əsr və İntibah dövrü Avropasında universal dil layihələrinin maraqlı nümunələri diqqətə çatdırılır. Bu monumental əsər romanşünaslar üçün qiymətli məxəzdir. Ondan ümumi dilçilik mütəxəssisləri, dil nəzəriyyəçiləri, müxtəlif profilli dilçi-filoloqlar istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: