Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.10.2024 14:55
  • A-
  • A
  • A+

Dissertasiya mövzuları müəyyənləşdirilərkən ölkənin milli maraqları, elmin nəzəri-metodoloji prinsipləri və müasir dünyanın çağırışları vəhdətdə nəzərə alınmalıdır

Dissertasiya mövzuları müəyyənləşdirilərkən ölkənin milli maraqları, elmin nəzəri-metodoloji prinsipləri və müasir dünyanın çağırışları vəhdətdə nəzərə alınmalıdır

Oktyabrın 2-də AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında 2024-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri bildirib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü əsasında keçirilən bu tədbirin əsas məqsədi Akademiyada doktorantura və dissertanturaya qəbul prosesini mövcud qanunvericiliyin tələblərinə uyğun vaxtında və müvəffəqiyyətlə yekunlaşdırmaq, xüsusilə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzularının elmin nəzəri-metodoloji prinsiplərinə, müasir dünyanın çağırışlarına və ölkənin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji tələblərinə uyğun şəkildə müəyyənləşdirilməsinin təmin edilməsidir.

S.Xavəri qeyd edib ki, elmi müəssisələrdə doktorantura və dissertanturaya qəbul ediləcək iddiaçılar müəyyənləşdirilərkən fəlsəfə doktoru hazırlığı üzrə iddiaçıların qəbul imtahanlarında topladığı balları, xüsusən ixtisas fənnindən qiymətləri, çap edilmiş elmi əsərləri, elmlər doktoru hazırlığı üzrə iddiaçıların seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyətləri, fundamental tədqiqatlar sahəsində peşəkar bacarıqları, yüksək impakt faktorlu jurnallarda məqalələri, akademik dil bilikləri, müsabiqə prosesində müəyyənləşən fərdi intellektual keyfiyyətləri və s. fərqləndirici amillər nəzərə alınmalıdır.

Müşavirədə toxunulan digər mühüm məsələ dissertasiya mövzuları ilə bağlı olub. Bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 25 sentyabr 2024-cü il tarixində sərəncam imzalayıb, sənəddə 2024-cü il üzrə AMEA-da dissertasiya mövzularının müəyyənləşdirilməsi üçün bir sıra meyar və prinsiplər müəyyənləşdirilib, son iki il ərzində həyata keçirilən çoxşaxəli islahatların və yeniləşmə proseslərinin elmi-nəzəri, sosial-mədəni, ideoloji və s. istiqamətlərinin nəzərə alınması tövsiyə edilib. Mövzuların müəyyənləşdirilməsində müvafiq elm sahəsinə və ixtisasa uyğunluq, elmi problemin nəzəri-metodoloji baxımdan elmi prinsiplərə, ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji inkişafı ilə şərtlənən aktuallıq, müasirlik və əhəmiyyətlilik meyarlarına cavab verməsi, bəşəri dəyərlər və dünyanın müasir çağırışları ilə səsləşməsi, fənlərarası, multidisiplinar və transdisiplinar tədqiqatlara üstünlük verilməsi, humanitar və ictimai elmlər sahəsində aparılan araşdırmalarda süni intellekt, rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kimi məsələlərin əsas götürülməsi də nəzərdə tutulub.

Hazırda AMEA-da doktorantura təhsilinin ictimai və humanitar elm sahələrini və həmin elm sahələrinə aid ixtisasları əhatə etdiyini diqqətə çatdıran S.Xavəri dünyada və regionda geosiyasi və iqtisadi arxitektonikanın müəyyənləşməsində Azərbaycanın əsas faktora çevrildiyi müasir şəraitdə tədqiqatların prioritetlərinin “Güclü Azərbaycan Konsepsiyası”nın elmi əsaslarının hazırlanmasına, dövlətin əsas ideologiyası olan Azərbaycançılıq məfkurəsinin tarixi təkamül proseslərinin, elmi-nəzəri əsaslarının öyrənilməsinə, yeni milli ideya axtarışlarına yönəldilməsinin zəruriliyindən bəhs edib.

Sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdir müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov AMEA-da 2024-cü il üçün qəbul imtahanının nəticələri ilə bağlı bir sıra statistik göstəriciləri diqqətə çatdırıb. O bildirib ki, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların qəbulu prosesində, həmçinin mövzularının və elmi rəhbərlərinin (elmi məsləhətçilərinin) müəyyənləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”nin tələbləri əsas götürülməlidir.

İclasda Elm və təhsil şöbəsinin əməkdaşları, elmi müəssisələrin təhsil şöbələrinin müdirləri, digər aidiyyəti şəxslər iştirak edib, doktoranturaya qəbul, əlavə qəbul, mövzuların və elmi rəhbərlərin müəyyənləşdirilməsi və s. məsələlər qarşılıqla fikir mübadiləsi şəraitində müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: