Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbirdə bədii hissə təqdim edilib.
Sonra açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar kitab sərgisi ənənəvi layihəsinin kitabsevərlər üçün böyük bayram olduğunu qeyd edərək, kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini vurğulayıb. Yazıçı beynəlxalq sərginin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edildiyini deyib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli sərgidə jurnalistlərə müsahibə verib. Akademiyanın elmi müəssisə və təşkilatlarının da beynəlxalq kitab sərgisində iştirak etdiyi bildirib, elm və mədəniyyətimizin təbliği istiqamətində sərginin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Qeyd edək ki, X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyası öz stendi və nəşrləri ilə təmsil olunur.
6 gün davam edəcək sərgidə AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən cari ildə çap olunmuş elmi əsərlər, xüsusilə “Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi” çərçivəsində nəşr edilən kitablar, monoqrafiyalar, Qarabağ və İrəvan tarixindən bəhs edən araşdırmalara dair nəşrlər, çoxcildliklər, elmi jurnallar AMEA-nın stendini ziyarət edən qonaqlara təqdim ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.