Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 129-cu ildönümünə həsr olunan “Sergey Yeseninin Azərbaycandakı dünənki, bugünkü və gələcəkdəki dostları” mövzusunda ədəbi-musiqili tədbir keçirilib.
Tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, Azərbaycanın Rus İcmasının rəhbər heyəti, Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları, eləcə də elm və mədəniyyət xadimləri, ədəbiyyatşünaslar iştirak ediblər.
Ədəbi-musiqili tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov Sergey Yeseninin yalnız rus ədəbiyyatının təmsilçisi olmadığını, onun öz əsərləri ilə dünya ədəbiyyatında əbədi izlər qoyduğunu söyləyib. Qeyd edib ki, XX əsr rus poeziyasının sevilən şairlərindən olan Sergey Yesenin yaşadığı qısa ömür içərisində zəngin irs yarada bilib və onun bir sıra şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub.
Şairin yaradıcılığının Bakı dövrü haqqında məlumat verən akademik Rafael Hüseynov ədibin Mərdəkan qəsəbəsində yaşadığını və Bakıya olan sevgisinin şeirlərində əksini tapdığını vurğulayıb. O, Sergey Yeseninin tanınmış Azərbaycan şairləri, eləcə də görkəmli xanəndə Cabbar Qaryağdı oğlu ilə görüşlərindən də bəhs edib.
Akademik Rafael Hüseynov böyük rus şairinin xatirəsini əbədiləşdirmək məqsədilə 1975-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Mərdəkanda, bir zamanlar şairin yaşadığı mənzildə Sergey Yeseninin ev-muzeyinin yaradıldığını xatırladıb. O, Azərbaycan və Rusiya ədəbi əlaqələrinin genişləndirilməsi çərçivəsində 2008-ci ildə həmin ev-muzeyinin Sergey Yeseninin adını daşıyan Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinə çevrildiyini bildirib. Mərkəz tərəfindən şairin poetik irsinin təbliği istiqamətində mühüm işlərin görüldüyünü söyləyən direktor mərkəzin iki ölkə arasında elmi, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsində də mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra o, “Həmişə Bakıda və Azərbaycanda” mövzusunda məruzəsini təqdim edib. Akademik Rafael Hüseynov qeyd edib ki, Sergey Yesenin çoxdan rus ədəbiyyatının təmsilçisi olmaq çərçivəsindən kənara çıxıb. O, həm də Azərbaycan şairidir. Ədibin yaradıcılığının ruhu, məzmunu və mahiyyəti Azərbaycan şeirinin ruhu ilə çox uyğundur.
"Bakıya üç dəfə səfər edən şairin qısa ömrü müxtəlif maraqlı, bəzən ağır və mistik hadisələrlə zəngin olub", - deyə bildirən məruzəçi bakılıların Yesenini qəlbən sevdiyini və onun yolunu intizarla gözlədiyini vurğulayıb. O, Yeseninin Azərbaycanda yazdığı şeirlərinin onun poeziyasının ən qiymətli əsərləri olduğunu söyləyib.
Çıxışının sonunda akademik Rafael Hüseynov gələn il 130 illiyi tamam olacaq şairin yubileyinin Azərbaycanda poeziya və sənət bayramına çevriləcəyini, böyük təntənə ilə qeyd olunacağını bildirib, Yeseninin "Əlvida, Bakı" şeirini öz tərcüməsində səsləndirib.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin şöbə müdiri Natalya Nenaşev çıxış edərək şairin həyat və yaradıcılığına dair fikirlərini bölüşüblər.
Sonra Xəzər Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor İsaxan İsaxanlı “Sergey Yeseninin həyat və yaradıcılığında “Bakı dövrü”nün yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının "qızıl dövrü" adlandırırlar.
Professor İsaxan İsaxanlı 1924-1926-cı illərdə şairin 51 əsərinin (48 şeir və 3 poema) Bakı mətbuatında dərc edildiyini diqqətə çatdırıb. Bildirib ki, onlardan 50-si (47 şeir və 3 poema) "Bakinski raboçi" qəzetində işıq üzü görüb.
Tədbirdə, həmçinin yazıçı-publisist Reyhan Mirzəzadənin “Sergey Yesenin poeziyanın müəllimi kimi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla Vəzirovanın “Sergey Yesenin və Azərbaycan” və Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Natəvan Mustafayevanın “Sergey Yesenin adına filialın tarixi” adlı məruzələri dinlənilib.
Bundan başqa, Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin ekspozisiyasını əks etdirən videoçarx nümayiş olunub, şairin yaradıcılığına həsr edilmiş musiqi nömrələri və qiraət nümunələri səsləndirilib.
Ədəbi-musiqili tədbir çərçivəsində Sergey Yeseninə həsr olunmuş sərgi də təşkil olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.