Sentyabrın 30-da Bakıdakı Rus Evində Rüstəm Hüseynovun Azərbaycanda müsəlman qadınlar üçün ilk dünyəvi qızlar məktəbinə həsr olunmuş sərgisi və mühazirəsi baş tutub.
Tədqiqatçı Rüstəm Hüseynov qızlar üçün ilk dünyəvi məktəbin yaradılmasının təfərrüatları, ictimaiyyətin reaksiyası və təzyiqləri, ilk müəllimlərin tapılması ilə bağlı çətinliklər, məktəbin yaradılmasını pozmaq cəhdləri, kollektivin və qəyyumların hansı yollarla çıxış etməsindən ətraflı danışıb. Öz dövrünün ən yaxşı məktəbləri arasında nüfuz və yer qazanan məktəbin təkcə Azərbaycanda deyil, o dövrün Yaxın və Orta Şərqdə müsəlman qızları üçün ilk dünyəvi təhsil ocağı olduğunu deyib.
Bildirib ki, Hacı Zeynalabdin Tağıyevin, Həsən-bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə Kazandan xüsusi dəvət olunmuş qadın müəllimlər kollektivi tərəfindən yaradılan bu məktəb Azərbaycanda dünyəvi qadın təhsilinin başlanğıcını qoyub. Memar İosif Qoslavskinin rəhbərliyi ilə tikilmiş, dövrün ən son texnologiyası ilə təchiz edilmiş, mükəmməl kitabxanası, güclü pedaqoji kollektivi olan məktəbdə teatr, xor, ədəbiyyat dərnəyi var idi. Bu məktəbi bitirən qızlar Azərbaycanda ilk qadın müəllimlərin əsasını təşkil edirdilər. Məzunların bir çoxu məktəbi bitirdikdən sonra təhsillərini davam etdirdilər.
Mühazirəyə gələn qonaqlara məktəbin, onun kollektivinin, tədris proseslərinin, buraxılış fotolarından ibarət nadir arxiv fotoşəkillərindən ibarət sərgi təqdim olunub. Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşovun şagirdlərlə birgə məktəbin ilk buraxılış mərasimindən çəkilmiş fotoşəkillər, məktəbin təlim-tərbiyə prosesləri və həyatına aid kadrlar tamaşaçıların böyük marağına səbəb olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.