Bu günlərdə Bakıda dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Beynəlxalq Kitab Sərgisi keçirilir. Hər il keçirilən kitab sərgisi çərçivəsində şəhərimizdə müxtəlif ölkələrdən gələn qonaqlar da iştirak edir. Bu münasibətlə ölkəmizdə olan Gürcüstan Milli Parlament Kitabxanasının Baş direktoru professor Konstantin Qamsaxurdiya və Macarıstanın Seçenyi adına Milli Kitabxanasının Baş direktor müavini Yudit Gerenser Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qonaq olublar.
Muzeyin ekspozisiyası ilə tanış olaraq heyranlıqlarını ifadə edən qonaqlar daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla görüşüblər.
Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisi kimi mötəbər tədbirlərin həm ədəbiyyatlar, mədəniyyətlər, həm də xalqlar və ölkələr arasında əlaqələrin inkişafına müsbət təsir göstərdiyini vurğulayan Rafael Hüseynov Azərbaycanın istər Gürcüstan, istərsə də Macarıstanla mövcud olan xoş münasibət və iş birliyinin belə tədbirlərin yaratdığı yaxınlaşmalar nəticəsində yeni impuls qazandığını söyləyib.
Görkəmli gürcü yazıçısı, akademik Konstantin Qamsaxurdiyanın adaşı və nəvəsi olan Gürcüstan Milli Parlament Kitabxanasının Baş direktoru Azərbaycan və gürcü ədəbiyyatları, mədəniyyətləri arasındakı tarixi əlaqələrin bu gün yeni səviyyədə davam etdirilməsi üçün rəhbəri olduğu kitabxana və Nizami muzeyi ilə əməkdaşlığın geniş imkanlar vəd etdiyini qeyd edib. O, babasının əsərlərinin külliyyatını da ən qısa zamanda muzeyə göndərəcəyini bildirərək orta əsrlər gürcü mədəniyyəti ilə bağlı monoqrafiyasını akademik Rafael Hüseynova hədiyyə edib. Rafael Hüseynov da həm Nizami Muzeyinin, həm də özünün ingilis və rus dillərində olan yeni kitablarını professor Konstantin Qamsaxurdiyaya bağışlayıb.
Akademik Rafael Hüseynov görkəmli macar şairi Şandor Retefinin Bakıda buraxılmış, ön sözünün müəllifi və bu nəşrdəki şeirlərin tərcüməçilərindən biri ona mənsub olduğu “Azadlıq və sevgi” adlı kitabı Macarıstanın Seçenyi adına Milli Kitabxanasının Baş direktor müavini xanım Yudit Gerenserə təqdim edərək bildirib ki, bu məcmuədə müxtəlif dövr Azərbaycan şairlərinin çevirmələri toplanıb.
Akademik diqqətə çatdırıb ki, təqribən XX yüzilin ortalarından bəri yeni-yeni Azərbaycan şairlərinin Petöfi yaradıcılığından tərcümələr etməsi, onun müəyyən şeirlərin 5-6 müxtəlif çevirmələrdə varlığı ölməz macar şairinin yaradıcılığına ölkəmizdəki daimi marağın göstəricisidir.
Macarıstan Milli Kitabxanasının Baş direktor müavini macar ədəbiyyatına belə həssas münasibətə və Şandor Retöfiyə həsr edilən bu nəşrə görə təşəkkürünü bildirib, həmçinin Budapeştə qayıdınca Bakıda buraxılmış “Azadlıq və sevgi” kitabının Macarıstan Milli Kitabxanasının fonduna salınacağını söyləyib.
Həm Macarıstanın Seçenyi adına Milli Kitabxanasının Baş direktor müavini Yudit Gerenser, həm də Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru, professor Konstantin Qamsaxurdiya Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə davamlı əlaqələrdə maraqlı olduqlarını bildiriblər və gələcək əməkdaşlığın perspektivləri, müştərək layihələr haqqında fikir mübadiləsi aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.