Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.10.2024 14:43
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri Elmi şurasının sədr müavini, akademik Teymur Kərimli açaraq gündəlikdə yer alan məsələlərlə iştirakçıları tanış edib.

Əvvəlcə elmi və elmi-təşkilati məsələlər bölmə üzvlərini müzakirəsinə təqdim edilib. Qeyd olunub ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycan bədii mədəniyyəti ilə yanaşı, Türk dünyası incəsənətinə dair sanballı tədqiqatlar aparılır. Bu istiqamətdə sənətşünas alimlər tərəfindən AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın “Musiqi türkologiyası” (2003), AMEA-nın müxbir üzvü İnqilab Kərimovun “Azərbaycan-Türkiyə teatr əlaqələri” (2010), AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Türkoloji sənətşünaslıq: problemlər və metodlar” (2016) monoqrafiyaları, digər müəlliflərin onlarla məqalələri dərc edilib. 2011-ci ildən bugünədək Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda 4 beynəlxalq elmi konfrans keçirilib, bu tədbirlərdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiyanın bir çox nüfuzlu alimlərinin elmi məruzələri dinlənilib.

Türkdilli dövlətlər arasında çoxəsrlik qarşılıqlı əlaqələr, bədii üslub oxşarlığı, həmçinin müasir dövr elmi və mədəni münasibətləri genişmiqyaslı sənət əsərlərinin, memarlıq nümunələrinin, tarixi-nəzəri materialların meydana çıxmasına səbəb olub. Onların sistemli şəkildə araşdırılması, təhlili, eyni zamanda təsnifatının aparılması, sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsaslarının hazırlanması AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Türk sənəti tarixi və mədəni irsi şöbəsinin yaradılması zərurətini meydana çıxarıb. Bölmə üzvlərinin yekdilliklə səsverməsi nəticəsində institutun daxili imkanları və mövcud ştat vahidi nəzərə alınmaqla Türk sənəti tarixi və mədəni irsi şöbəsinin yaradılması haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə müvafiq namizədin təyin olunması məsələsinə baxılıb. İnstitutun elmi, təşkilati və ictimai həyatında səmərəli fəaliyyəti nəzərə alınmaqla sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Atif oğlu Zeynalovun  həmin vəzifəyə təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov 10 monoqrafiya, 20-dən artıq tədris proqramı, 250-dən çox elmi məqalənin müəllifidir. Respublika və beynəlxalq miqyaslı tədbirlədə Azərbaycan sənətşünaslıq elmini müvəffəqiyyətlə təmsil edib. 2000-ci ildə “Azərbaycan-gürcü bədii əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2005-ci ildə dosent elmi adına layiq görülüb. “Azərbaycan-rus təsviri sənət əlaqələri (üslub və məzmunun tarixi inkişafı kontekstində)” mövzusunda doktorluq dissertasiyası müdafiə ərəfəsindədir. O, 2010-cu ildən AMEA-nın Memarlıq və İnsənət İnstitutunun “Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika” şöbəsində böyük elmi işçi, 2014-cü ildən direktorun ümumi işlər üzrə müavini, 2017-ci ildən bugünədək icraçı direktor vəzifələrində çalışıb.

HEB-in Elmi şurasında bir sıra kadr məsələlərinə baxılıb. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının vəsatətinə əsasən, filologiya elmləri doktoru, professor Məhərrəm Paşa oğlu Qasımlı Şifahi xalq ədəbiyyatı və yazılı abidələr, filologiya elmləri doktoru, professor Asif Heydər oğlu Rüstəmli XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı, filologiya elmləri doktoru, professor Vüqar Mikayıl oğlu Əhməd Mətbuat tarixi və publisistika, filologiya elmləri doktoru, professor İslam Eynəli oğlu Qəribov Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı, filologiya elmləri doktoru, dosent Elnarə Seydulla qızı Akimova Uşaq ədəbiyyatı, filologiya elmləri doktoru Rəhim Nadir oğlu Əliyev Cənubi Azərbaycan ədəbiyyatı şöbələrinin müdiri vəzifəsinə təsdiq edilib. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun müvafiq şöbələrində çalışan bir sıra əməkdaşın aparıcı və baş elmi işçi vəzifələrinə təsdiq olunması haqqında qərarlar qəbul edilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xüsusi xidmətləri olmuş İmadəddin Nəsiminin 655, Məhəmməd Füzulinin 530, Qasım bəy Zakirin 240, Mirzə Şəfi Vazehin 230, Aşıq Veysəlin 130, Nəbi Xəzrinin 100, eləcə də Məhtimqulu Fəraqinin 300, Qazi Bürhanəddinin 680, Əta Tərzibaşının 100 illiyinin nəzərə alınması üçün humanitar yönümlü elmi müəssisələrin rəhbərlərinə tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: