Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi tarix elmləri doktoru Anton Anoykin, Dağıstan Federal Araşdırma Mərkəzinin Geologiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru İdris İdrisov, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli Paleolit dövrü abidələrinin aşkar olunması və tədqiqi məqsədilə Naxçıvana gəliblər.
AMEA Naxçıvan Bölməsində olan qonaqlar bölmənin sədri akademik İsmayıl Hacıyevlə görüşüblər. Görüş zamanı Qazma mağarası və ətraf ərazilərdə aparılması nəzərdə tutulan arxeoloji kəşfiyyat araşdırmaları barədə fikir mübadiləsi aparılıb. Ekspedisiya üzvləri Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsində saxlanılan arxeoloji materiallarla tanış olublar.
Daha sonra Arxeologiya və Etnoqrafiya Muzeyində olan qonaqlar muzeyin ekspozisiyasına daxil olan arxeoloji tapıntılar barədə məlumat alıblar.
Paleolit dövrü üzrə mütəxəssis Azad Zeynalov görüşdən sonra üzvü olduğu beynəlxalq ekspedisiyanın ümumi fəaliyyəti barədə müsahibə verib.
Alim bildirib ki, Azərbaycan və rus alimlərinin birgə iştirakı ilə Xəzər ətrafı ölkələrdə Paleolit abidələrinin tədqiqi məqsədilə beynəlxalq layihə həyata keçirilir. Layihə iştiakçıları 2005-ci ildən başlayaraq Azərbaycanda araşdırma aparırlar. Müəyyən fasilədən sonra həmin tədqiqatlar yenidən davam etdirilir.
Ekspedisiya 2021-2023-cü illərdə Qazaxıstan, Dağıstan və Azərbaycanda Qədim daş dövrü abidələrini araşdırıb. 2022-ci ildə ekspedisiya üzvlərinin Qazma mağarasından xüsusi qaydada götürdükləri çöküntü nümunələri Danimarkanın Orhus Universitetində laborator analiz olunub. Hələlik Qazma mağarası Naxçıvanda bugünədək aşkar olunmuş yeganə Paleolit abidəsidir. Abidənin qədimliyi və Naxçıvanın əlverişli coğrafi mövqeyi bölgədə həmin dövrə aid başqa abidələrin də olduğuna inam yaradır. Xüsusilə mağara tipli məkanlarda aparılan axtarışlar nəticəsində yeni abidə aşkarlanması Azərbaycan, eləcə də dünya arxeologiya elmi üçün mühüm irəliləyiş olar.
Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi AMEA Naxçıvan Bölməsinin uzun illərdir əməkdaşlıq etdiyi elmi-tədqiqat müəssisələrindən biridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.